Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğunun təşkilati, çoxsaylı prokurorluq əməkdaşlarının fərdi üzvü olduqları, dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir.

Həmin qurumla əməkdaşlıq çərçivəsində mayın 2-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Han Moraal və icraçı direktoru xanım Yanne Holst Hübner Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarları üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti Baş Prokurorluqda olub. Qonaqları salamlayan baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkəmizdə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş qanunvericiinstitusional tədbirlər, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib, assosiasiya ilə səmərəli əməkdaşlığın verdiyi töhfələrin önəmini vurğulayıb.

Qonaqlara dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər, Penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasının və səmərəli idarəetmənin təşkilinin zəruriliyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı 2017-ci il 10 fevral tarixliPenitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam barədə ətraflı məlumat verilib.

Baş prokuror Ermənistan tərəfindən 25 ildən artıq müddətdə beynəlxalq hüququn norma və prinsiplərinin pozularaq Azərbaycan ərazilərinin işğal altında saxlanılmasını, bir milyondan artıq azərbaycanlının doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsini, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin bu günədək icra edilmədiyini diqqətə çatdırıb.

Zakir Qaralov qonaqlara həm inzibati, həm də vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlərin, o cümlədən “ASAN xidmət” mərkəzlərinin yaradılması və bu şəbəkənin genişləndirilməsi barədə ətraflı məlumat verərək, şəffaflığın artırılması, müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlərin əldə olunduğunu bildirib.

Görüşdə həmçinin son illər Avropa ölkələrində geniş vüsət almış islamofobiyaksenofobiya mühiti zəminində radikal dini ekstremist qruplaşmalar tərəfindən törədilmiş çoxsaylı terror aktlarının qarşısının alınması istiqamətində birgə səylərin aparılmasının vacibliyi vurğulanıb.

Qonaqlar ölkəmizə səfərdən məmnunluqlarını ifadə edərək Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığını, uzun illər assosiasiyanın işinə verdiyi yüksək töhfələri, onun fəaliyyətində göstərdiyi təşəbbüskarlığı və mühüm dəstəyi qeyd edərək bərabər qurulmuş münasibətlərin daha da sıxlaşmaqda olduğunu vurğulayıblar. Nümayəndə heyəti assosiasiyanın fəaliyyəti və gələcək inkişaf imkanları barədə məlumat verərək, ölkəmiz tərəfindən qurumun əsas hədəflərindən olan cinayətkarlığın bir sıra növlərinə qarşı dünya prokurorlarını birləşdirən assosiasiyanın elektron səhifəsinin rus versiyasının işinin aparılması, habelə BPA-nın Korrupsiyaya Qarşı Mübarizə aparan Prokurorların Şəbəkəsinin (NACP) alt domeninin fəaliyyətinin tənzimlənməsi təşəbbüsünə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. Bununla yanaşı, 2002-ci ilin mayında Bakıda Azərbaycan Respublikası və Assosiasiyanın birgə təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası qonaqlar tərəfindən təşkil edilən ən uğurlu tədbir kimi qiymətləndirib və Azərbaycanın 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İcraiyyə Komitəsinin 45-ci iclasında da bu sahədə müsbət təcrübələrini tətbiq edəcəyindən ümidvar olduqlarını bildiriblər.

Görüşdə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Sonra qonaqlar Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ilə görüşüblər.

Görüşdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ilk dəfə Assosiasiyanın Dünya Prokurorları üzrə Elektron Cinayət Şəbəkəsi (GPEN) vasitəsilə müxtəlif ölkələrdən olan prokurorluq və digər hüquq mühafizə orqanları nümayəndələrinin də iştirak etdikləri “Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi təcrübə” mövzusu ətrafında real vaxt rejimində növbəti seminarın keçirilməsi böyük uğur kimi qiymətləndirilib. Bundan başqa, əməkdaşlığın müxtəlif aspektləri ətrafında, eləcə də 2017-ci ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulmuş Şəbəkənin kibercinayətkarlığa qarşı mübarizəyə dair Regional Konfransının təşkilati məsələləri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyətinin üzvləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında quruma fərdi üzv qəbul edilmiş gənc prokurorluq əməkdaşları ilə görüşüb və assosiasiyanın fəaliyyətinə dair onları maraqlandıran suallara cavab veriblər.

Sonda assosiasiyaya üzv qəbul edilmiş yeni üzvlərə qurumun üzvlük vəsiqələri təqdim edilib.

Qonaqlar həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin milli memarlıq üslubundamüasir standartlar səviyyəsində inşa edilmiş inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.

Nümayəndə heyətinin səfəri davam edir. Səfər çərçivəsində qonaqlar ölkəmizin regionlarında hüquq mühafizə, o cümlədən məhkəmə və prokurorluq orqanları üçün yaradılmış şəraitlə tanış olacaqlar.

 

Azərbaycan.- 2017.- 3 may.- S.10.