Ombudsman Aparatında “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri ilə görüş olub

 

Martın 14-də Ombudsman Aparatında ABŞ-ın müxtəlif ştatlarında çoxsaylı tədbirlər təşkil edən, antisemitizmə və islamofobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova qonaqlara Ombudsman Aparatı barədə məlumat verib.

Bildirib ki, Azərbaycan 1991-ci ildən müstəqil siyasət aparır. Ölkəmiz bir çox beynəlxalq sənədlərə, o cümlədən insan hüquqları sahəsində ən mühüm sənədlərdən biri olan, 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə qoşulub. Bu bəyannamədə hər hansı bir ayrı seçkiliyə yol vermədən dini, etnik və digər mənsubiyyətindən asılı olmayaraq bütün insan hüquqlarının təminatı açıq şəkildə bildirilir. “Ölkəmiz 230 beynəlxalq sənədi ratifikasiya edib, bizim milli qanunvericilik üzv olduğumuz və qəbul etdiyimiz beynəlxalq müqavilələrə uyğunlaşdırılıb”, – deyə E.Süleymanova vurğulayıb.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili qeyd edib ki, Ombudsman Aparatı müstəqil bir təsisat kimi tanınıb. Aparatın fəaliyyəti milli insan hüquqları təsisatının müstəqilliyini və onun statusunu müəyyən edir, vəzifəsi isə insan hüquqlarının yalnız müdafiəsi və təşkili deyil, onların pozulmuş hüquqlarının bərpasıdır.

Görüşdə Azərbaycandakı tolerantlıq, multikultural mühit və ailə dəyərləri, gender bərabərliyi və digər mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi və gələcək layihələr müzakirə olunub.

 

Azərbaycan.- 2017.- 15 mart.- S. 6.