Abidələşən şəhid ömürləri

 

Bu gün respublikamızın elə bir kəndi, rayonu və şəhəri tapılmaz ki, şəhidi olmasın. Al qərənfillərlə bəzənən şəhidlər xiyabanları isə artıq bütün şəhər və rayon mərkəzlərində qürur yeri kimi boy verir. Əslində, şəhidin olması özü belə vətən, torpaq uğrunda canını fəda etməyə hazır vətəndaşların mövcudluğu deməkdir. Hətta qədim türklərdə cihad edərək ağır xəsarət alan, yaralanan insanlara axan qanına işarə ilə “gülün mübarək” deyərmişlər.

Xalqımız keçən əsrin doxsanıncı illərinin əvvəlindən başlayaraq əbədi və əzəli düşmənimiz olan ermənilərlə aparılan ölüm-dirim savaşında minlərlə dəyərli oğullarını itirdi. Lakin bu, soydaşlarımızın mübarizlik əzmini qırmadı. İnsanlar tökülən qanlardan, verilən itkilərdən sonra daha da mətinləşir, qəlblərində düşmənə nifrət hissi aşıb-daşırdı.

Atəşkəs elan olunandan sonra ilk dəfə keçən ilin aprel ayında baş verən qısamüddətli Qarabağ müharibəsində vətən oğulları nəyə qadir olduqlarını bir daha təsdiqlədilər. Qazanılan möhtəşəm qələbə, düşmənin yerində oturdulması Azərbaycan ordusunun real gücünü göstərdi. Təbii ki, bu müharibə də qan-qadasız, şəhidsiz olmadı. Onlardan biri də İsmayıllı rayonunun Maçaxı kənd sakini, düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun əsgəri, 1993-cü il təvəllüdlü Mikayıl Yaqub oğlu Vahabzadədir.

Ailənin böyük oğlu olan Mikayıl Vahabzadə Sumqayıt Dövlət Universitetini bitirdikdən sonra 2015-ci ilin iyulunda İsmayıllı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Mikayılın fədakarlığı Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilərək “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin sədri Vidadi Zərbiyev bildirdi ki, şəhid Mikayıl Vahabzadənin nəşi aprelin 9-da rayona gətirildi və buradan rayon ictimaiyyətinin, məktəblilərin iştirakı ilə doğulduğu Maçaxı kəndinə aparılaraq orada dəfn edildi. O anda hər kəs Vətən uğrunda şücaət göstərməyə, döyüşdə olmağa hazır idi. Hətta müharibə veteranları, əlillər də əllərinə silah götürüb cəbhə bölgələrinə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə müraciət edirdilər.

Ümumilikdə isə Qarabağ savaşı başlanan dövrdən indiyə qədər İsmayıllının 142 şəhidi və 138 əlili var. Ölkəmizin hər yerində olduğu kimi, İsmayıllıda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Bunlar əsasən mənzillərlə və torpaq sahələri ilə təmin edilirlər. Bundan başqa, əlillərə minik avtomobilləri təqdim olunub. 19 şəhid ailəsinin mənzil təminatı müsbət həllini tapıb. Bundan başqa, 91 nəfər şəhid ailəsi həm bina, həm də fərdi mənzillərlə təmin ediliblər. Bu təbəqədən olan insanlar son 4 il ərzində daha çox diqqət və qayğı ilə əhatə olunublar. İcra hakimiyyətində bu təbəqədən olan insanların qəbul edilməsi ilə bağlı problem yoxdur. Rayon səviyyəsində onların bütün problemləri tam müsbət həllini tapır. 

Vacib məsələlərdən birison illər zərurət yaranan hallarda şəhidlərin qəbirüstü abidələrinin yeniləri ilə əvəz edilməsidir. Beləliklə də, 34 şəhid məzarının üzəri mərmərdən olmaqla dəyişdirilib. İtkin düşən şəhid Cəlal Rüstəmovun xatirəsini əbədiləşdirmək üçün şəhər ərazisində, bundan başqa, İstisu kəndində də üzərində şəhid Fərman Feyzullayevin əksi və adı, soyadı həkk olunan bulaq tikilib.

Rayonun göstərdikləri şücaətləri ilə seçilən iki Milli Qəhrəmanı da var. Bunlar Ruşan kənd sakini Mehdi Abbasov və Pirəbilqasım kəndindən Ərəstun Mahmudovdur. İsmayıllılar Azərbaycan Bayrağı Ordenli iki veteranları -  Eynulla Bağırov və Taleh  Nəcəfovla da fəxr edirlər.

Vidadi Zərbiyev deyir: “Hər il şəhidlərin xatirə günlərini həm məktəblərdə, həm də məzarları üzərinə gedərək qeyd edirik. Tez-tez Qarabağ müharibəsi iştirakçıları ilə görüşlər təşkil edilir. Belə görüşlərdən birində məktəblilərdən biri əlil dostlarımızdan olan Əlsahab Əzizovdan soruşdu ki, ayağınızı itirdiyinizə görə peşmansınızmı? Onun bu sual qarşılığında cavabı qısa oldu: “Bəli, peşmanam. Amma ayağımı itirdiyimə yox, torpağlarımızın işğal edilməsinə görə”. 

Şəhidlərin adlarının əbədiləşdirilməsi də daim diqqətdə saxlanılıb. Hazırda neçə sıra şəhidin adına küçə, məktəb, mədəniyyət evləri və klublar var.

Rayonda vətənpərvərlik hisslərinin daha da  artırılması üçün son illərin ən böyük hadisələrindən sayılan Xocalı faciəsinin əbədiləşdirilməsi üçün rayonun ən hündür yerlərindən birində “Ana harayı” abidəsi heykəlinin qoyulmasıdır. Heykəlin yanında olan mərmər lövhədə bütün İsmayıllı şəhidlərinin adları həkk olunub. Hər ilin fevral ayının 26-da Xocalı soyqırımı şəhidləri ilə yanaşı, burada digər şəhidlər də yad olunurlar.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2017.- 12 mart.- S.7.