Dostluğun, qardaşlığın rəmzi

 

Azərbaycan bu mötəbər idman yarışına evsahibliyi etməklə siyasi, mənəvi və maddi dividendlər qazanacaq

 

IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına artıq sayılı günlər qalır. İdman diyarı kimi dünyada şöhrət tapan, gənc və dünyəvi dövlət statusuna sahiblənən Azərbaycan İslamiadaya evsahibliyi etməklə müsəlman ölkələrinin idman tarixində yeni səhifə açacaq. Əlbəttə ki, Azərbaycanın təşkilatçılıq məsələlərində əldə etdiyi təcrübə bu yarışın da yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhə yeri qoymur.

Ölkə səbirsizliklə İslamiadaya hazırlaşır. Siyasətçilər isə hesab edirlər ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ilielan olunması və ölkəmizin İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi Odlar Yurdunun müsəlman dünyasına verdiyi ən böyük töhfələrdəndir.

İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi həm ölkəmiz, həm İslam dünyası, həm də bütövlükdə dünya birliyi üçün çox əhəmiyyətli hadisədir. Çünki bu gün dünyada baş verən terror aktları, ədalətsizliklər, ikili standartlar mürəkkəb vəziyyət yaradıb. Belə bir dönəmdə Azərbaycanın İslam dövlətləri içərisində önə çıxaraq insanları ədalət, barış, birlik çətiri altında bir araya gətirməsi ilk növbədə bəşəriyyətə bir töhfədir”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söylədi. Onun fikrincə, bu həm də Azərbaycanın dünyadakı mövqeyinin, İslam aləmindəki nüfuzunun göstəricisidir: Bu, dünyaya bir sülh mesajıdır. Çünki bəzi qüvvələr İslamı terror təbliğ edən din kimi bəşəriyyətə təqdim etməyə çalışırlar. İslam Həmrəyliyi Oyunları isə bir daha sübut edəcək ki, dinin terrorla heç bir əlaqəsi yoxdur, İslam barış, dostluq dinidir”.

İslamiadanın Azərbaycan üçün əhəmiyyətinə gəlincə, Musa Quliyev bildirdi ki, ilk növbədə bu, zəngin mədəniyyətimizin İslam ölkələrinə çatdırılmasında mühüm rol oynayacaq. Eyni zamanda bu Oyunlar ölkəmizin iqtisadi əlaqələrini də genişləndirəcək. Azərbaycan bir daha dünyaya beynəlxalq tədbirlərin təşkilatçısı kimi təqdim olunacaq. Ölkəmiz buradan həm siyasi, həm mənəvi, həm də maddi dividendlər qazanacaq.

Milli Məclisin deputatı professor Fəzail İbrahimli isə deyir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemindəki yerini təkcə həyata keçirilən müstəqil siyasətlə deyil, atdığı digər addımlarla daha da möhkəmləndirir: “Azərbaycanın sərbəst siyasi xətti dünyaya bəllidir. Hazırda müstəqil, qərəzsiz siyasət yürüdən Azərbaycan dövlətinin ən böyük uğurlarından biri son illərdə tariximizin, mədəniyyətimizin dünyada təbliğidir. Çünki millətimizin mədəniyyəti dünyaya çatdırılarsa, haqqımızda uydurulan fikirlər təbii olaraq alt-üst olur. Bu mənada atılan müsbət addımlardan biri hər birimizin yaddaşında qalan, tariximizə çox böyük qürur hissi ilə yazılan I Avropa Oyunlarıdır. Bu Oyunlar Azərbaycanın gücünü-qüdrətini dünyaya nümayiş etdirdi. Ölkəmizin təşkilatçılıq qabiliyyəti hər kəsə bəlli oldu. Bundan sonrakı proseslər isə sanki həmin addımların davamıdır”.

Deputatın sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının məhz “İslam həmrəyliyi ili”ndə keçirilməsi də tarixi hadisədir: “Biz İslam dünyasına sədaqətliyik, amalımız həmrəylikdir. Hazırda islamofob mərkəzlər tərəfindən müsəlman dövlətlərinə və İslam dininə qarşı müxtəlif məkrli oyunlar təşkil edilir, əsrlərdən bəri müsəlman aləmində formalaşan dəyərlər deqradasiyaya uğradılır, gözdən salınır. Bunların hamısı düşünülmüş planın tərkib hissəsi kimi həyata keçirilir. Belə bir vaxtda Azərbaycan Prezidentinin qərarı İslam dininin sülh, dostluq, barış dini olduğunu bir daha təsdiqləyir və dünyaya İslam həmrəyliyini nümayiş etdirmək üçün olduqca aktualdır. Düşünürəm ki, müsəlman ölkələri arasında öz mədəniyyəti və dinə münasibətdə müasirliyi ilə seçilən Azərbaycanın bu siyasəti İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə xidmət edəcək”.

Fəzail İbrahimli hesab edir ki, Azərbaycan ilk Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirəcək və bu tarix təqvimimizə qırmızı hərflərlə yazılacaq.

“IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrinin dostluğunun və qardaşlığının simvoluna çevriləcək”. Bu fikri isə Milli Məclisin deputatı Elman Məmmədov söylədi. Deputatın fikrincə, bu Oyunların əsas hədəfi təkcə İslam ölkələrinin idmançılarını deyil, onların ictimaiyyətlərini də bir araya gətirməkdir: “Prezident İlham Əliyev tərəfindən bu il ölkəmizdə “İslam həmrəyliyi ilielan olunub. Məhz belə bir zamanda bu mötəbər turnirin ölkəmizdə keçirilməsi İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürüdür. İslam aləminin bir parçası olan ölkəmiz də bu şərəfli missiyasını uğurla gerçəkləşdirəcək. İki il öncə I Avropa Oyunlarını yüksək səviyyədə keçirən Azərbaycan dövləti dünyaya sülh, barış və əsl İslam dövləti nümunəsini göstərdi. İndi isə İslam dövlətlərinin idmançıları, jurnalistləri, turistləri ölkəmizə təşrif buyuracaqlar. Bununla da bir ilk gerçəkləşmiş olacaq. Həm Avropa, həm də İslam dövlətlərinin idmançıları eyni şəhərdə - paytaxtımız Bakıda keçirilən Oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız nailiyyətlər və medalların sayı ilə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir”.

E.Məmmədovun fikrincə, İslamiada həm də Azərbaycan üçün yeni imkanlar açacaq. Belə ki, ölkəmiz gələcəkdə daha mötəbər yarışların keçirilməsi üçün imkannüfuz qazanacaq: “Yüksək səviyyədə keçirilən mötəbər beynəlxalq tədbirlər artıq Azərbaycanın adının dünya ictimaiyyətinə bir brend kimi tanıdılmasına səbəb olub. Bunun ən başlıca səbəbi yüksək səviyyədə həyata keçirilən təşkilatçılıqdır. Ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlərin, idman yarışlarının təşkilində xüsusi rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir. I Avropa Oyunları zamanı Mehriban xanımın rəhbərlik etdiyi Təşkilat Komitəsinin həyata keçirdiyi tədbirlər həm ölkə ictimaiyyəti, həm də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildi. İndi isə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi İslamiadanın ən yüksək səviyyədə təbliğatı, həyata keçirilməsi istiqamətində çox böyük işlər görür. İnanıram ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan İslamiada tarixinin ən möhtəşəm yarışını keçirəcək”.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 2 may.- S. 8.