“Ölkəmizi tanıyaq”: növbəti tur-aksiya 3 mindən çox məktəblini əhatə edəcək

 

Artıq dördüncü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 6 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 10255 nəfər iştirak edib.

Bu il martın 16-19 və 23-26 tarixlərini əhatə edəcək növbəti - 7-ci tur-aksiyada isə 6 istiqamət üzrə 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3393 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 14 minə yaxın olacaq.

Tur-aksiyanın marşrutunda paytaxt Bakını xüsusi qeyd etmək lazımdır. Bu gün Bakı öz inkişafı, füsunkar gözəlliyi ilə dünyanın meqapolislərindən birinə çevrilib. Bakı artıq qədimliklə müasirliyin harmoniyasının simvoludur. Əsrlərin yadigarı olan Qız qalası Bakının qədimlik, möhtəşəm Alov qüllələri, əzəmətli Dövlət Bayrağı Meydanı, dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzi Azərbaycan paytaxtının müasirlik rəmzləridir. Son illər Bakı çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Mədəniyyətlərarası dialoq, beynəlxalq humanitar forumları, idman yarışları, musiqi festivalları Bakını geniş coğrafiyada tanıdıb. Bakının adı müasir tariximizə Beynəlxalq Humanitar forumların, “Eurovision-2012” musiqi yarışmasının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, “Bakı-2015” birinci Avropa Oyunlarının, “Formula-1” Avropa Qran-prisinin, Dünya Şahmat Olimpiadasının ev sahibi kimi daxil olub. İndi isə daha bir möhtəşəm idman yarışına - IV İslam Həmrəyliyi Oyunlarına geniş hazırlıq işləri görülür. Tur-aksiya çərçivəsində Bakı şəhərinə səfər edəcək naxçıvanlı məktəblilər bu mühüm tədbirlər barədə ətraflı məlumat alacaq, Azərbaycan paytaxtının keçdiyi inkişaf yolu ilə tanış olacaq, tariximüasir yerlərə ekskursiyalar edəcəklər.

Beş minillik şəhər mədəniyyəti ənənələrinə malik olan qədim Naxçıvan Azərbaycanın, bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə dəyərli töhfələr verib. Bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilib. İndi Naxçıvanı, sözün həqiqi mənasında, Azərbaycanın inkişaf dinamikasının əyani göstəricisi hesab etmək olar. Naxçıvanda inkişafın miqyası illərlə, aylarla deyil, günlərlə ölçülür. Təsadüfi deyil ki, Naxçıvan 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Bütün bu uğurları Naxçıvan Muxtar Respublikası Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində əldə edib. Bu gözəl diyarda inkişafın təməli ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə qoyulubPrezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşib. Naxçıvan istiqaməti üzrə səfər edəcək tur-aksiya iştirakçıları blokada şəraitində intibah yaradan müasir Naxçıvanla tanış olacaqlar. Onlar ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaqlar. Eyni zamanda, gənclər Naxçıvanda bu günədək qorunub saxlanılan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olacaqlar.

Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək məktəblilər əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri – Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Müasir sənaye müəssisələri, turizmsosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları Gəncənin yeni xəritəsində əksini tapıb. Tur-aksiyanın iştirakçıları bu yeniliklərlə tanış olacaq, şəhərin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsinə ekskursiya edəcək, Şəmkir rayonundaOrta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər.

Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. İndi ölkədə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edəcək məktəblilər bütün bunlarla yaxından tanış ola biləcəklər. Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçayçay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.

Qəbələ-Şəki-Zaqatala zonası da digər bölgələrimiz kimi, həm turizm iqtisadiyyatı, həm də tarixi məkanları ilə tanınır. Müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə ekskursiyalar şagirdlərin marağına səbəb olacaq. Qədim ipəkçilik sənəti ilə məşhur olan Şəkidə indi bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Şəkidə yeni tut bağları salınır, baramaçılığın, ipəkçiliyin ənənələri yenidən bərpa olunur, “Şəki-İpək” kombinatında geniş yenidənqurma işləri həyata keçirilir. Şəki həm də öz mətbəxi, adət-ənənələri və tarixi məkanlar ilə fərqlənir. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Bu istiqamətdə səfərdə olacaq məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Sadalanan ənənəvi və gəlirli aqrar sahələrin inkişaf etdirilməsi rayonun qarşısında duran əsas hədəflərdəndir. Şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Qədim və müasir Zaqatala haqqında məlumatlar tur-aksiya iştirakçılarının böyük marağına səbəb olacaq.

Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq.

Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonundaŞahdağTurizm Mərkəzinə gələn turistlərin sayı sürətlə artır. Bu mərkəzi ölkənin turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi"nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərin marağına səbəb olacaq.

Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Aksiyanın hər iki mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçiriləcək, qaliblərə xatirə hədiyyələri təqdim ediləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.

 

Azərbaycan.- 2017.- 15 mart.- S.8.