Azərbaycan İslam dünyasının həmrəylik və müasirlik rəmzinə çevrilib

 

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ortaq mənəvi dəyərləri bölüşdüyü müsəlman Şərqi ilə siyasi, iqtisadi və mədəni münasibətləri formalaşıb. Bu arealda yerləşən dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın nəticəsi olaraq müsəlman dövlətləri Azərbaycanı bütün beynəlxalq məsələlərdə dəstəkləyir. Hətta onlardan bəziləri Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmayacaqlarını bəyan ediblər.

 

Qətərlə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

 

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Azərbaycanın müsəlman dünyası ilə əlaqələri daha da möhkəmlənir, münasibətlərin dinamikası yeni mərhələyə qədəm qoyur. Diqqəti cəlb edən əsas məqam Şərq dövlətləri ilə əlaqələrin coğrafiyasının genişlənməsidir. Əvvəllər münasibətlərimiz olmayan ölkələrlə əlaqələr qurulub, bəzi dövlətlərlə münasibətlər daha da dərinləşdirilib.

Hazırda Azərbaycanın əlaqələrinin gücləndiyi və yaxından əməkdaşlıq etdiyi müsəlman ölkələrindən biri Qətərdir. Azərbaycanla Qətər Dövləti arasında diplomatik əlaqələr ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə, 1994-cü ilin sentyabr ayında yaradılıb. 2007-ci ildə Azərbaycanın Dohada, Qətərin Bakıda səfirliyi fəaliyyətə başlayıb. Qətər beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbulu ilə bağlı müzakirələrdə daim respublikamızın maraqlarına cavab verən, beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe tutub.

Azərbaycanla Qətər arasında diplomatik əlaqələrin yaradılmasından sonra bir çox sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın əsası qoyulubinkişaf etməyə başlayıb. Dövlət başçılarının hər səfəri əlaqələrin yeni mərhələyə qaldırılmasına təkan verib. Xatırladaq ki, Prezident İlham Əliyev 2004-cü ildə Qətərdə, Qətər Əmiri şeyx Həməd bin Xəlifə Al Tani 2007 və 2012-ci illərdə, Əmir Şeyx Təmim bin Həməd Al Tani isə 2016-cı ildə Azərbaycanda səfərdə olublar.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə Qətərə rəsmi səfərinin yekunları isə deməyə əsas verir ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş spektrdə davam etdirilməsi üçün əlverişli potensial mövcuddur. Zəngin proqramla yaddaqalan səfər çərçivəsində aparılmış danışıqlar və imzalanmış sənədlər bu potensialdan maksimum istifadə edilməsi baxımından əlverişli imkanlar açır.

Səfər zamanı Prezident İlham Əliyevin Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşündə son vaxtlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi bildirilib. Prezident İlham Əliyev Qətərə əvvəlki səfərini məmnunluqla xatırlayaraq ötən müddət ərzində ölkədə inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışaraq vurğulayıb ki, əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir.

Azərbaycana səfərini xatırladan Əmir Şeyx Təmim bin Həməd Al Tani respublikamızın sürətli inkişafının şahidi olduğunu qeyd edərək bildirib ki, ölkənizdə sabitlik və təhlükəsizlik mövcuddur. Bu da həm iqtisadi, həm də turizm sahələrində inkişafa imkan yaradır. Qətər Dövlətinin Əmiri qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib. Söhbət zamanı müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neftqaz sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər zamanı iki ölkə arasında mədəniyyət sahəsində, gənclər və idman sahələrində, kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və Qətər Limanları İdarəetmə Şirkəti “MWANİ Qatar” arasında, Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası və Qətərin Mülki Aviasiya Administrasiyası arasında anlaşma memorandumları, “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair” sazişə əlavə protokol imzalanıb. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin Dohaya rəsmi səfərinin yekunları ötən illərdə əsası qoyulmuş əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi baxımından faydalı nəticələrlə zəngindir.  Odur ki, iki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, uğurlu nəticələrə və perspektivlərə yol açacaq.

 

İƏT-in səmərəli fəaliyyətinə verilən dəyərli töhfələr

 

Azərbaycanın İslam dünyasına yönəlik siyasəti məlumdur. Müsəlman ölkələri arasında birliyin gücləndirilməsini, əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edən bu siyasət dövlətimizin hər bir müsəlman ölkəsinə olan münasibətində özünü göstərir. Çünki Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlıdır. Artıq  demokratik dünyaya inteqrasiya etmiş Azərbaycan yeni sistemə məhz tarixən formalaşmış bu cür mənəvi dəyərlərlə daxil olub. Odur ki, çoxəsrlik mədəniyyətinin kökündə ümumşərq faktoru xüsusi yer tutan Azərbaycanın İslam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin Azərbaycana olan diqqəti təbiidir.

Bu mənada Azərbaycanın İslam dünyasına olan diqqəti həm də ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatında fəal iştirakı və bu qurumun səmərəli fəaliyyətinə verdiyi töhfələrlə müşahidə olunur. Avrasiya regionun üç böyük müsəlman ölkəsi - Türkiyə, İranPakistan arasında regional iqtisadi əməkdaşlıq təşkilatı kimi yaradılıb. 1992-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanda təşkilata daxil olub.

Təşkilatın əsas məqsədi regionun iqtisadi potensialından birgə istifadə etməklə üzv ölkələrdə dayanıqlı iqtisadi inkişafın təminatı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və regional iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Bu vəzifələrin həyata keçirilməsi üçün qlobal iqtisadi meyillər nəzərə alınmaqla regionda ticarətin inkişafına olan maneələrin tədricən aradan qaldırılması, üzv ölkələrə qarşı başqa dövlətlərin ədalətsiz ticarət siyasətinin qarşısının alınması, hər bir ölkənin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya edilməsinə qarşılıqlı yardım göstərilməsi kimi vacib prioritetlər müəyyən edilib.  Hazırda təşkilatın 10 üzvü var. Üzv dövlətləri çox dərin tarixi, mədəni tellər bağlayır. Müştərək adət-ənənələr üzv dövlətləri daha sıx birləşdirir və təşkilatın uğurlu fəaliyyəti üçün çox gözəl zəmin yaradır. Ona görə keçən müddətdə üzv ölkələr regional iqtisadi əməkdaşlıq və inteqrasiya istiqamətində müəyyən addımlar atıb, İƏT-i regionun nüfuzlu təşkilatına çeviriblər.

Müsəlman həmrəyliyinə diqqətlə yanaşan Azərbaycan daim İƏT-in fəaliyyətinin daha da canlandırılmasına çalışıb və bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib. Xatırladaq ki, Azərbaycan 2006-cı və 2012-ci illərdə İƏT-in iki sammitinə evsahibliyi edib. Təşkilatın 2012-ci ilin oktyabr ayında Bakıda keçirilmiş sammitindən sonra sədrlik Azərbaycana keçmişdi. Ötən 5 ildə Azərbaycanda çox mühüm iqtisadi, o cümlədən enerji və nəqliyyat layihələri uğurla başa çatdırılıb. Bütün bunlar həm də İƏT-in regionda səmərəli fəaliyyətinə yol açıb. Martın 1-də Pakistanın paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində 2012-ci ildən sonra görülən işlər yüksək qiymətləndirildi, Prezident İlham Əliyevə minnətdarlıq ifadə olundu.

Zirvə görüşündə Prezident İlham Əliyev bildirib ki, Azərbaycan İƏT-i müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən məkan kimi təşviq edir: “Sədrliyimiz dövründə Azərbaycan təşkilatımızın inkişafına və regional əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verib. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlərlə gözəl münasibətə malik olduğundan Azərbaycan tərəfdaşları ilə istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə iqtisadi əlaqələrini möhkəmləndirib. Biz İqtisadi Əməkdaşlıq Təşkilatını yalnız Şərq və Qərb, Şimal və Cənub arasında fiziki körpü deyil, müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən məkan kimi təşviq etməkdə səylərimizi əsirgəməmişik”.

 

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir

 

Sirr deyil ki, İslam aləminin, müsəlman dövlətlərinin birliyə böyük ehtiyacı var. Çünki hazırda İslam dünyasında, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranlar yaşanır. Bir sıra müsəlman ölkələrinin nizamı pozulub. Müharibələrin, hərbi-siyasi çəkişmələr nəticəsində onların bir qisminin iqtisadiyyatı dağılıb, tənəzzülə uğrayıb. Qərb ölkələrində isə islamofobiya baş alıb gedir, məqsədyönlü şəkildə İslamı terrora bağlayırlar. Belə bir vaxtda İƏT kimi təşkilatların səmərəli fəaliyyəti həm də İslam dünyasının firavanlığına, qərəzli tendensiyaların qarşısının alınmasına xidmət edir.

Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ilielan edilməsi humanist və sülhsevər təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Ən əsası, İslam dünyasında sülhün və əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyev İƏT-in XIII Sammitində bununla bağlı deyib: “Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci iliİslam həmrəyliyi ilielan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik”.

Göründüyü kimi, müsəlman ölkələri arasında birliyin gücləndirilməsini, əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edən bu siyasət ölkəmizin İƏT-in hər bir üzvünə olan münasibətində özünü göstərir. Azərbaycan bundan sonra da İƏT-in səmərəli fəaliyyətinə  yol açacaq, ticarət, nəqliyyat, enerji və digər sahələrdə reallaşdırılan layihələr üzv ölkələr arasında iqtisadi əməkdaşlığı dərinləşdirəcək.

 

Mehriban qonşuluq Azərbaycan-İran münasibətlərinin əsasını təşkil edir

 

Respublikamızın yerləşdiyi regionda geniş əlaqələrə malik olduğu dövlətlərdən biriİran İslam Respublikasıdır. İranla Azərbaycan dövlətini ortaq mədəni və mənəvi dəyərlər bağlayır. İki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq formatları qurulub. Azərbaycanla İran beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu və səmərəli əməkdaşlıq edir, bir-birlərinin dövlət maraqlarını qorumaqla yanaşı, beynəlxalq səviyyəli müxtəlif məsələlərə münasibətdə eyni mövqedən yanaşırlar.

Xüsusilə qeyd etməliyik ki, rəsmi Bakı cənub qonşusu ilə əlaqələrə həmişə   həssaslıqla yanaşıb, münasibətlərin yüksələn xətlə inkişafına töhfə verib. Azərbaycan ikitərəfli əlaqələrə azacıq da olsa, kölgə salacaq addım atmayıb, yaxın qonşusu olmasına, ortada olan bir çox mənəvi bağlılıqlara baxmayaraq, İranın daxili işlərinə heç vaxt qarışmayıb, bu ölkədə həmişə əmin-amanlığın olmasını arzulayıb.

Müştərək dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və İran arasındakı münasibətlər hazırda yüksələn xətlə inkişaf etməkdədir. Həm Azərbaycan, həm də İran tərəfi dövlətlərarası münasibətlərin bütün istiqamətlərində qarşılıqlı maraqların təmin olunması üçün müxtəlif tədbirlər həyata keçirir. Bunu son illərdə hər iki ölkənin prezidentlərinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və bu zaman aparılan danışıqların yekunu, imzalanan sənədlər də təsdiq edir. Bu səfərlər zamanı dövlətlərarası münasibətlərin müxtəlif aspektləri müzakirə olunub, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb və danışıqların yekunu olaraq siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılıb.

Prezident İlham Əliyevin  bu ayın 5-də İrana rəsmi səfəri zamanı keçirdiyi görüşlər və aparılan danışıqlar iki ölkə arasındakı əlaqələrin mehriban qonşuluq şəraitində inkişafını bir daha təsdiq etdi. Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çərçivəsində bir çox məsələlər müzakirə edildi. Prezident İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə görüşündə ölkələrimiz arasında mədəni, iqtisadi əlaqələrin və mehriban qonşuluğun əməkdaşlığımızın əsasını təşkil etdiyi vurğulandı. Bu əlaqələrin ölkələrimizin maraqları əsasında inkişaf etdiyi qeyd olunaraq qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyəti diqqətə çatdırıldı, bu istiqamətdə bir sıra addımların atıldığı bildirildi. Xəzər dənizində enerji, o cümlədən neft-qaz sahələrində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulandı, hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı perspektivlərin mövcudluğu diqqətə çatdırıldı. Mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev dedi:Bu, mənim son üç il ərzində İran İslam Respublikasına üçüncü səfərimdir. Bütövlükdə, son üç il ərzində mən cənab Prezident Ruhani ilə səkkiz dəfə görüşmüşəm. Bu, özlüyündə bir göstəricidir. Bu göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət, ortaq din əsasında qurulub. Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”.

Bu səfər zamanı Tehranda iki ölkə arasında sənədlər imzalandı. Bu da ikitərəfli əlaqələrin daha da inkişafına xidmət edir. İranın ali rəhbəri Seyid Əli XameneiPrezident İlham Əliyevlə görüşdə ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Qarşılıqlı ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini qeyd edən Seyid Əli Xamenei Prezident İlham Əliyevə fəaliyyətində uğurlar diləyərək Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. Azərbaycan Prezidentinin İrana rəsmi səfəri də iki ölkənin münasibətlərinin normal məcrada inkişafının təsdiqidir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 17 mart.- S. 14.