Əbədiyyət ünvanları

 

Bu ilki qış Lerikə tez gəlib, sərt keçdi. Dağlar, dərələr örpəyə bürünmüşdü. Yollarda gediş-gəliş seyrəlmişdi. Ucqar kəndlərə nəqliyyatın hərəkəti azalmışdı. Dünya görmüş qocalar deyirlər ki, belə qış hər 50 ildən bir olur.

Qarlı günlərin birində Lerik şəhərinin “Kanalik” məhəlləsində təqaüdçü müəllim, ilk Milli Qəhrəmanlardan biri Valeh Müslümovun atası Əlizaid Sənan oğlunun görüşünə getdik. Şərq üslubunda təzə tikilmiş evin giriş qapısında bizi ailənin sonbeşiyi Şamxal qarşılayıb içəri dəvət etdi. Əlizaid müəllim ömür-gün yoldaşı Nənəgüllə Bakıda və Sumqayıtda yaşayan nəvələrinə baş çəkib xoş təəssüratla qayıtmışdı.

Söz-sözü çəkdi, söhbət Valehin orduda xidmət illərindən düşdü. Əlizaid müəllim dedi ki, oğlum Rusiyanın Primorsk diyarında xidmət etmişdi. Tərxis olunandan sonar onu hərbi hissədə saxlamaq istəmişdilər, razılıq verməmişdi. Vətənə qayıdıb Daxili İşlər Nazirliyində xüsusi təyinatlı milis dəstəsində xidmət eləmişdi. 1991-ci ildə 20 nəfərlə Qubadlıya göndərilmişdi. Dəstə Davudlu kəndini düşməndən azad edib qayıtmışdı.

Növbəti dəfə Şuşaya gedəndə Valehonun döyüşçü dostları yolda eşidirlər ki, Füzulinin Yuxarı Veysəlli kəndini ermənilər mühasirəyə alıblar. Bölük komandiri əmr verir: “Gecəni gözləyib kəndi almalıyıq”. Rayon polis şöbəsindən üç UAZ maşını göndərilir. Səhər tezdən başlanan atışma saat yarım çəkir. Valehin pulemyotu səsləndikcə ermənilər qaçmağa üz qoyurlar, kəndin əhalisi kəndə dönür.

1992-ci ildə Valeh Novruz bayramında evə gəlmişdi. Qohum-qonşularla, oxuduğu məktəbin müəllimləri ilə görüşdü, dostlarına baş çəkdi. İki gündən sonra yola saldıq. Anası onu qucaqlayıb: “Ay bala, biz səni doyunca görmədik” - dedi. Valeh ürək-dirək verdi, yenə gələcəyini söylədi.

1992-ci ilin aprelin 11-də məni səhər tezdən rayon icra hakimiyyətinə çağırdılar. Ağır xəbər verdilər. Dedilər ki, oğlunuz qəhrəmancasına həlak olub. Günorta çağı cənazəni gətirdilər. Cəbhə dostları, rayon ziyalıları, məktəblilər balamı doğulduğu torpağa tapşırdılar. Cəbhə yoldaşları mənə danışdılar ki, Ağdərənin Marquşavan kəndində gedən döyüşdə Valeh 10 nəfər yaralını təhlükəsiz yerə çıxarır. On birincini çiyninə alanda düşmən gülləsinə tuş gəlir. Onu Bərdədəki xəstəxanaya çatdırsalar da, xilas etmək mümkün olmur.

Atanın gözləri yaşardı. Qalxıb qonşu otağa keçdi. Bir qovluq gətirdi. Qəhrəman övladı haqqında sənədləri xüsusi saxlayır. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli fərmanı ilə Valeh Müslümova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi barədə vəsiqə və medal bu qovluqdadır.

Söhbətə qəhrəmanın anası Nənəgül xanım da qoşuldu. Dedi ki, hörmətli Prezident bu yaxınlarda qəhrəman Çingiz Qurbanovun ailə üzvlərini qəbul edəndə göz yaşlarımı saxlaya bilmədim. Çingizin anasına üzümü tutub deyirəm: “Bacım, başını dik tut, sən qəhrəman anasısan”.

Milli Qəhrəman Valeh Müslümovun valideynləri onlara qayğı və diqqətdən məmnunluqla danışdılar. Dedilər ki, övladları dövlət tərəfindən ev-eşiklə təmin olunublar, iş-gücləri var. Qəhrəmanın adına məktəbdə büstü qoyulub, xatirə muzeyi açılıb. Muzeydəki eksponatlar şəhidin uşaqlıq və gənclik illərini, keçdiyi döyüş yolunu əks etdirir. Haqqında sənədli povest yazılıb.

Milli Qəhrəman Valeh Müslümovun şəhidlik zirvəsinə yüksəlməsinin 25 illiyi apreldə tamam olur. Anım mərasiminə təhsil aldığı məktəbdə, idman və gənclər idarəsində hazırlıq başlanıb. Tədbirə döyüşçü dostları, həmyaşıdları, Sumqayıtda oxuduğu peşə məktəbindən nümayəndələr dəvət olunacaqlar.

Prezident İlham Əliyevin sözüdür: “Azərbaycan dövlətinin güclü əsgərləri var”. Valeh Müslümov, Mübariz İbrahimov, Çingiz Qurbanov və yüzlərlə şəhidlərimizin rəşadəti buna misaldır.

 

Həmzə VƏLİMƏMMƏDOV,

Lerik şəhəri

 

Azərbaycan. - 2017.- 12 mart.- S.7.