Gəncədəki möhtəşəm Heydər Əliyev Mərkəzi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

 

Heydər Əliyev Mərkəzi Gəncənin möhtəşəm binalarındandır. Təməli 2012-ci ildə qoyulan və 2014-cü il yanvarın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bu tikili şəhərsalma memarlığının ən son nailiyyətlərini özündə əks etdirir. Binanın fasadı böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri və perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Dördmərtəbəli binanın dam örtüyündə Azərbaycan xəritəsini əks etdirən çilçıraq quraşdırılıb.

Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ulu öndərin keçdiyi şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Burada Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Muzeydə ümummilli liderin müxtəlif illərdə Gəncə şəhərinə tarixi səfərləri geniş yer alıb. Muzeyin guşələrində Gəncənin son illərdə keçdiyi sosial-iqtisadi inkişaf yolundan, Prezident İlham Əliyevin qədim Nizami yurduna göstərdiyi diqqət və qayğıdan bəhs edən nümunələrə geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir. Muzeyin ekspozisiyasında filmləri izləmək üçün xüsusi ekran quraşdırılmışdır.

Mərkəzdə kitabxana, elektron kitabxana, xarici dil kursları, “IDEA” İctimai Birliyinin resurs mərkəzi, videokonfrans salonu, konfrans zalı, xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi, 10 D sinema fəaliyyət göstərir.

Qeyd edək ki, istifadəyə verildiyi vaxtdan ən mötəbər tədbirlər məhz bu mərkəzdə keçirilir. Mərkəzdə Prezident Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda keçirilən regional konfrans, həmçinin Memarlar İttifaqı İdarə Heyətinin plenumu da maraqla qarşılanmışdır.

Mərkəzdə “Neonatologiyanın son nailiyyətləri” mövzusunda keçirilən ikigünlük beynəlxalq konfransda Azərbaycanın tanınmış həkimləri ilə yanaşı, Türkiyənin EGE Universitetinin professor və müəllimləri də maraqlı məruzələrlə çıxış etmişlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATM) birgə təşkilatçılığı ilə tarixçi alimlərin VIII Beynəlxalq Atatürk konfransında 15 ölkəni təmsil edən 130-dan çox alimin çıxışları dinlənilmiş və sonda bəyannamə qəbul edilmişdir.

Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən “Aqrar elminin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər” mövzusunda keçirilən beynəlxalq konfrans da bu baxımdan maraq doğurmuşdur. Konfransda dünyanın 16 ölkəsindən 73 alim və tədqiqatçı iştirak etmişdir.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən məşhur Nikolya Şokolad Muzeyinin eksponatlarından ibarət sərgi də maraqla qarşılanıb. Sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksəkkeyfiyyətli şokolad məmulatı, marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsm əsərləri, miniatürlər, instalyasiyakompozisiyalar nümayiş etdirilib. Sərgidə Nikolya Şokolad Muzeyinin müəllifi Nikolay Popov, onun təşəbbüskarı Leyn Andreyiştirak etmişlər.

Gəncə 2016-cı lidə Avropa Gənclər Paytaxtı seçildikdən sonra, demək olar ki, bütün mötəbər tədbirlər bu məkanda keçirilmişdir. Layihənin açılış mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, mərkəzi icra orqanlarının rəhbərləri, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin üzvləri, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurası, xarici ölkələrin səfirləri, BMT-nin İnkişaf Proqramının strateji tərəfdaşlıq üzrə müşaviribaşqa rəsmi qonaqlar ulu öndərin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət etmişlər.

“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forumda 300 nəfərdən artıq gənc iştirak etmişdir.

Mərkəzdə “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin iştirakı ilə keçirilən dördgünlük beynəlxalq forum da yaddaqalan olmuşdur. Ötən ilin dekabr ayında “Nizamidünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans da burada keçirilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin iştirak etdikləri konfransdaNizami yurdu - qədim Gəncə” adlı təsviri sənət əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Konfrans iştirakçılarından olan Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin, Latviya Respublikasının sabiq prezidenti Vayra Vike-Freyberqa Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri doktorları seçilmişlər.

Gəncədəki Heydər Əliyev Mərkəzini dünyanın görkəmli dövlət xadimləri, tanınmış mədəniyyət və incəsənət xadimləri də maraqla ziyarət etmiş, bu möhtəşəm abidənin qarşısında ucaldılmış Heydər Əliyev heykəlinin önünə gül dəstələri qoymuşlar. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi, Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov mərkəzlə tanışlıqdan sonra buranın çox möhtəşəm, füsunkar və cəlbedici olduğunu bildirərək mərkəzin xatirə kitabına ürək sözlərini yazmışlar.

Fransanın Mulus şəhərinin meri Jan Rotner, Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Gəncəyə səfərləri çərçivəsində Heydər Əliyev Mərkəzində olarkən heyranlıqlarını bildirmişlər.

Gəncə Heydər Əliyev Mərkəzini ziyarət edənlər arasında qardaş Türkiyə Respublikasından da görkəmli şəxslər olmuşdur. Ərzurum Kalkınma Vakfinin başqanı Erdal Güzelonun rəhbərlik etdiyi nümayəndə heyəti qədim Nizami yurduna səfərləri çərçivəsində mərkəzi ziyarət etmiş, ətrafındakı park-komplekslə yaxından tanış olmuşlar. Türkiyə Respublikasının quru qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak da Heydər Əliyev Mərkəzində olarkən məmnunluğunu bildirmişdir.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 8 mart.- S.10.