Beynəlxalq ekspertlər Azərbaycanda gender bərabərliyinin təmini istiqamətində görülən işlər barədə məlumatlandırılıblar

 

Mayın 2-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Avropa İttifaqının gendermedia məsələləri üzrə beynəlxalq ekspertləri ilə görüşüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə komitənin nümayəndələri, Polşadan olan ekspert, siyasi elmlər doktoru xanım Marzena Kordaczuk-Vas, Mikolas Romeris Universitetinin Gender Bərabərliyi Laboratoriyasının eksperti, Litva Sosial Təminat və Əmək Nazirliyinin gender bölgüsünün rəhbəri xanım Vanda Jurseniene, İsveç Respublikasının Sodertorn Universitetinin professoru Karin Milles iştirak edib.

Gender problemləri və Mediamövzusunda təşkil olunan seminarda təlimçi qismində iştirak etdiklərinə görə ekspertlərə minnətdarlığını ifadə edən Hicran Hüseynova Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən mühüm işlər və qanunvericilikdə aparılan təkmilləşdirmələr barədə məlumat verib. Bildirib ki, dövlət qurumlarında gender əlaqələndiriciləri təyin edilib, eyni zamanda, məişət zorakılığı ilə bağlı bütün regionlarda monitorinq qrupları fəaliyyət göstərir.

O, Azərbaycanda gender məsələlərinin və qadın problemlərinin mediada işıqlandırılması məsələsinə toxunaraq deyib ki, bu istiqamətdə jurnalistlər arasında yüksək səviyyəli peşəkar kadrların və ayrı-ayrı sahələr üzrə jurnalist-ekspertlərin yetişdirilməsi çox vacibdir.

Komitə sədri diqqətə çatdırıb ki, bu gün ailə və milli-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində, eyni zamanda, məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. “Lakin bir məsələni də vurğulamaq istəyirəm ki, jurnalistlərimiz ailədaxili problemlərin, qadınlarla əlaqəli məsələlərin mətbuatda işiqlandırılması zamanı xüsusilə həssas olmalıdırlar”, - deyə komitə sədri vurğulayıb.

Polşadan olan ekspert, siyasi elmlər doktoru Marzena Kordaczuk-Vas, Mikolas Romeris Universitetinin Gender Bərabərliyi Laboratoriyasının eksperti, Litva Sosial Təminat və Əmək Nazirliyinin gender bölgüsünün rəhbəri Vanda Jursenieneİsveç Respublikasının Sodertorn Universitetinin professoru Karin Milles görüş üçün təşəkkürlərini bildiriblər. Onlar Azərbaycan mediasında qadın məsələlərinin obyektiv şəkildə işıqlandırılması, jurnalistlərin peşəkar fəaliyyəti üçün təlimlərin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində “Gender problemləri və Mediamövzusunda 2 günlük seminar keçirilir. Seminarlarda Marzena Kordaczuk-Vas, Vanda Jurseniene Karin Milles təlimçi qismində iştirak edirlər.

 

Azərbaycan.- 2017.- 3 may.- S.10.