Azərbaycanın simvolu

 

Yeni islahatlar kursu Heydər Əliyevin milli inkişaf strategiyasının müasir modelidir

 

Azərbaycan tarixin heç bir dövründə indiki qədər güclü, müstəqil və qüdrətli olmayıb. Bu qənaət Prezident İlham Əliyevin timsalında bütün xalqımızın fikridir, ən əsası isə tarixi salnamələrdən süzülən həqiqətlərin işığında öz təsdiqini tapan inkaredilməz gerçəklikdir.

Bu, həm də istiqlalının 25-ci ildönümünü qeyd edən bir məmləkətin qürur, inkişaf, yüksəliş hesabatıdır. Müstəqilliyinin yaşı əsrləri, onillikləri əks etdirən dövlətlərin indi yaşadıqları ictimai-siyasi gərginliklərin, sosial-iqtisadi böhranların fonunda bugünkü Azərbaycanın əsrin cəmi dörddəbirində qazandığı nailiyyətlər daha əzəmətli və möhtəşəm görünür.

Müasir, yeni Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir, Prezident İlham Əliyevin əzmkar, qətiyyətli fəaliyyətinin real nəticəsidir. Qüdrətli Azərbaycan həm də uzun illər böyük sıxıntılar, çətinliklər, fəlakətlər yaşamış xalqımızın öz müstəqilliyi və liderləri ətrafında sıx səfərbər olaraq göstərdikləri vətənpərvərliyin, sədaqətin, etimadın təzahürüdür.

Həqiqətlər daim müqayisədə üzə çıxır. Etiraf edək ki, mövcud tərəqqi, sabitlik, rifah kimi uğur göstəriciləri əksər vətəndaşlarımızda indiyə qədər keçilən yolun məşəqqətlərini unudub, eyni zamanda yeni formalaşan gənclik də 1988-1993-cü illərin xaosundan, səfalətindən xəbərsizdir. Yəni biz bugünkü nailiyyətləri heç də uzaq olmayan keçmişin - 25 il öncənin faciələri ilə hökmən müqayisə etməli, təhlillər aparmalı, Azərbaycanın hansı enişdən hansı yüksəkliyə doğru keçidini davamlı şəkildə faktlaşdırmalı, tariximizin bu dövrünün obyektiv mənzərəsini yaratmalıyıq. Bu, ictimai-siyasi xadimlərin, ziyalıların, ağsaqqalların əsas mənəvi vəzifələrindən olmalıdır.

Ən böyük həqiqət odur ki, Azərbaycanın inkişaf və yüksəliş uğuru heç də tarixi proseslərin məntiqi qanunauyğunluğu, yaxud da dünyada baş verən hadisələrin nəticəsi kimi əldə olunmayıb. Əslində, bu təsirlərə qalsa idi, Azərbaycanın müstəqilliyi ya ötən əsrin 20-ci illərində olduğu kimi itiriləcək, ya da ən yaxşı halda formal xarakter daşıyacaqdı. 1993-cü ilədək olan durum da indiyə qədər davam edəcəkdi. Yəni, Azərbaycanın intibah salnaməsi düzgün yürüdülən siyasətin, uğurlu islahatların yekunu olduğu kimi, həm də böyük güclərə və tarixi proseslərin mənfi təsirlərinə qarşı əzmkar bir mübarizənin icmalıdır.

Bu şanlı tarixin yaradıcısı, bu müzəffər mücadilənin sərkərdəsi isə dünyanın ən böyük Azərbaycanlısı olan Heydər Əliyevdir!

Yalnız siyasi nəzəriyyə yox, elə sadə həyat da sübut edir ki, hər bir xalqın malik olduğu tarixi ənənələrin, mənəvi dəyərlərin, müasir düşüncə tərzinin, eləcə də fəaliyyət əmsalının əsas keyfiyyət göstəricisi məhz onun yaratdığı dövlətdir. Əgər dövlət simvolik formada mövcuddursa, yaxud o, fövqəlgüclərin təsir dairəsindədirsə, onun vətəndaşları özlərini azad, demokratik cəmiyyətin təmsilçiləri hesab etmirlərsə, onda nə bu dövlətin müstəqilliyindən, nə də dövləti yaradan xalqın qüdrətindən, idarəçilik potensialından, mübarizlik əzmindən danışmaq mümkündür. Biz bu acınacaqlı halı əsrlər boyu yaşamışıq. Amma bu millətin içindən çıxan şərəfli insanlar bu gedişi zaman-zaman dəyişməyə çalışmış, xalqın öz müstəqil dövlətinə sahib çıxması üçün fədakarlıqlar göstərmişlər. Bu mübarizələr tarixinin qürur məqamı əgər 1918-1920-ci illərin Cümhuriyyət dövrüdürsə, şanlı səhifəsi məhz 1969-cu ildən başlanan əsl müstəqillik mücadiləsidir.

“Dövlətlərin tarixi əslində, onları yaradan və yaşadan şəxsiyyətlərin tərcümeyi-hallarıdır” - fikrinin işığında Azərbaycanın tarixinin son 50 ilə yaxın dövrünü də haqlı olaraq məhz Heydər Əliyev şəxsiyyətinin təsiri ilə əsaslandıra, əlaqələndirə bilərik.

Günümüzdə müşahidə olunan bir yanaşma ilə də əsla razı deyiləm. Bəzən yanlış olaraq Azərbaycanın uğurlarını, sadəcə, ötən 24 illik dövrlə əlaqələndiririk. Halbuki müstəqillik illərində qazandığımız böyük uğurların əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulub. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol dahi öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır. Əgər tarixə işıq tuturuqsa, onda 70-ci illərdən öncəki dövrü də yada salmağa məcburuq. Bu mərhələnin əsl mahiyyətini nəzərə almasaq, Heydər Əliyev dühasının Azərbaycana bəxş etdiyi inkişaf və yüksəlişin də miqyasını izah edə bilmərik.

Elə şəxsi müşahidələrim, apardığım müqayisələr, təhlillər baxımından gördüklərimi və nəticə çıxardıqlarımı bölüşmək istərdim. Ümumiyyətlə, bu məqaləni sırf xatirələrim üzərində kökləmək niyyətindəyəm.

***

Azərbaycan dövlətinin və xalqının son 70 ildən artıq yaşam dövrü gözlərim qarşısındadır. Tariximizin ən ziddiyyətli, keşməkeşli mərhələləri, fərəhli, acılı-şirinli günləri həyatımdan keçib. Qanlı repressiya illəri, İkinci Dünya müharibəsinin ağır dövrləri, şəxsiyyətə pərəstiş illərinin mənəvi-ideoloji sarsıntıları düşüncəmdə dərin izlər buraxıb. Gənc yaşımdan fəal pedaqoji və partiya həyatım başlayıb. O dövrlər bir məsələ məni daim qayğılandırıb, düşüncəmə hakim kəsilib: Azərbaycan xalqı niyə ittifaq tərəfindən etinasızlıq, ayrı-seçkiliklə qarşılaşır? Ağır sosial-iqtisadi çətinliklər, mənəvi böhran, xalqın layiqli həyat tərzindən məhrum edilməsi niyə səngimir? Xüsusən də, ötən əsrin 60-cı illərində partiya iclaslarında inkişaf və tərəqqi ilə bağlı səslənən gurultulu bəyanatların gerçəklikdən tamamilə uzaq olduğunu görür, qəlbən sarsılırdım. Həmin dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri olan Azərbaycan taleyin ümidinə buraxılmış kimi görünürdü. İqtisadi, siyasi və mənəvi böhran şəraitində biz gənclərin gələcək barədə təsəvvürləri də bədbin notlar üzərində köklənmişdi.

Keçmiş imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı yeritdiyi siyasətin mahiyyətindəki bu ayrı-seçkiliyin, etinasızlığın, aşkar qərəzin nə ilə bağlı olduğunu özüm üçün aydınlaşdırmağa çalışır, dərin düşüncələrə dalırdım. Həmişə də bu qənaətə gəlirdim ki, təbii sərvətləri talanan, əhalisi yarımac vəziyyətdə yaşayan, sosial-mənəvi problemlər məngənəsində sıxılan respublikanın prinsipial, qətiyyətli və müasir ruhlu rəhbərə ehtiyacı var. Şükürlər olsun ki, tale gec də olsa, bizə rəhbəri, milli xilaskarı bəxş etdi! 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə xalqın taleyində tamamilə yeni səhifə açıldı.

Bu sətirləri yazarkən, ani olaraq müasir dövrümüzü yada salıram. Bu gün Prezident İlham Əliyevin bütün dünyaya nümayiş etdirdiyi səmərəli islahatçılıq, davamlı inkişafa nail olmaq məharəti, ölkəni mənfi təsirlərdən qorumaq cəsarəti, liderlik qətiyyəti tam 48 il öncəki siyasi mənzərənin eynidir.

2003-cü ildən etibarən qürurla müşahidə etdiyimiz quruculuq və yüksəliş dövrü əslində 1969-cu ildən başlayan Azərbaycanın inkişaf salnaməsinin yeni mərhələsi, məntiqi davamıdır.

O dövr üçün olduqca gənc lider sayılan Heydər Əliyev tərəfindən ilk günlərdən respublikada böyük bir inqilabın başlandığı göz önündə idi. Onun kimi xarizmatik və enerjili, xalqına, dövlətinə bağlı bir şəxsiyyətin hakimiyyətə gəlməsi xalqın həyatında yüksəlişin başlanğıcına çevrildi. Ulu öndər çevik təşkilatçı, zamanın nəbzini tuta bilən ədalətli rəhbər kimi sübut etdi ki, istək, iradə, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman az müddətdə çox şeyə nail olmaq olar. Elə bu daxili əminliklə də Heydər Əliyev problemlər məngənəsində çabalayan cəmiyyətin özünəinamını bərpa etdi. Dövlət idarəçiliyinə yeni ruh, müasirlik gətirdi, xalqın bütün potensialını milli problemlərin həlli yönündə səfərbər etdi. Hətta imperiya asılılığında belə, millətə vicdanlı, sədaqətli, ləyaqətli xidmətin mümkünlüyünü əməli fəaliyyəti ilə sübuta yetirdi.

Yeni rəhbərin qətiyyəti, təşəbbüskarlığı, yeniliklərə, islahatlara meyilli olması Azərbaycan vətəndaşlarında gələcəyə inam hissini gücləndirdi. Onun qarşısında duran vəzifələr miqyasca daha böyük, xeyli dərəcədə məsuliyyətli idi.

O, respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Hər cür riskə rəğmən, o dövrün naqisliklərini açıq deməkdən çəkinmədi, neqativ hallara qarşı mübarizə tədbirlərini gücləndirdi. Keçmiş SSRİ miqyasında korrupsiya və rüşvətxorluğa, iqtisadi cinayətkarlığa qarşı ilk qətiyyətli mübarizə tədbirlərini də məhz Heydər Əliyev başladı. Respublikaya rəhbərliyinin ilkin dövrlərindən etibarən qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atdı. İmperiya rəhbərliyi bu neqativ təzahürləri ört-basdır etməyə çalışsa da, ümummilli lider bu acı həqiqətləri gizlətməməyin, problemi doğuran səbəbləri aradan qaldırmağın tərəfdarı idi.

***

O zaman vilayət partiya komitəsində təlimatçı vəzifəsində çalışmışam, daha sonra Ordubad rayonunun ikinci katibi, nazir olaraq fəaliyyət göstərmişəm. 1978-ci ildə Ordubad rayon partiya komitəsinin I katibi, sonra Culfa rayon partiya komitəsinin I katibi işləyərkən Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi tədbirlərdə iştirak etmişəm. Dəfələrlə onun qəbulunda olmuşam və hər dəfə rayondakı vəziyyəti soruşmaqla, ümumi işlərin hesabatını dinləməklə yanaşı, o qədər düzgün tapşırıqlar, uzaqgörən məsləhətlər verirdi ki, məhz bunların nəticəsində həmin rayonlarda kompleks inkişaf əldə olunurdu. O, nitqlərində, çıxışlarında hər zaman çıxış yollarını aydın müəyyənləşdirirdi və problemlərin səbəblərini, həll yollarını uzaqgörənliklə vurğulayırdı.

Ordubad rayonuna rəhbər vəzifəyə seçilərkən Heydər Əliyevin mənə söylədiyi sözləri bu günə qədər unutmamışam: “Gedin düz işləyin, vicdanla çalışın. İşçilərə də bunu çatdırın. Harada olursansa, ol, səmərəli işləmək lazımdır. Xalqa layiqincə xidmət etmək gərəkdir”. İnsanlarda mənəvi təmizliyi o, hər şeydən üstün tuturdu. İşçilərdən kabinetlərdə qapanıb qalmamağı, vaxtlarının çoxunu camaat arasında keçirməyi tələb edirdi. O, sadə insanlarla ünsiyyəti xoşlayır, bundan zövq alır, öz kadrlarından da belə insanlarla təmaslardan qaçmamağı tələb edirdi.

Möhtərəm Prezident İlham Əliyevin bu gün xalqın inam, etimad ünvanına çevrilməsini, ən sadə vətəndaşla, kəndli, sürücü, çoban ilə belə xoş, səmimi ünsiyyət yaratmasını, onlarla səmimi dostluq etməsini hamımız qürurla seyr edirik. Və deyirik: ot kökü üstündə bitər!

Heydər Əliyev hələ o illərdə böyük uzaqgörənliklə gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırırdı. Müstəqilliyin iqtisadi əsasları da məhz o dövrdə faktiki olaraq yaradılmışdı. Azərbaycan qısa müddətdə özünü iqtisadi cəhətdən təmin etməyə qadir üç respublikadan (Rusiya və Ukrayna ilə birgə) birinə çevrilmişdi. Ulu öndər yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. O, qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail oldu. Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrildi. Respublikamız ötən əsrin 70-ci illərində neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə, şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxdı. Həmin illərdə Bakıda, Naxçıvanda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bu günün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Ümumilikdə, 1970-1985-ci illərdə bilavasitə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda 250-dən artıq sənaye müəssisəsi işə salınmışdı.

O dövrdə başlamış quruculuq və inkişaf prosesinin məntiqi davamı bugünkü Azərbaycandır. Məhz ötən əsrin 70-ci illərində əsası qoyulan düzgün yüksəliş kursu Prezident İlham Əliyev tərəfindən yeni dövrün ən modern tələblərinə uyğunlaşdırılıb və möhtəşəm nəticələr əldə edib. Dünyanın nüfuzlu strateji mərkəzləri artıq 7-8 ildir ki, “İnkişafın Azərbaycan modeli”ni tədqiq edirlər. Ölkəmiz səmərəli islahatların aparılmasına və onların uğurlu nəticələrinə görə dünyada ən öncül mövqelərdədir. Bu günlərdə Dünya İqtisadi Forumunun hesabatına əsasən, inkişaf indeksinə görə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında ikinci yerdədir. Respublikamız MDB məkanında keçid dövrünü başa vuran ilk ölkə oldu. Bu kimi faktlar saysızdır, onların hamısını qeyd etməyə ehtiyac yoxdur. Əsas odur ki, Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi yolla düzgün istiqamətdə irəliləyir.

Ötən əsrin 70-80-ci illərində bütün sahələri əhatə edən islahatlar sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilmişdi. Ağır sənaye ilə yanaşı, yüngül sənaye müəssisələrinin də açılmasına xüsusi diqqət göstərilirdi. Yeni-yeni tikiş və toxuculuq fabrikləri inşa olunurdu, əsas problemlərdən sayılan gənclər və qadınlar arasında işsizliyin sayı dəfələrlə azalırdı. Azərbaycanın dörd bir bucağında “gecəqondular” ləğv edilərək yüz minlərlə ev tikildi, mikrorayonlar salındı, yeni yaşayış massivləri istifadəyə verildi. 1980-ci illərin əvvəllərində Azərbaycanda quruculuq və abadlıq işlərinin, mənzil tikintisinin vüsəti 50-60 illik rəqəmlərlə müqayisə olunurdu. 10-12 il ərzində respublikada hər dörd nəfərdən biri mənzil şəraitini yaxşılaşdıra bilmişdi. Bu illərdə kənd yerlərində də tikinti-abadlıq işləri geniş miqyas almış, ümumi sahəsi 4,8 milyon kvadratmetr olan yaşayış evləri tikilib istifadəyə verilmişdi. Azərbaycan kəndinin mənzərəsi hələ o zaman şəhərlə müqayisə edilirdi.

***

Bu gün Azərbaycanda aqrar sektorda köklü islahatlar gedir. Prezident İlham Əliyev tərəfindən Azərbaycan kəndlisi, - indi o, fermer adlanır, - hər yönümdə dövlət qayğısı ilə əhatə olunub, hökumət tərəfindən çoxsaylı güzəştlər, maddi yardımlar alır. Bu sahədə düzgün siyasətin nəticəsidir ki, regionlarımız inkişaf edib, işsizlik azalıb, aqrar yönümlü müəssisələrin sayı-hesabı yoxdur. Kənd təsərrüfatımızın bugünkü inkişaf strategiyası da məhz 1969-cu ildə ümummilli lider tərəfindən başlanılmış aqrar islahatların davamıdır. Ulu öndər o dövrdə Azərbaycanı qarış-qarış gəzərək kəndli ilə birbaşa ünsiyyət yaratdı, onların qayğılarını, çətinliklərini öyrənməklə yanaşı, ölkəmizdəki aqrar sektorun əsas problemlərini, geriliyin səbəbini müəyyənləşdirdi. Qısa müddətdə çıxış yollarını tapdı və onu uğurla həyata keçirdi. Respublikamız 70-ci illərdə keçmiş ittifaq miqyasında mühüm kənd təsərrüfatı məkanı kimi tanınırdı, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdı. Azərbaycanda həmin dövrdə üzüm istehsalı 2 milyon tona, pambıq istehsalı isə 1 milyon tona çatmışdı. İttifaq miqyasında istehsal olunan üzümün 27, pambıq mahlıcının isə 9,2 faizi respublikamızın payına düşürdü. Boz səhraların suvarılması həm yeni iş yerlərinin açılması, həm də istehsalın artımı demək idi.

Kəndlilərimiz zəhmətə alışdı, sərvət sahibi oldu. Kənd əməkçisi halal zəhməti ilə özünün sosial problemlərini özü həll edirdi. Halallıq artıq dövlət ideologiyası səviyyəsinə qalxmışdı. Sadə kənd əməkçisi öz şikayətini elə iş yerində - tarlada, bağda, tərəvəz sahəsində, tikinti meydançasında, sənaye ocağında, fermada şəxsən Heydər Əliyevə söyləmək imkanı əldə etmişdi. O, sadə əmək adamının qəlbini fəth etmiş, onların yaxın dostu olmuşdu.

Bu gün Prezident İlham Əliyevin son dövrlərdə unudulmuş pambıqçılıq, üzümçülük, baramaçılıq, fındıqçılıq və digər sahələrlə bağlı imzaladığı dövlət proqramları, bunlarla bağlı keçirdiyi görüşlər, birbaşa sahələrə gedərək prosesə şəxsi nəzarətini yaratması, - bütün bunlar ötən əsrin 70-ci illərindən başlamış aqrar inkişafın artıq müasir çağırışlara uyğun davamıdır. Təsadüfi deyildi ki, həmin illərdə ulu öndəri ucqar kəndlərdə, keçilməz dağlardakı yaşayış məntəqələrində, zəmilərdə, tarlalarda müşayiət edənlər arasında yeniyetmə, gənc İlham Əliyev də olardı. Demək, cənab Prezident hər zaman müdrik rəhbərdən öyrənib, dərs alıb.

***

1982-ci ildə Naxçıvanın Culfa rayonunun birinci katibi vəzifəsində çalışdığım dövrdə ulu öndərin böyük qətiyyətinin, prinsipiallığının, millətə sevgisinin əyani təcəssümü olan, bu gün də böyük qürur, fəxarət hissi ilə xatırlanan bir hadisənin canlı şahidiyəm. Məhz Heydər Əliyevin böyük, əzmkar mübarizəsinin təntənəsi kimi, 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin nəşi uzaq Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırıldı. Fikrimcə, bu hadisəni yalnız ulu öndərin milli-mənəvi, ədəbi irsə qayğıkeş və həssas münasibəti kimi dəyərləndirmək olmaz. O dövr üçün son dərəcə qeyri-adi, təhlükəli, riskli görünən bu addım bütövlükdə ulu öndərin xalqda milli kimlik və özünüdərk hisslərinin güclənməsi istiqamətində apardığı siyasətin mahiyyətindən irəli gəlirdi. Müdrik rəhbərin qayğısı ilə o illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında da müstəsna rol oynadı.

Bunlar həm də azərbaycançılıq ideyasının təməl prinsipləri, əsas məramları idi. Müstəqil Azərbaycanın dövlət ideologiyasına çevrilən azərbaycançılıq məhz 70-80-ci illərdə formalaşmağa başlamış və tətbiq edilmişdir.

***

O dövrdə bütün ittifaq boyu hamı - baş katibdən sıravi vətəndaşa qədər hər kəs “Azərbaycan iri addımlarla irəliləyir” sözünü təkrarlayırdı. 30-40 il öncənin ən məşhur deyimlərindən olan bu ifadə ilə bağlı mənim də bir xatirəm var. 1969-cu ilin yaz ayları idi. Moskvadan “Oqonyok” jurnalının xüsusi müxbiri, tanınmış jurnalist Aleksey Qolikov Naxçıvana gəlmişdi. O, muxtar respublika haqqında jurnala material hazırlamalı idi. Onunla bir neçə gün muxtar respublikanın bütün rayonlarında olduq, zəngin material topladıq və sonda jurnalisti İrəvan aeroportundan ötürməli oldum. Sədərəkdən İrəvana tərəf bir neçə kilometr keçəndən sonra qonaq gözləmədiyim halda üzünü mənə çevirib soruşdu: - Fəttah Səməd oğlu, mənə deyə bilərsinizmi ki, Siz nə üçün bu dərəcədə geri qalmısınız?

Mən bu sualdan tutuldum, çünki qocaman jurnalistlə bir həftə ərzində Naxçıvan torpağının ulu tarixinin nişanələri olan zəngin memarlıq abidələri, xalqın keçdiyi tarixi inkişaf yolu, görkəmli şəxsiyyətləri barədə xeyli fikir mübadiləsi etmişdik. Nizamidən, Füzulidən, Nəsirəddin Tusidən, Əbubəkr Əcəmidən, Cəlil Məmmədquluzadədən, 800 yaşlı Mömünə xatun və Qarabağlar abidələrindən qiymətli materiallar toplamışdıq. Aramızda səmimi dostluq yaranmışdı. O, mənim üz-gözümdən yağan narazılıq ifadələrini duyub, fikrini bir az yumşaldaraq təkrar etdi: - Ola bilsin ki, xalqınızı yox, respublikanızı deyirəm, - respublikanız nə üçün geri qalır?

Müxbir dərhal əlindəki qovluğu açıb həmin gün aldığımız qəzetləri çıxardı. - Buyurun, mən bunları deyirəm, - deyə A.Qolikov qəzetlərdə çap olunmuş ilin birinci kvartalının hesabatlarını mənə göstərdi. Bu cədvəli nəzərdən keçirdim. Hesabat cədvəllərində Azərbaycan 15 respublika arasında axırıncı yerlərdə qərar tutmuşdu. Aleksey Qolikov fikrini bir az da sərtləşdirərək əlavə etdi ki, siz elə tərifdən dəm vurursunuz, amma faktlar tamam başqa fikir söyləyir. Jurnalist Aleksey Qolikovun sualı ömürlük hafizəmə həkk olundu: “Biz niyə geri qalırıq?”

...1978-ci ildə ölkə başçısı Leonid Brejnev ikinci dəfə Bakıya gəlmişdi. Baş katib respublikadakı quruculuq işlərinə yüksək qiymət verdi və möhtəşəm sarayda öz qənaətini bu sözlərlə yekunlaşdırdı: “Azərbaycan iri addımlarla irəliləyir!”. Bu sözlər həmin gün bütün İttifaqda, bütün dünya miqyasında radio, televiziya və bütün kütləvi informasiya vasitələrində səsləndi. Bu sözlərdən dost sevinirdi, düşmənlərsə narahat olurdu.

Leonid Brejnevin bu sözləri 10 il bundan öncə Aleksey Qolikovun məni daim düşündürən sualına tutarlı cavab idi. Elə həmin axşam Moskvaya A.Qolikova zəng etdim. Səsimi eşidən kimi telefonda salamsız-kəlamsız “Şiroko şaqayet Azerbaydjan!” - deyib sevinclə qışqırdı. Sonra isə əlavə etdi: - “Dost, hiss etdim ki, siz o vaxt mənim doğru sualımdan incidiniz. Amma əsl dost sözü üzə deyər. Mən o vaxt Azərbaycanın geridə qalmasına bir dost kimi acıyırdım. Görürsünüz, bir insan nələrə qadirdir? Heydər Əliyeviç əsl vətəndaş, bacarıqlı rəhbərdir. Gözünüz aydın, onu sizə Allah yetirib. Onu sevin, qədrini bilin. Mən sizi ürəkdən təbrik edirəm!”

Həmin gün “Azərbaycan” adını ucaldan Heydər Əliyev şəxsiyyəti gözümdə bir daha ucaldı. Xalqını və respublikasını ucaldan Heydər Əliyev özü az sonra daha böyük zirvəyə qalxdı. İttifaqda ikinci şəxs kimi tanınaraq Moskvada, Kremldə böyük bir vəzifə ona etibar edildi. Ulu öndərin Kreml zirvəsinə ucalması Azərbaycanın gücünün ən parlaq təsdiqi oldu. Onun adı bütün bu illər ərzində də Azərbaycan üçün xeyir və bərəkət mənbəyi oldu.

***

Dünyanın fövqəldövləti sayılan Sovet İttifaqının idarə edilməsinin bir-birinə bənzəməyən bir neçə müxtəlif sahələrinə rəhbərlik məhz ona tapşırıldı: təhsil və nəqliyyat, səhiyyə və sənaye, mədəniyyət, ədəbiyyat, incəsənət və s... O, bütün bu sahələrdəki vəziyyəti qısa müddətdə öyrəndi, ələ aldı və hər bir sahəyə əsl yüksək ixtisaslı mütəxəssis kimi, təşkilatçı kimi bacarıqla rəhbərlik etdi. Onun nəzarət etdiyi sahələrdə yeni bir canlanma və yüksəliş başlandı.

Heydər Əliyev dünyanın ən böyük iki dövlətinin biri adından qərarlar qəbul edir, digər dövlətlərin rəhbərləri ilə görüşür, Yaxın Şərqdə alovlanan münaqişələrin həllində vasitəçi olurdu. Bəli, bu böyük insanın şöhrəti artıq Kalininqraddan Vladivostokadək ölçülən İttifaq hüdudlarını çox aşmışdı. Ona sosialist düşərgəsinin üzvü olan ölkələrdə də hörmət edir, həmçinin ABŞ-dan Yaponiyaya, Çindən Afrikaya, ərəb dünyasından Avropayadək olan dövlətlərdə dünyanın əsas liderlərindən biri kimi qəbul edirdilər.

Nə yaxşı ki, həmvətənimizin dünya miqyasında qazandığı bu şöhrətin, nüfuzun bir neçə onillik sonra yenidən şahidi olduq. Bu gün Prezident İlham Əliyevin qlobal məkanın tanınmış, nüfuzlu liderlərindən birinə çevrilməsi, Azərbaycanın dünya geosiyasətində aparıcı, bölgə miqyasında isə əsas amil kimi tanınması, ölkəmizin dünya enerji siyasətini müəyyənləşdirən dövlətlər sırasında olması hər bir vətəndaşımızın iftixar mənbəyidir.

Ulu öndər 300 milyonluq insan arasında o qədər hörmət qazandı ki, hələ o zaman SSRİ-nin gələcək taleyini kim həll edəcək - sualına sadə əmək adamlarından tutmuş yüksək mənsəb sahiblərinə qədər hər kəs öz qənaətində “Heydər Əliyev” cavabını verirdi. Amma bu uğurlar M.Qorbaçov kimi bədxahların ürəyindən deyildi. Mənəvi cəhətdən onu məhv edə bilməyəcəklərini hiss edən Qorbaçov güruhu onu cismən məhv etmək qərarına gəldi. Vaxtilə Nəriman Nərimanovun və digərlərinin ömür sonluqlarını Heydər Əliyev fenomeninə tətbiq etməyə şükürlər olsun ki, Böyük Allah yol vermədi. O, bütün vəzifələrindən istefa verdi.

***

Bu dahi şəxsiyyətin hakimiyyətdən uzaqlaşması nəticəsində Azərbaycanın bütün sahələrdə böyük problemlərə, ən əsası isə hərbi təcavüzə məruz qalması insanlarımızda onun varlığına zəruri ehtiyac yaratdı. 1990-cı ilin qanlı yanvarı göstərdi ki, Heydər Əliyevin məkrli hücumlar üçün hədəf seçilməsinin əsas səbəbi nəticə etibarilə Azərbaycanı sarsıtmaq, xalqımızın başına faciələr gətirməkdir. İmperiyanın bu qanlı əməlinə etiraz bildirmək üçün ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev əsl və yeganə milli lider olduğunu təsdiqlədi. Bu faciədən sonra ulu öndərin Vətənə qayıtmasına imkan vermir, onun müdafiəsinə qalxanları dərhal təqib və təzyiqlərlə üz-üzə qoyurdular. Lakin onu heç nə qorxutmadı, bütün maneələri dəf edərək Vətənə, Azərbaycana döndü, dünyaya göz açdığı məkana, qədim Naxçıvan torpağına qayıtdı.

Heydər Əliyevin Naxçıvana gəldiyi gün sanki el bayramını xatırladırdı. Bir neçə saat ərzində on minlərlə insan Naxçıvan şəhərinin böyük meydanına toplaşaraq xalqımızın qeyrətli oğlunun görüşünə gəldi. İnsanlar ən səmimi hissləri, məhəbbətləri ilə onu bağırlarına basırdılar. Bu tarixi şəxsiyyətin Naxçıvana gəlişi blokada şəraitində yaşayan, dözülməz problemləri ilə yalqız qalan naxçıvanlılara ilahi bir ruh gətirdi. Hər gün muxtar respublikanın rayonlarından onlarla insan bu şəxsiyyətin ziyarətinə gələrək, onunla ünsiyyətdən mənəvi təsəlli tapırdılar. Bu görüşlərin əksəriyyətinin canlı şahidi kimi aydın görürdüm ki, ümidsizliyə qapılmış insanların ürəyində artıq bir ümid çırağı yanmağa başlamışdı. 1990-cı ildə Azərbaycan Ali Sovetinə və Naxçıvan Ali Məclisinə keçirilən seçkilər zamanı naxçıvanlılar Heydər Əliyevi deputat seçdilər. Həmin vaxt heç bir vəzifə tutmayan bu insana qarşı xalqın böyük etibarının və ehtiramının şahidi olduq.

Ulu öndər fəaliyyətində yeni mərhələyə - həm də Azərbaycan dövlətçiliyinin tarixində yeni dövrə başladı. Kiçik Naxçıvanda əslində, böyük Azərbaycanın müqəddəratı həll olunurdu. Bakıdakı rəhbərliyin nümayiş etdirdiyi səbatsızlıq, bacarıqsızlıq, intriqa üzündən Qarabağ cəbhəsində ard-arda məğlubiyyətlər yaşanır, yüz minlərlə insanın qaçqına çevrilməsinə göz yumulur, ölkə sosial-iqtisadi səfalətə sürüklənir, vətəndaş müharibəsi və separatizm baş qaldırırdı - ən əsası isə, bu kimi dağıdıcı meyillərə qarşı hakimiyyətin müqaviməti yox idi. Dövlətçilik məhvə, müstəqillik iflasa doğru gedirdi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi.

Lakin blokada şəraitində yaşayan, Bakıdakı rəhbərliyin davamlı təzyiqlərinə və maneələrinə məruz qalan Naxçıvanda əsl müstəqillik və dövlətçilik modeli yaranırdı. Təsadüfi deyil ki, müstəqillik və dövlətçiliklə bağlı bütün rəsmi qərarlar Azərbaycan Ali Soveti tərəfindən yox, Naxçıvan Ali Məclisi tərəfindən qəbul olunmuşdu. Müstəqillik və dövlətçiliklə bağlı təşəbbüslərin müəllifi də Azərbaycana o zaman rəhbərlik edən prezidentlər deyil, məhz Naxçıvandakı Heydər Əliyev idi.

Ulu öndərin Naxçıvan Ali Məclisinin sədri kimi qəbul etdiyi müdrik qərarlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər yenicə müstəqillik qazanmış dövlətin aparmalı olduğu islahatların mahiyyətini təşkil edirdi və 1993-cü ildən sonra bütün Azərbaycana şamil olunacaq yeni inkişaf kursunun da əsası idi.

***

Naxçıvan o zaman bütün Azərbaycan üçün milli azadlıq və milli dövlətçilik nümunəsi göstərirdi. Ümummilli lider özü də xalqımızın nəzərində dövlətçiliyin məğrur rəmzinə, canlı abidəsinə çevrilmişdi. Bu sözləri yazıram və mübaliğəyə varmadığıma tam əminəm. Yenə də unudulmaz xatirələrə müraciət edirəm.

1990-cı ilin yay aylarının sonu idi. Heydər Əliyev Naxçıvana gəldiyindən az müddət keçmişdi. Ulu öndərlə şəhərin Əcəmi seyrəngahı deyilən ərazisində gəzintiyə çıxmışdıq. Heydər Əliyev Möminə xatun məqbərəsinin qarşısına gələrək bu möhtəşəm abidəni heyranlıqla seyr edirdi. Qəfildən mənə dönərək: “Bilirsənmi, türbənin üstündə nə yazılıb?” - deyə soruşdu. “Heydər Əliyeviç, burada çoxsaylı “Allah” sözlərindən əlavə, həm də baş tərəfdəki haşiyədə bir beyt də yazılıb: Biz gedirik, dünya durur, biz gedirik, yaratdıqlarımız durur” - cavabımı bitirməyə heç imkan vermədi: “Yaratdıqlarımız, yoxsa əməllərimiz?” Fikrimə düzəliş verərək dedim: “Bəli, tamamilə düzdür, əməllərimiz. Bu söz Sizə də aiddir. Bütün Azərbaycan boyu minlərlə yadigarınız, yaratdıqlarınız əsərlər var. Elə gözümüzün qabağında olan bu nəhəng Mədəniyyət sarayı da Sizin ərsəyə gətirdiyiniz minlərlə yadigardan biridir. Xatırlayırsınızsa, bu möhtəşəm sarayın ilk təməlinin hələ 1979-cu ildə Sizin Mərkəzi Komitədəki kabinetinizin önündə ozamankı Azərbaycan rəhbərliyi ilə Naxçıvanın baş planını müzakirə edərkən qoymuşunuz. Siz bu nəhəng binanın maliyyə vəsaitini o zaman Moskvadan Təhsil Fondundan aldınız. Binanın əsası Siz Bakıda olarkən qoyulsa da, onun tikintisi Siz Moskvada işləyərkən başa çatdı. Çox sağ olun ki, o zaman bu Mədəniyyət sarayı üçün lazımi səhnə avadanlığını, bütün maddi-texniki təchizatı məhz Sizin köməyinizlə Saratov, Tümen, Sankt-Peterburq, Moskva, Kiyev və Uman şəhərlərindən alıb gətirə bildik”.

Heydər Əliyev bir az fikrə gedərək: “O zaman biz onu tikdik, o, xalqa əbədi xidmət edəcək” - söylədi və dərhal da əlavə etdi: “Ancaq gör qəzetlərdə hansı yalanlar uydururlar”. Bir anlıq sükutdan sonra Heydər Əliyev əlini məqbərənin divarlarına söykəyərək dedi: “Bu məqbərə isə Atabəylər dövlətinin yadigarıdır. Əgər hökmdar öz mərhum anasına belə bir möhtəşəm abidə ucaldıbsa, gör onda onların iqamətgahları, sarayları hansı əzəmətdə olub. Bunlar adi abidələr deyil. Bunlar Azərbaycan dövlətçiliyinin necə qüdrətli olduğunu göstərən abidələrdir. Bax, bu dövlətçilik ənənələrimizi indi də siz, gələcək nəsillər yaşatmalıdırlar”. Bir müddət keçəcəkdi, Heydər Əliyev özü Azərbaycanın dövlətçilik salnaməsinin ən qüdrətli rəmzinə, abidəsinə çevriləcəkdi!

***

1993-cü ilin iyununda Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları ulu öndərin ölkə rəhbərliyinə gəlişini qətiləşdirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu. O, Azərbaycanın yarımcan cisminə sanki mübariz ruh kimi qayıtdı, Azərbaycana qurtuluş, nicat, qüdrətli ordu bəxş etdi, ölkəyə sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Vətəndaşına ən ali hüquq və azadlıqlar, sərbəstlik, təkmil Konstitusiya, azad və ədalətli seçkilər, xalqın səsi ilə ərsəyə gələn parlament verdi. Heydər Əliyev nefti “fəlakət mənbəyindən” yüksəlişin əsas amilinə və ümumxalq sərvətinə çevirdi, xalqı mülkiyyətçi, sahibkar, pul yiyəsi etdi, halallıqla dolanmağı və çörək qazanmağı öyrətdi, məcburi köçkünü bataqlıqdakı çadırdan müasir evlərə köçürdü. Dünyanı, beynəlxalq təşkilatları qarış-qarış gəzərək Azərbaycanın haqq səsini qəbul etdirdi və Ermənistanın təcavüzkar siyasətini ifşa edərək, qələbəmizin siyasi, diplomatik və informativ zəminini formalaşdırdı. Ulu öndər Azərbaycanda vətəndaş qarşıdurmasını yox etdi, vətəndaş birliyini, sülhünü və həmrəyliyini yaratmaq məqsədilə on minlərlə insana amnistiya və əfv tətbiq etdi, hətta onun fiziki qəsdinə çalışan cinayətkarları bağışladı. O, Azərbaycan insanına güclü və qüdrətli dövlət, Azərbaycana isə uğrunda canından keçməyə hazır olan vətəndaşlar bəxş etdi. Ümummilli lider elə bir siyasi kursun əsasını qoydu ki, bu kurs Azərbaycan durduqca məmləkətimizin dövlətçilik konsepsiyası kimi yaşayacaq!

Heydər Əliyevin irsi indi etibarlı əllərdədir. Ulu öndər “Mən ona özüm qədər inanıram” - deyə qiymət verdiyi Prezident İlham Əliyev Azərbaycanda təməlini Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyasını böyük uğurla davam etdirir. İlham Əliyevin qətiyyətli idarəçiliyi, xalqa və dövlətə bağlılığı, qazandığı böyük nüfuz və ehtiram onu deməyə tam əsas verir ki, ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, zəfərlərə doğru inamla addımlayır, geniş miqyaslı inkişafa doğru gedir.

Dünya İkinci cahan savaşından sonrakı ən böhranlı, gərgin, qanlı dövrünü yaşayır. Qosqocaman dövlətlər tarix səhnəsindən silinir, dünənin sabit və inkişaf edən ölkələri bu gün vətəndaş müharibəsinin mərkəzinə çevrilir, milyonlarla sakini qaçqın kimi başqa qitələrə pənah aparır. İqtisadi-sosial böhran artıq qlobal miqyas alır, dövlətlər maliyyə iflasını rəsmən elan edir, vətəndaşlar maaşını, təqaüdü ala bilmir, işsizlər ordusunun göstəricisi dəfələrlə artır. Terrorizm ən böyük bəla kimi ölkələri, vətəndaşları təhdid edir. Budur müasir dünyanın, elə qonşu ölkələrin durumu, vəziyyəti.

Amma Azərbaycan bu qan çanağında sanki uzaq adaya çevrilib, sabitlik və inkişaf adası kimi öz nailiyyətlərini qoruyur. Bu, uğurdur və onun səbəbkarı Heydər Əliyev siyasi kursudur, Prezident İlham Əliyevin müdrik fəaliyyətidir!

Ötən ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni islahatlar kursu həyata keçirilir. Bu, inkişafın Azərbaycan modelinin yeni mərhələsidir. Bu, ötən əsrin 70-ci illərindən başlanmış islahatlar strategiyasının müasir çağırışlara uyğun daha da təkmilləşdirilmiş yeni nümunəsidir. Bu, Heydər Əliyevin banisi olduğu müstəqillik və dövlətçilik siyasətinin yeni töhfələridir.

Yeni islahatlar kursu Azərbaycanın inkişafının davamlığını təmin etməklə yanaşı, onu qlobal məkandan gələn maneələrdən, mənfi təsirlərdən uğurla qoruyur. Ən əsası isə müstəqil siyasətimizin - güzəştsiz siyasətimizin həyata keçirilməsinə etibarlı zəmin formalaşdırır.

Ötən ilin sentyabrında Azərbaycan vətəndaşları bu islahatların hüquqi bazasını təşkil edən Konstitusiyaya dəyişikliklər və əlavələrlə bağlı keçirilən referendumda fəallıqla iştirak edərək, dövlət başçısının yeni fəaliyyət kursunu birmənalı dəstəklədilər. Əsas Qanuna edilən dəyişikliklərin mühüm məqamlarından biri ölkənin inzibati strukturunda nəzərdə tutulan yeniləşmə idi. Ali hakimiyyət səlahiyyətində yaradılan yeni vəzifə - vitse-prezidentlik postu ölkədə davamlı olaraq aparılan struktur islahatlarının, inzibati təkmilləşmə prosesinin bariz nümunəsi oldu.

Ölkə rəhbərinin imzaladığı sərəncamla Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması bütün xalqın birmənalı razılığı və minnətdarlığı ilə qarşılandı. Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanda və onun hüdudlarından kənarda genişmiqyaslı mərhəmət, xeyirxahlıq, quruculuq missiyası yürüdən Mehriban xanım layiqli fəaliyyəti ilə özünü beynəlxalq miqyasda nüfuzlu ictimai xadim kimi təsdiqləməyə müvəffəq olmuşdur.

Ulu öndərin adını daşıyan fondun timsalında ölkədə və xaricdə böyük humanitar fəaliyyət yürüdən Mehriban xanım əslində məhz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu sübut etmiş, müstəqilliyimizin banisi olan şəxsiyyətin ideyalarının həyata keçirilməsində müstəsna əmək sərf etmişdir. Xalqımız tam əmindir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yeni mərhələdə davam edəcək missiyası dövlətimizə, xalqımıza böyük töhfə verəcək və Heydər Əliyev amallarının davamlı zəfərini şərtləndirəcək.

Azərbaycan qədər əbədi olan Heydər Əliyev və onun siyasi kursu ölkəmizin alternativsiz istinad mənbəyi, inkişaf manifestidir. Bu kursun təminatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz və xalqımız bütün hədəflərinə çatacaq, qarşıya qoyulan məqsədlər yerinə yetiriləcək.

 

Fəttah HEYDƏROV,

Milli Məclisin komissiya sədri,

Respublika Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan.- 2017.-5 may.- S.1; 5.