Milli inkişaf modelinin banisi

 

Ulu öndərin tərəqqi strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi yüksəlişin yeni modelini formalaşdırıb

 

Siyasi fəaliyyətin başlıca hədəfi reallığa adekvat ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsidir. Çoxluğun gələcək taleyini, onun mənafeyini özündə ehtiva edən ümummilli siyasətə isə yalnız dövlətinə və xalqına bağlı liderlərin fəaliyyətində rast gəlinir. Müasir qlobal çağırışlar və dünya iqtisadiyyatındakı təlatümlər fonunda lider amilinin ötən il müstəqilliyinin 25-ci ildönümü tamam olmuş Azərbaycan üçün də müstəsna mahiyyəti qabarıq nəzərə çarpır.

 

Təkmil antiböhran strategiyası

 

Əksər dünya və region ölkələrini sarsıdan qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinin aradan qaldırılması məqsədilə son 3 ildə respublikamızda həyata keçirilən sistemli və məqsədyönlü tədbirlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin praqmatik və rasional ilderlik keyfiyyətlərini bir daha qabarıq üzə çıxarır. Böhranın real miqyasını və mümkün nəticələrini ilk gündən rasional düşüncə ilə nəzərə alan dövlət başçısının mövcud resurslardan maksimum səmərəli bəhrələnməklə yürütdüyü antiböhran strategiyası dərin elmi əsaslara söykənir. Dünya iqtisadi təsərrüfat sisteminə, qlobal iqtisadiyyata sıx inteqrasiya etmiş ölkə kimi böhranın mənfi təsirlərini təbii olaraq hiss edən Azərbaycan məhz kompleks tədbirlər nəticəsində qısa müddətdə yaranmış vəziyyətdən maksimum az itki ilə çıxmağın yollarını müəyyənləşdirmişdir.

Enerji resurslarından əldə olunan gəlirlərin geosiyasi səbəblər üzündən 3 dəfəyədək aşağı düşməsi ilə əlaqədar milli iqtisadiyyatın dayanıqlığının möhkəmləndirilməsi çağırışlarını nəzərə alan hökumət qısa müddətdə neft gəlirlərindən asılılığın azaldılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə başlamışdır. Bundan məqsəd həm də dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə sistem xarakterli tədbirlər həyata keçirmək və iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasına nail olmaqdır.

 

Genişmiqyaslı intibahın möhkəm təməli

 

Hər bir ölkənin iqtisadiyyatının ekstremal vəziyyətlərə hazırlıq səviyyəsi onun milli inkişaf modelinin xarakterindən asılıdır. Bu mənada Azərbaycanın səmərəli antiböhran tədbirləri müəyyənləşdirərək icrasını uğurla təmin etməsi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli inkişaf modelinə əsaslanır. Dərin zəkası, liderlik qabiliyyəti, milli dəyərlərə sıx bağlılığı, fitri idarəçilik məharəti, zəngin mənəviyyatı ilə daim xalqının sevimli şəxsiyyəti olmuş ulu öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikanın iqtisadi müstəqilliyi üçün etibarlı zəmin formalaşdırmışdır. Bu da təsadüfi deyildir ki, 1969-1982-ci illərdə ictimai və iqtisadi həyatın ən müxtəlif sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarla yeni istiqamətli zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başlamışdır.

Həmin illərdə ulu öndər Heydər Əliyev qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirməklə respublika regionlarının tarazlı inkişafına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, demoqrafik inkişafa, kənd və qəsəbələrin sosial-mədəni simasının müasirləşməsinə dair strateji planlarını ardıcıllıqla həyata keçirmişdir. O dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni belə reallığa çevirərək Bakı Məişət Kondisionerləri, Bakı Dərin Özüllər və digər zavodların, fabriklərin Azərbaycanda inşasına nail olmuşdur. Həmin illərdə ulu öndərin böyük uzaqgörənliklə formalaşdırdığı iqtisadi və mənəvi əsaslar sonrakı mərhələdə Azərbaycanın dövlət müstəqilliyinə qovuşmasında mühüm rol oynamışdır.

Tarix boyu böyük siyasi liderlər üçün səciyyəvi keyfiyyətlərdən biri də onların xalq və dövlət üçün ən böhranlı, çətin sınaq anlarında məsuliyyəti çiyinlərinə götürmələri, bütöv bir xalqın, millətin xilaskarına çevrilmələri olmuşdur. Bu mənada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin idarəçilik keyfiyyətləri sırasında onun ən çətin, millətin taleyi baxımından məsuliyyətli zamanlarda düzgün qərarlar qəbul etmək məharətini xüsusi qeyd etmək lazımdır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. İctimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi strategiya ortaya qoymuşdur.

 

İnsan amilinin yüksəlişinə xidmət edən konsepsiya

 

Azərbaycanın ötən illərdə qazandığı uğurların ölkəmizin milli inkişaf modeli ilə bağlı olması bu gün hər kəs tərəfindən etiraf edilən aksiomdur. Ulu öndərin ən layiqli davamçısı kimi ötən 14 ildə milli maraqlara söykənən siyasət yürüdən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər bir addımda insan amilini uca tutaraq insanların firavan həyat tərzinin təmin olunmasına xidmət edən praqmatik və rasional siyasət yürütmüşdür. Əminliklə demək olar ki, tarixin heç bir mərhələsində Azərbaycan cəmiyyəti son illərdəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır. Dövlət başçısının praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində də məhz insan amili dayanmışdır. Cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir.

Müasir dövrdə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış inkişaf strategiyası iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verir. Bu gerçəkliyə nəzərən əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illərdə ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlər də konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir. Ölkə rəhbərliyi hər bir konkret mərhələdə respublika qarşısında hansı əsas problemlərin, vəzifələrin dayandığını yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaların hazırlanaraq icra olunmasını təmin edir.

 

Azərbaycan qlobal çağırışlara adekvat cavab verir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında, eləcə də ötən il yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə böhranın mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı həyata keçirilməli olan təxirəsalınmaz tədbirlər barədə dəyərli fikirlərini bölüşmüş, hökumət üzvlərinə tapşırıq və göstərişlərini vermişdir. Bu müzakirələr dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə Azərbaycanın yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək istiqamətində islahatlar aparmaq, milli iqtisadiyyatı yeni şəraitə - neftsiz dövrə uyğunlaşdırmaq istəyini bariz təcəssüm etdirmişdir.

Keyfiyyətcə yeni mərhələdə ölkə başçısının müəyyənləşdirdiyi başlıca hədəflərdən biri də məhz ölkədə aktual iqtisadi çağırışlara cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə edilməsi olmuşdur. Şübhəsiz, belə bir hökumətin formalaşdırılması istər ictimai münasibətlər sisteminin normal məcrada tənzimlənməsi, vətəndaşların hökumətə etimadının daha da artırılması, istərsə də vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə yüksəldilməsi baxımından son dərəcə əhəmiyyətlidir.

2016-cı ildə həyata keçirilən antiböhran tədbirlərinin ana xəttini yenə də qeyri-neft sektorunun inkişafının dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə mane olan süni baryerlərin aradan qaldırılması məsələləri təşkil etmişdir. Etiraf etməliyik ki, hazırda respublikamızda inkişaf dövrünü yaşayan qeyri-neft sektoru əhalinin daxili tələbatını və ixracdan əldə olunan gəlirləri təmin etmək iqtidarında deyildir. Məhz buna görə də dövlət başçısı hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.

Əlbəttə, mövcud qlobal iqtisadi şərait iqtisadi islahatları genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə yolu ilə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan, əlverişli investisiya mühitindən səmərəli istifadəni zəruri edir. Bu və digər praktik məqsədlərin həyata keçirilməsi naminə ötən il imzalanmış fərman və sərəncamlar göstərir ki, ölkə başçısı cənab İlham Əliyev orta və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiyayönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır.

 

Sistem islahatlarının yeni istiqamətləri

 

2016-cı ilin əvvəllərindən etibarən həyata keçirilən tədbirlər, xüsusilə də Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.

2016-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin böyük əksəriyyəti məhz vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması islahatlar üçün siyasi iradə nümayişi olmuşdur.

Böhran dövründə ölkənin tədiyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarların ixrac imkanlarının genişləndirilməsi olmuşdur. İnvestorların Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştlərdən faydalanması məqsədilə Prezidentin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq olunmuşdur.

Ölkə başçısının “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı da sahibkarlığa dəstək istiqamətində mühüm addım olmuş, bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılmışdır. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini ön plana çəkmişdir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədə olacaq fərmana görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamı qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyətli sənəd kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da qeyri-neft sektorunun inkişafı istişqamətində atılmış mühüm addımlardan biri olmuşdur. Cəmiyyətin yaradılması kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.

 

Strateji yol xəritələri: yeni inkişaf vektoru

 

Ölkədə məşğulluğun təmin edilməsi, qeyri-neft ixracının artırılması, biznes mühitinin inkişafı kimi strateji məsələlərdə sahibkarların rolunun yüksəldilməsinə, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə atılmış mühüm addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə aprel ayının 25-nin Azərbaycanda Sahibkarlar Günü kimi təsis edilməsi olmuşdur.

Ümumilikdə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının, ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması üzrə işlərin davam etdirilməsi; tranzit yüklərin daşınmasında “Bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması; dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması ötən ilin islahatlar paketinin nə qədər zəngin və səmərəli olduğunun bariz göstəricisidir.

Ölkə başçısının “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanları, habelə “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” 2016-cı ildə aparılan islahatlar üçün mükəmməl qanunverici baza rolunu oynamışdır.

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qeyri-neft sektorunun rentabelli sahələrindən biri sayılan turizmin inkişafı da qarşıda ciddi vəzifələrdən biri kimi dayanır. Ölkə başçısının “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanı da məhz bu məqsədə xidmət etmişdir. Xüsusi vurğulamaq istərdik ki, turizmin perspektivli sahəyə çevrilməsi üçün son illər regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramları, fərman və sərəncamlar uğurla icra edilir, yeni hotellər tikilir, infrastruktur müasirləşdirilir. Regionlarla yanaşı, Bakı və şəhərətrafı qəsəbələrdə, o cümlədən Nərimanov rayonunda turizm infrastrukturunun inkişafı diqqət mərkəzindədir.

Ölkə başçısının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı isə keyfiyyətcə yeni mərhələdə iqtisadi inkişafı stimullaşdırmaq və böhranın mənfi təsirlərini aradan qaldırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Hesablamalara görə, 2020-ci ilədək nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyuluşu proqnozlaşdırılır. Bu investisiyalar Azərbaycan iqtisadiyyatı üçün 2020-ci ilədək müəyyən edilmiş hədəflərdən əlavə, gələcək üçün nəzərdə tutulmuş hədəflərə təsir baxımından da bünövrə rolunu oynayacaqdır. Prioritet sektorlar və ya iqtisadiyyatın digər sektorları üzrə yeni strateji hədəflərin müəyyənləşdirilməsi Azərbaycana Strateji Yol Xəritəsinin prioritetlərinin müsbət trayektoriyası ilə daha yüksək hədəflərə çatmağa kömək edəcəkdir.

 

Xalq Prezidentin kursunu və təşəbbüslərini tam dəstəkləyir

 

Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin son 14 ildə imzaladığı bir sıra dövlət proqramları ilk növbədə regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmləndirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks proqram sənədləri olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət ayırmışdır. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır.

2017-ci il yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ildönümü ilə bağlı keçirilən konfrans Azərbaycanın qlobal-maliyyə böhranı şəraitində dinamik inkişaf etdiyini bir daha təsdiqləmişdir. Ölkə başçısının 27 fevral 2014-cü il tarixli müvafiq fərmanı ilə təsdiq edilmiş dövlət proqramı regionların inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaratmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.

Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün əsas vəzifələr icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir - kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi 5 faiz artmışdır. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və aparılan dərin islahatlar nəticəsində iqtisadi inkişaf təmin edilmişdir. Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası üçün regionlara 4 milyard manat vəsait yönəldilmişdir.

Eyni zamanda şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bəzi mühüm layihələrin icrası məqsədilə imzalanmış 67 sərəncamla 261 milyon manat vəsait ayrılmışdır. 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700 yeni iş yeri açılacaqdır. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.

Regional inkişaf tədbirləri nəticəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə 21 şəhər və rayona səfərə getməsi, 64 yeni obyektin açılışında, 3 təməlqoyma mərasimində iştirak etməsi bölgələrə qayğı siyasətinin davamlı olduğunu bir daha təsdiqləmişdir. Görülən işlərin nəticəsidir ki, bu ildən dövlət büdcəsindən dotasiya almayan şəhər və rayonların sayı 7-dən 34-dək, yəni 5 dəfəyədək artmışdır.

Uğurla gerçəkləşdirilən tədbirlər Bakının ən abad və müasir inzibati vahidlərindən olan Nərimanov rayonunun da sosial-iqtisadi inkişafına təkan vermiş, böhranın doğurduğu çətinliklərə rəğmən rayonda tikinti-abadlıq işləri, infrastrukturun müasirləşdirilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi tədbirləri uğurla davam etdirilmişdir. Ölkə başçısının yürütdüyü siyasətin mahiyyətinə müvafiq olaraq sağlam biznes mühitinin formalaşması, iş adamları ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi istiqamətində tədbirlər davamlı xarakter daşıyır.

Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin davamlı milli inkişafa təminat yaradan ideyaları daim yaşayır, dövlətimizin, xalqımızın gələcək uğurlarına parlaq işıq salır. Məhz bunun nəticəsi olaraq Azərbaycan hazırda dünya miqyasında özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır.

Ölkəmizdə həyata keçirilən siyasi və hüquqi islahatlar, modernləşmə kursu keçid dövrünü yaşayan ölkələrdə model kimi qəbul edilir. Ən əsası, böhranın doğurduğu çətinliklərə baxmayaraq, bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik mövcuddur. Məhz bu birlik sayəsində ölkə iqtidarı son illərdə böyük iqtisadi, siyasi, mədəni inqilablara müəlliflik edir.

Bu gün Heydər Əliyev dühasının müəyyənləşdirdiyi yolla inamla irəliləyən Azərbaycan xalqı onun ən layiqli davamçısı cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək, gələcəyə böyük nikbinliklə, ümidlə baxır. Mütləq əksəriyyət əmindir ki, Azərbaycan xalqının milli mənafeyinə cavab verən bu siyasət qarşıdakı illərdə də davam etdiriləcək, respublikamız sürətli inkişaf tempini qoruyub saxlayaraq qabaqcıl dövlətlər sırasında layiqli yerini tutacaqdır.

 

Abdin FƏRZƏLİYEV,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2017.-3 may.- S.6.