Şəhid atası

 

“Mən döyüşə gedirəm”, “Mən düşmənə cavab verməyə gedirəm” deyə vətəni qorumağa yollanan oğula xeyir-dua vermək də hünərdir, valideyn böyüklüyü - ana ucalığı, ata qeyrətidir. İgid döyüşdə şəhid olanda, bu dərdə dözmək və onun fövqündə dayana bilib “Vətən sağ olsun” deməyi bacarmağın özübir qəhrəmanlıqdır. 25 ildir oğul itkisinin acılarını dadan, ovunmayanbu hisslərə əkiz olaraq qəlbində bir qürur yaşadan Xalid kişi belə valideynlərdən biridir. Şəhid Rasim Yusifovun atasıdır.

Xalid Yusifov böyük ailəsi ilə birlikdə Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaşayır. Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndindəndirlər. İxtisasca mühasib olan Xalid kişi müxtəlif sahələrdə çalışıb və hər yerdə etimadı doğruldub. Rayon mərkəzində işləsə də, həmişə kənddə yaşayıb, orada yaxşı ev-eşiyi, həyətyanı təsərrüfatı olub. Onun  ağlına heç vaxt gəlməzdi ki, insan öz vətənində məcburi köçkün ola bilər.

1990-cı ilin sonu idi. Bir gün oğlu Rasim gəlib deyir ki, ata, orduya getməyi qərara almışam. Bu xəbər ata üçün gözlənilməz olur. Çünki Rasim keçmiş sovet ordusu sıralarında əsgəri borcunu yerinə yetirmişdi. O vaxt Leninqrad adlanan Sankt-Peterburq şəhərində xidmət etmişdi. Ordu sıralarından qayıtdıqdan sonra texniki-peşə məktəbini bitirmiştexnoloq ixtisasına yiyələnmişdi. İxtisası üzrə rayon mərkəzindəki çörək zavodunda çalışırdı. Artıq 22 yaşı vardı. Anası Məleykə xanım hətta xəlvət-xəlvət kənddəki qızlara göz qoymağa başlamışdı.

Xalid kişi oğlu ilə bağlı günləri belə xatırlayır:

- Doğrusu, Rasimin qərarını eşidəndə bir anlığa özümü itirdim. Ağlıma gələn ilk sual bu oldu ki, çağırış vərəqi gəlib? O isə sualımı cavablandırmadan sözünə davam etdi. Söylədi ki, top-tüfəng səsi gələndə, camaat kəndi tərk edib sığınacağa yığılanda xəcalət çəkirəm. Gözləyək ki, gəlib rayonlarımızı, kənd-kəsəyimizi alsınlar? O gün Füzuliyə mərmi düşmüşdü, neçə nəfər yaralandı, neçə nəfər öldü...

Xalid kişi Rasimi dinlədikcə bir daha dərk etdi ki, indi doğrudan da düşmən qabağına çıxmağa oğullar gərəkdir. Oğluna xeyir-dua verir.

Rasim Yusifov “N” hissəsinin batalyonunda kəşfiyyatçı kimi xidmət edirdi. Dəfələrlə mürəkkəb əməliyyatlarda döyüş tapşırığını layiqincə yerinə yetirmişdi. Ara-sıra atası ilə görüşəndə ölkədəki ovaxtkı vəziyyətdən çox narahat olduğunu bildirirdi. Əsəbi halda deyirdi ki, niyə ölkəyə rəhbərlik edənlər özləri haqqında fikirləşir, öz vəzifə kürsülərini “qoruyurlar”. İndi torpağı qorumaq, eləcə də vətənin müdafiəçilərinə dayaq olmaq lazımdır...

1992-ci ilin sentyabr ayının 23-ü idi - deyə Xalid kişi söhbətinə davam edir. - Rayon mərkəzindən, işdən kəndə qayıtdım. Yorğun idim, bir qədər dincəlmək istədim. Amma evdə qərar tuta bilmirdim, heç nədən bütün varlığıma bir narahatlıq hakim kəsilmişdi. Artıq şər qarışsa da, həyətə düşdüm, oradan da evimin yaxınlığındakı yola çıxdım. Burada böyük bir izdiham toplaşmışdı. Heçbaşa düşə bilmirdim. Ən təəccüblüsü isə o idi ki, heç kəs mənə bir söz demir, hamı sakitcə üzümə baxırdı.

Xalid kişi sanki höllənərək izdihamı yara-yara iri addımlarla kəndin mərkəzinə doğru addımlayır. Yarım kilometrə qədər beləcə irəliləyir. Birdən bibisi oğlu Əli böyürdən çıxıb onun qarşısını kəsir və hönkürə-hönkürə deyir: “Dayıoğlu, qəddini əymə, başını dik tut, oğlun şəhid olub”.

Həmin andan Xalid kişi bir dəfə də qəddini əyməyib və baxışlarını heç kəsdən gizlətməyib, hamının üzünə dik baxıb.

Rasim Xocavənd istiqamətində gedən döyüşdə ağır yaralanmış və Ağcabədidəki hospitala aparılarkən yolda dünyasını dəyişmişdi. Xalid Yusifovun ondan başqa daha 6 övladı - 4 qızı və 2 oğlu var. Oğlu Əli Bakıda yaşayır. Digər oğlu Saleh isə valideynləri ilə birlikdə Horadizdə məskunlaşıb. Yeri gəlmişkən qeyd edək ki, Xalid kişinin yaxın qohumu olan kürəkəni Ağamurad da Qarabağ müharibəsində canından keçib.

- Valideyn üçün övladın hərəsi ayrı-ayrılıqda əzizdir - deyir Xalid kişi. - Odur ki, heç biri digərini əvəz etmir. Rasimin çiynini dəlib keçən düşmən gülləsi mənim ürəyimə dəyib... Təsəllim isə odur ki, böyütdüyüm, tərbiyə verdiyim oğul heç vaxt qüruruma, mənliyimə dəyən bir hərəkət etməyib. Əksinə, başımı el yanında, vətən qarşısında uca edib.

Atanın bir təsəllisi də ailəsində daha bir Rasimin böyüməsidir.

- Ən böyük təsəllim isə o olar ki, tezliklə öz yurd-yuvamıza qayıdaq. Mən də kəndimizdə oğlumun məzarına qovuşam. Camaatımız yenidən torpağı əkib-becərə, ev-eşiyinə sahib ola. Bu qədər genişmiqyaslı quruculuq işləri aparan, o cümlədən məcburi köçkünlər üçün belə abad qəsəbələr saldıran Prezident, Ali Baş Komandan İlham Əliyevin səyi, bacarığı və düzgün siyasəti ilə bu arzuya çatacağımıza əminik - deyərək şəhid atası söhbətini tamamlayır.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 30 mart.- S. 8.