İslamiadada nəqliyyat xidməti də yüksək səviyyədə təşkil olunacaq

 

482 avtobus yarışlar müddətində atletlərin və tamaşaçıların ixtiyarına veriləcək

 

Bakı növbəti beynəlxalq tədbir ərəfəsindədir. Cəmi 8 gündən sonra paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları start götürəcək. Prezident İlham Əliyevin xüsusi diqqəti və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin uğurlu fəaliyyəti nəticəsində tək müsəlman aləminin deyil, dünyanın ən böyük idman yarışlarından biri olan İslam Həmrəyliyi Oyunlarının təşkili ilə bağlı hazırlıq işləri demək olar ki, yekunlaşıb.

Təbii ki, bu cür idman yarışlarının təşkili zamanı ən mühüm vəzifələrdən biri idmançıların, nümayəndə heyətlərinin, yerlixarici turistlərin, eləcə də paytaxt sakinlərinin rahatlığı üçün nəqliyyat xidmətlərinin koordinasiyalı təşkilidir. Çünki digər təşkilati məsələlərlə yanaşı, ilk növbədə nəqliyyat xidmətinin düzgün əlaqələndirilməsi olduqca mühümdür. Bu barədə qəzetimizə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlinin sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən agentliyə bir neçə istiqamətdə nəqliyyat tədbirlərinin təşkili həvalə edilib. Bunlar açılış və bağlanış mərasimləri zamanı ictimai nəqliyyatın təşkili, atletlərin nəqliyyatı üçün sürücülərin ayrılması, idman arenalarına ictimai nəqliyyatla gediş-gəlişin təmin edilməsi, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə dair tədbirlərdir.

 

Açılış-bağlanış mərasimlərinə ictimai nəqliyyat üçün 228 avtobus cəlb ediləcək

 

Məlum olduğu kimi, Oyunların sınaq açılışı, açılış və bağlanış mərasimlərində on minlərlə insanın iştirakı gözlənilir. Vüsal Kərimli bu barədə danışaraq bildirdi ki, qeyd edilən mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlərə - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına çatdırılması üzrə üç ekspres xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb ediləcək.

Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda olaraq saxlanılacaq. Bu istiqamət üzrə Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan daşıyıcılar tərəfindən müəyyən edilən avtobus və sürücülərin siyahısı yekunlaşdırılıb.

Sınaq açılışı, açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların daşınması ekspress xətlər vasitəsilə Olimpiya Stadionuna və mərasimlər bitdikdən sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz əsasda baş verəcək. Bununla bağlı agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və razılaşmalar əldə edilib.

Tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması zamanı stadionun İctimai Nəqliyyat Terminalından istifadə ediləcək. Belə ki, terminalın daxilində avtobusların daha təhlükəsiz hərəkəti üçün dairə əlavə ediləcək və giriş-çıxış beton baryerlərlə ayrılacaq. Həmçinin cəlb olunacaq avtobuslar üçün ayrıca gözləmə sahəsi təşkil ediləcək. Bütün bunlar hərəkətin təhlükəsizliyinin təmini baxımından əhəmiyyətlidir.

İctimai Nəqliyyat Terminalında avtobusların hərəkəti üçün Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında daşıyıcılar tərəfindən xüsusi texniki personal ayrılıb. Həmin şəxslər də uyğunluq yoxlamasından keçiriləcəklər.

Sınaq açılışı, açılış və bağlanış mərasimləri günlərində üç ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərəcəklər.

 

Atletlərə xüsusi avtobuslar ayrılacaq

 

Beynəlxalq səviyyəli idman tədbirlərinin təcrübəsinə uyğun olaraq Oyunlarda iştirak edəcək atletlərin rahat hərəkətinin və maksimum təhlükəsizliyinin təmini məqsədilə xüsusi ayrılmış avtobuslardan istifadə olunacaq. Belə ki, ayrılmış 144 ədəd “Neoplan” və 20 ədəd “Sprinter” markalı avtobusların idarə edilməsi üçün 320 nəfər sürücünün cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə sərnişindaşıma ilə məşğul olan daşıyıcıların müəyyən etdiyi 616 nəfərdən ibarət sürücünün siyahısı yoxlanılması üçün Əməliyyat Komitəsinə təqdim edilib.

Sürücülərin siyahısı müvafiq strukturlar - Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən uyğunluğa dair yoxlamadan keçirilib. Yoxlamadan keçən 490 sürücü Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib və artıq 245 sürücü təlimi uğurla başa vurub.

Oyunlar keçiriləcək bütün idman arenalarına tamaşaçıların, könüllülərin, işçi qüvvəsinin rahat şəkildə çatması məqsədilə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Agentlik arasında mütəmadi aparılan görüş və müzakirələrin nəticəsi olaraq Tədbirlər Planı işlənilib. Plana əsasən Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyatla təmin edilməsi üçün bir sıra avtobus xətlərinə dəyişikliklərin, onların hərəkət cədvəllərinə düzəlişlərin edilməsi, zərurət olduğu istiqamətlərdə avtobusların sayının artırılması və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edilən məsələlərlə bağlı müvafiq şərnişindaşıma şirkətlərinin rəhbərləri ilə mütəmadi görüşlər keçirilib və maarifləndirmə işləri aparılıb.

Vüsal Kərimli əlavə etdi ki, 8 may tarixində Xəzər rayon Mərdəkan qəsəbəsində yerləşən “DalğaArenada keçiriləcək iki futbol oyununda iştirak edəcək tamaşaçılar və digər şəxslərin daşınması üçünKoroğlumetrosu - “DalğaArena istiqamətində ekspress xəttin fəaliyyəti təmin ediləcək.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 1-30 may 2017-ci il tarixlərində Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş sərnişinlərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən ödənişsiz istifadəsi təmin ediləcək. Bu məqsədlə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən təqdim edilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib, izahedici məlumatların verilməsi məqsədilə daşıyıcılarla ayrıca görüşlər keçirilib.

 

Ayrı nəqliyyat mərkəzi yaradılıb

 

Atletlərin nəqliyyat üzrə tələbatının təmin edilməsi tədbirləri çərçivəsində atletlər üçün ayrıca nəqliyyat mərkəzinin yaradılması da nəzərdə tutulub. Bunun üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin (HUB) ərazisi seçilib. Lakin Koroğlu HUB-un müvəqqəti fəaliyyət ərazisi kimi Milli Gimnastika Arenası ilə üzbəüz ərazi müəyyən edilib. Bunun üçün BNA tərəfindən hazırlıq işləri aparılıb, ərazinin plan-sxeminin layihəsi tərtib edilərək müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Hazırlıq işləri bitdikdən sonra Koroğlu HUB-un avtobus əməliyyatları tam şəkildə aprelin 3-də Milli Gimnastika Arenası ilə üzbəüz həmin əraziyə köçürülüb. Qeyd edək ki, gün ərzində Koroğlu HUB-a ətraf kənd və qəsəbələrdən 29 marşrut üzrə fəaliyyət göstərən 430 avtobus daxil olur.

Müvəqqəti Koroğlu HUB-da sərnişinlərin rahatlığının və təhlükəsizliyinin artırılması məqsədilə bir sıra zəruri tədbirlər, o cümlədən avtobusların sürətinin azaldılması üçün tramplinlərin quraşdırılması, sərnişinlər üçün istiqamətləndirici və məlumatlandırma lövhələri yerləşdirilib. Mərkəzdə piyadaların təhlükəsiz hərəkətinin və məlumatlandırma işlərinin əhəmiyyətini nəzərə alaraq, könüllülərin imkanlarından da geniş istifadə edilir.

Göründüyü kimi, IV İslam Həmrəyliyi Oyunlarında nəqliyyatın təşkili ilə bağlı hazırlıqlar yüksək səviyyədə həyata keçirilib. Beləliklə, ölkəmizə gələcək idmançılar bir daha təşkilatçılığın Azərbaycan nümunəsinin şahidi olacaqlar.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.-4 may.- S.1; 8.