Azərbaycan adını dünya idman tarixinə yazdırmışdır

 

Bir neçə gündən sonra ölkəmiz İslam dövlətləri Olimpiadasının estafetini qəbul edəcək. Xatırladaq ki, İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir.

Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirirlər. Bu səbəbdən əminliklə söyləmək olar ki, dünyada sülh oyunları adlandırılan IV İslam Həmrəyliyi Oyunları da 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları kimi, ən yüksək səviyyədə təşkil ediləcək.

Aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilmişdir. Birinci vitse-prezident və “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz tərəfindən müşayiət olunan Prezident İlham Əliyev Xəzər dənizinin suyu ilə doldurulmuş mis səhəngləri 16 uşağa təqdim etmişdir. Məhz həmin uşaqlar “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının ruhunu Azərbaycan xalqına çatdırmaq üçün bu suyu öz doğma şəhərlərinə aparırlar. Aprelin 7-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilmişdir. Bundan sonra su səyahəti Şirvan, Sabirabad, Ağcabədi, Horadiz, Gəncə, Şəmkir, Mingəçevir və Qaxda davam etdirilmişdir. Ümumilikdə ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Sonra həmin su Bakıya gətiriləcək və 12 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin tərkib hissəsi olacaq.

IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın tarixində növbəti mühüm hadisə olmaqla yanaşı, İslam dünyası üçün də əhəmiyyətli idman bayramıdır. Şüarı “Gücümüz həmrəylikdədir!” olan Oyunlar ölkəmizin ən gözəl xüsusiyyətlərini üzə çıxarmaqla bərabər, hamını birlik, sülh, qarşılıqlı hörmət və mükəmməllik ruhunda birləşdirən vasitəyə çevriləcək.

IV İslam Həmrəyliyi Oyunlarında İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) üzvü olan 57 ölkənin (əhalisi 1,5 milyard nəfər təşkil edir) hamısından idmançılar mübarizə aparacaqlar. IV İslam Həmrəyliyi Oyunlarında iştirak üçün dörd qitədən 3 mindən çox idmançı və rəsmi şəxsin Bakıya gəlməsi gözlənilir. İdmançılar paraatletikaparacüdo da daxil olmaqla 23 idman növü üzrə 270 dəst medal uğrunda mübarizə aparacaqlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu günlərdə keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında demişdir: “Oyunlarda 57 ölkəni təmsil edən 3 mindən çox idmançının iştirakı gözlənilir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdır. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar. Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

Bu günə qədər Təşkilat Komitəsi tərəfindən Oyunların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb və ümumiyyətlə, demək olar ki, şəhərimiz Oyunların açılışına hazırdır. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik”.

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar rəngarəng mədəni proqram hazırlanmışdır. Mayın 12-22-də, IV İslam Həmrəyliyi Oyunları günlərində bütün teatrlarda, konsert və sərgi salonlarında İslam mədəniyyəti, ənənələri, tarixi ilə bağlı mədəni proqramlar həyata keçiriləcək.

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğ edilməsi məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən ölkəmizin bütün bölgələrini əhatə edən respublika təsviri sənət müsabiqəsinə başlanmışdır.

Bu günlərdə Oyunların Əməliyyat Komitəsinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçərişəhərdə 200-dən çox gəncin iştirakı ilə fləşmob keçirilmişdir.

IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları və qonaqların sağlamlığı da diqqətdən kənarda qalmamışdır.

Bakı Sağlamlıq Mərkəzinin müxtəlif şöbələrində 9 palata hazır vəziyyətə gətirilmişdir. Tədbir iştirakçıları və qonaqlara rentgen, ultrasəs, KT müayinələri göstərilməsi üçün hər cür şərait yaradılıb, reanimasiya otağı və laboratoriya da tibbi yardım göstərmək üçün tam hazırdır. Yarışlar başa çatanadək tibbi personal xüsusi rejimdə işləyəcək.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında da mühüm beynəlxalq idman tədbiri zamanı üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün bütün hazırlıq işləri başa çatdırılmışdır.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili ölkəmizdə İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində növbəti addımdır. Dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet məsələlərindəndir. Müsəlman ölkələri ilə qarşılıqlı mehriban münasibətlər quran ölkəmiz təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.

Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ilielan edilməsi haqqında” 2017-ci il 10 yanvar tarixli sərəncamında qeyd olunduğu kimi, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir və tolerantlıq, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir.

İdmançıların sayı, atletlər və jurnalistlər üçün yaradılan şərait, jurnalistlərlə idmançıların bir sahədə görüşməsi və onlardan rahat müsahibələr alması, qonaqlar üçün hazırlanan mədəni-kütləvi tədbirlər “Bakı-2017”ni əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqləndirəcək.

“Azərbaycan beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməklə adını dünya idman tarixinə yazdırmışdır. Biz bunu 2015-ci ildə ilk Avropa Oyunları zamanı gördük. I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi”. Hamının razılıqla qarşıladığı bu sözləri Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Elqucia Berişvili demişdir. “Bir neçə gündən sonra Azərbaycan daha bir beynəlxalq idman yarışına - IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcək. Bu Oyunları təşkil etməklə Azərbaycan təkcə İslam dünyasında deyil, bütün dünyada öz nüfuzunu daha da möhkəmləndirəcək. İnanıram ki, dostqardaş Azərbaycan tarixin bu sınağından da uğurla çıxacaq, tarixdə daha bir ilkə imza atacaq. Azərbaycan dövlətinə, azərbaycanlı idmançılara və ümumiyyətlə, bütün idmançılara uğurlar arzulayıram” - deyə Elqucia Berişvili əlavə etmişdir.

 

Rizvan HİLALOĞLU,

 

Azərbaycan.- 2017.-3 may.- S.9.