İslamiadanın “Zəfər günləri”

 

Milli Olimpiya Komitəsi “Bakı-2017” qaliblərinin şərəfinə də silsilə tədbirlər keçirəcək

 

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə yarışların qalibləri və mükafatçıları olan Azərbaycan idmançılarının şərəfinə “Zəfər günləri” adlı xüsusi tədbirlər təşkil edəcək.

I Avropa Oyunlarında olduğu kimi, bu dəfə də qalib idmançılarımızın ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşləri keçiriləcək. Ənənəyə uyğun olaraq MOK artıq ikinci dəfə Oyunların medalçılarını yüksək səviyyədə qarşılayacaq. “Zəfər günləri” silsilə tədbirləri mayın 14-dən 23-dək davam edəcək.

Bu barədə mayın 1-də Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək Olimpiya Komandasının təşviq və təltifi üçün nəzərdə tutulmuş “Zəfər günləri” kampaniyasının təqdimat mərasimində məlumat verdi.

MOK-un inzibati binasında keçirilən mətbuat konfransında Çingiz Hüseynzadə “Zəfər günləri”nin əhəmiyyəti və tarixi haqqında ətraflı danışdı. Bildirdi ki, İslam Həmrəyliyi Oyunları 4 ildən bir keçirilirİslam dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. İlk dəfə olaraq dünyada olan 57 İslam ölkəsinin hər biri bu Oyunlarda iştirak edəcək: “İki il bundan əvvəl Bakıda keçirilən I Avropa Oyunları zamanı biz bir eksperiment edərək “Zəfər günləri” adlı tədbir keçirdik. Yadınızdadırsa, Oyunlar ərzində hər gün saat 13-14 radələrində medal qazanmış idmançılar Milli Olimpiya Komitəsində təşkil edilən “Zəfər günləri” tədbirinə gəlirdi. Bu tədbirlərdə media nümayəndələri onların özləri, qohumları ilə yaxın təmasda olurdular. Bütün bu proses televiziya vasitəsilə canlı yayımlanırdı. Ona görə qərara gəldik ki, bu Oyunlar zamanı da belə tədbirlər həyata keçirək. Düşünürük ki, budəfəki “Zəfər günləri” daha təmtəraqlı təşkil olunacaq”.

“Zəfər günləri-2015” kampaniyası haqqında hazırlanmış videoçarx nümayiş etdirildikdən sonra MOK-un Marketinq İdarəsinin rəisi Mehman Kərimov IV İslam Həmrəyliyi Oyunlarına həsr edilən “Zəfər günləri” kampaniyası haqqında təqdimat etdi. Qeyd etdi ki, silsilə xarakterli bu tədbir Oyunlarda uğur qazanmış idmançıları, onların ailə üzvlərini və dostlarını, həmçinin idman ictimaiyyətini və KİV nümayəndələrini bir araya gətirəcək. Ənənəvi olaraq 14-22 may günlərində qalib gəlmiş idmançılar MOK-a gələrək xüsusi hədiyyələrlə təltif olunacaq, canlı tok-şouda iştirak edəcəklər.

Bildirildi ki, ötən “Zəfər günləri”nə xeyli sayda media mənsubu təşrif buyururdu. Çünki gündəmin əsas mövzusu idmançılarımız və onların uğurlu çıxışları idi. Jurnalistlər məhz bu tədbirlər vasitəsilə bir-birindən maraqlı süjetlər, yaxud reportajlar hazırlayıb yayımlaya bilirdilər. Bu tədbirlərdə həmçinin idmançılarımızın zəfərini bölüşmək, onları təbrik etmək üçün hər gün müxtəlif tanınmış şəxslər, ictimaiyyət nümayəndələri və incəsənət xadimləri də iştirak edirdilər.

M.Kərimov vurğuladı ki, budəfəki “Zəfər günləri”ndə müxtəlif yeniliklər tətbiq olunacaq. Bu yeniliklər də əsasən “Rio-2016” Yay Olimpiya oyunları zamanı uğurla sınaqdan keçirilmiş fəaliyyətlərdən ibarət olacaq: “Bu yay Olimpiya Oyunları zamanı MOK özünün bütün sosial media platformasını tam gücü ilə işə salmışdı. Bu da bizə imkan verdi ki, Oyunlar zamanı komandamızın çıxışları, nəticələri barədə dərhal ictimaiyyəti məlumatlandıraq. “Rio-2016”da əsas yeniliklər və uğurlu fəaliyyətlərimizdən biri bu oldu ki, müəyyən posterlər vasitəsilə biz Azərbaycan komandasının üzvlərini Bakı şəhərinin küçələrində, hətta metro stansiyalarında təbliğ etdik. Ən uğurluqürurlu məqamlardan biri də Azərbaycan Olimpiya komandasının təntənəli yolasalma və qarşılanma mərasiminin KİV-də geniş yayımlanması idi. Bundan başqa, Beynəlxalq Olimpiya Komitəsinin apardığı sorğu nəticəsində MOK “Rio-2016” Olimpiya Oyunları zamanı tətbiq etdiyi sosial media aktivliyinə görə ilk 10-luqda qərarlaşdı”.

Təqdimatdan sonra media nümayəndələri onları maraqlandıran sualları səsləndirdilər. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə sualların hər birini ətraflı şəkildə cavablandırdı.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 2 may.- S. 9.