Azərbaycanda dövlət mətbuatın inkişafına daim dəstək göstərir

 

3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür

 

Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətlərdə isə insan hüquqları tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.

1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə  müraciətlə “Vindhuk Bəyannaməsi”ni qəbul etdilər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara aldı. Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günüsoyuq müharibə”lər dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxdı.

1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı da ölkəmizdə daim qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub. XIX əsrin sonu, XX əsrin əvvəlində azadlıq ideyalarının, milli şüurun, mədəniyyətin, maarifçiliyin inkişafında Azərbaycan mətbuatının oynadığı rol danılmazdır.

Azərbaycanın müstəqillik qazandığı və suveren dövlət quruculuğu prosesini yaşadığı müasir dövrdə kütləvi informasiya vasitələrinin qarşısında tamamilə yeni vəzifələr durur. Bu gün mətbuat iqtisadisosial islahatların həyata keçirilməsində, sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır.

Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından, onun hüquqi normativ bazasının yaradılmasından, fikir və məlumat azadlığının təmin edilməsindən danışarkən ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilməlidir. Mətbuatın inkişafına mane olan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, jurnalistlərlə müntəzəm görüşlər ənənəsinin yaradılması, azad sözə və onun daşıyıcılarına dövlət münasibətini səciyyələndirən faktlardır.

Bu gün dövlət-mətbuat münasibətlərində ulu öndər Heydər Əliyevin siyasətinin ənənələrini davam etdirərək, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmini, vətəndaşların informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görülür. Dövlət qurumları qarşısında KİV-lə normal, işgüzar münasibətlərin qurulması, jurnalistlərin informasiya almaq hüquqlarına hörmətlə yanaşılması, mətbuatla hərtərəfli əməkdaşlıq edilməsi vəzifəsi qoyulub. Mətbuatın müstəqilliyinin, maddi-texniki bazasının, eləcə də maliyyə təminatının möhkəmləndirilməsində, jurnalistlərin peşəkarlıq səviyyəsinin, nüfuzunun yüksəldilməsində də dövlət tərəfindən  mühüm işlər həyata keçirilir.

Milli mətbuatımız çox uzun və şərəfli bir yol keçib. Onun əsas inkişaf dövrü dövlət müstəqilliyimizlə bağlıdır. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında azad sözün müdafiəsi ilə bağlı təsbitlərin yer alması, müfəssəl müddəaların qeyd edilməsi, o cümlədən 1998-ci ildə senzuranın ləğvi, KİV haqqında qanunun qəbulu mətbuat tarixində mühüm hadisələrə çevrildi.

XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi, KİV-in sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb.

Ölkə mətbuatının daha da inkişafını təmin etmək üçün Milli Məclis “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək azadlığı haqqında” qanunlara bir sıra mütərəqqi dəyişikliklər edib.

Hazırda ölkəmizdə 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziyaradio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub. Ölkə əhalisi arasında internet yayımı 70 faizdən çoxdur, sosial şəbəkə istifadəçilərinin sayı isə 2 milyona yaxındır.

Azərbaycan Prezidenti İlham Əliyev azad mətbuatın inkişafı, problemlərinin həlli, jurnalistlərin  sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  dünyada analoqu olmayan mühüm addımlar atıb.

Ümumiyyətlə, milli mətbuatımızın müstəqillik illərində keçdiyi yolonun şərəfli yolçularına dövlətin verdiyi misilsiz dəyər müqayisəolunmazdır.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 3 may.- S. 11.