Ulu öndər Heydər Əliyev milli sahibkarlığı formalaşdırdı

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı həyatın bütün sahələrində fundamental dəyişikliklərin əsasını qoydu. Heydər Əliyevin həyata keçirdiyi islahatların vüsəti, əhatə dairəsi, ölkə həyatının ümumi mənzərəsinə təsir göstərmək imkanları yeni cəmiyyət yaradılması zərurətini qaçılmaz edirdi.

Bu dövrdə bazar iqtisadiyyatına keçidin, yeni mülkiyyətin formalaşması prosesinin diktə etdiyi ən başlıca şərtin məhz özəl sektorun fəaliyyəti üçün dövlət səviyyəsində maksimum imkanların yaradılmasından, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasından ibarət olması heç kəsə sirr deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, ÜDM istehsalında bu təbəqənin rolunu artırmadan dinamik iqtisadi yüksəlişi təmin etmək qeyri-mümkündür. Bu baxımdan sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının əsas qayəsini təşkil etməli idi. Bazar strukturlarının özü də, institutları da Azərbaycanın özünəməxsus şəraitinə uyğunlaşdırılmalı idi.

1990-cı illərin ortalarında bazar iqtisadiyyatına keçidlə əlaqədar Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə ilk dəfə 1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)” Dövlət Proqramını qeyd etmək olar.

“Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Ölkədə sahibkarlığın inkişafına təkan verən mühüm məqamlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda keçirilən beynəlxalq konfrans oldu. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər ölkədə sahibkarlığın inkişafı üçün müvafiq şərait yaradıldığını və bunun artıq konkret əməli nəticələr verdiyini bildirərək Azərbaycanda bu sahənin inkişafında xarici investorları fəal iştiraka dəvət etdi.

Xarici investorların həm hüquqlarının, həm də yatırdıqları sərmayələrin təhlükəsizliyinin qanunvericiliklə qorunduğunu bəyan edən ümummilli lider sahibkarlığın inkişafında Qərb təcrübəsindən istifadə olunacağını da diqqətə çatdıraraq bildirmişdir ki, “Sahibkarlıq bizim üçün ən mühüm amildir, sahibkarlığın inkişafı üçün dövlət bütün vasitələrdən istifadə edəcəkdir”.

Azərbaycanın ozamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasına və ölkəyə investisiya qoyuluşuna münbit şərait yaratdı.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq aparılan torpaq islahatları nəticəsində 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylandı, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradıldı. Ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması təşkil edirdi.

Heydər Əliyevin böyük müdriklik və iqtisadi hesablama əsasında müəyyənləşdirdiyi inkişaf konsepsiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

Sahibkarlığın inkişafında Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də sözügedən sahəyə dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və bununla əlaqədar qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi oldu. Qeyd olunan problemlərin aradan qaldırılması üçün qısa müddətdə kompleks tədbirlər həyata keçirildi. Bu kontekstdə ən vacib addımlardan biri kimi ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərmanın imzalanması qeyd edilməlidir.

1997-ci ilin 24 iyun tarixində isə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər)” qəbul olundu. Yeni proqramda əsas məqamlar milli iqtisadiyyatda kiçik və orta sahibkarlığın yerinin və rolunun müəyyən edilməsi, bu sahədə qanunvericiliyin möhkəmlənməsi, iş adamları üçün maliyyə-kredit sisteminin formalaşması, biznesin elmi-metodiki bazasının yaradılması üçün müvafiq zəmin formalaşdırması idi. Proqramda müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi, kiçik sahibkarlığın idarəolunma və maliyyə mexanizminin müəyyən edilməsi, vergi sisteminin xeyli təkmilləşdirilməsi və digər önəmli tədbirlər sahibkarlığın inkişafını daha da sürətləndirdi. Lakin qeyd edilənlərlə yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmaması dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Bu məqsədlə ulu öndərin 1999-cu il yanvarın 7-də “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanı göstərilən istiqamətdə vacib rol oynadı.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirilmiş, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldılmış, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti uzadılmışdır.

Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Bu görüş Azərbaycan sahibkarlığı tarixində yeni islahatlar dövrünün başlanğıcını qoymuşdur. Belə ki, respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, sahibkarların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. 2002-2005-ci illər üçün Azərbaycanda Sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunmuşdu.

Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda “Sahibkarlar günü” kimi təsis edilmişdir.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən 13 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə də həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir.

Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət kursu nəticəsində əlverişli biznes və investisiya mühiti investisiya axınının sürətlənməsinə şərait yaratmış, son 13 ildə iqtisadiyyatımıza 200 milyard dollar investisiya qoyulmuş, ölkəmizdə orta illik iqtisadi artım 12,2 faiz təşkil etmiş, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,6 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilən investisiyalar 9,6 dəfə, minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artmışdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir.

Məhz Azərbaycanda aparılan məqsədyönlü iqtisadi siyasət sayəsində ölkəmizdə 2016-cı ildə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılmış, son 13 ildə isə bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların bir milyon 300 mini daimi iş yeridir. Yeni yaradılmış iş yerlərinin əsas hissəsi, yəni 76 faizi regionların, 88 faizi iqtisadiyyatın qeyri-dövlət sektorlarının payına düşür.

2017-ci ilin yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının qeyd etdiyi kimi, həqiqətən də 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir.

Regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər hesabat ilində də davam etdirilib. Yoxlamaların dayandırılması ilə bağlı qanunun qəbulundan sonra ötən il vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq sahəsində cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün 2015-ci ildə bu yoxlamaların sayı 62 minə yaxın olub. Sahibkarların maarifləndirilməsi məqsədilə ötən il regionlarda 3400 sahibkarın iştirakı ilə 33 işgüzar forum keçirilib.

2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib və nəticədə 8100-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 74 faizi regionların payına düşür. Bu il sahibkarlıq subyektlərinə qaytarılmış vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində “Doing Business 2017” hesabatında Azərbaycanın 3 və daha çox islahat aparan 29 ölkədən biri olması, eyni zamanda 138 ölkəni əhatə edən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan ötən illə müqayisədə mövqeyini 3 pillə yaxşılaşdıraraq 40-cı pillədən 37-ci pilləyə yüksəlməsi, MDB məkanında isə əvvəlki illərdə olduğu kimi liderliyini qoruyub saxlaması ölkədə aparılan iqtisadi islahatların bariz nümunəsidir.

Ölkə Prezidentinin tapşırığı ilə ixracın təşviqi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə və ixrac missiyalarının təşkilinə başlanılmışdır.

Aprelin 10-da Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur.

Ölkə Prezidenti iclasda haqlı olaraq bildirdi ki, “Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir. Mən əvvəlki toplantıda qeyd etmişdim ki, biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq. Amma 40 mindən çox iş yeri özəl sektorda yaradılıbdır. Bu da iqtisadi inkişafın təzahürüdür.”

Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artmışdır. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılmışdır.

Cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz, o cümlədən sənaye məhsullarının ixracı 25 faiz artıb. Bu gün iqtisadiyyatımızın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır.

Bu gün aqrar bölmədə özəl sektorun xüsusi çəkisi demək olar ki, 100 faizə çatıb. Azərbaycanda turizmin sürətlə inkişaf etməsi sahibkarlar üçün yeni imkanlar yaratmışdır. 2016-cı ildə Azərbaycanın bütün bölgələrində turistlərin sayı 11 faiz, bu ilin 3 ayında isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artmışdır.

2017-ci ilin birinci rübünün yekunlarına əsasən deyə bilərik ki, respublikamızda bütün sahələri əhatə edən inkişaf, ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlar üçün uğurlu il olacaqdır.

Bu dövr ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir.

Sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

Bu gün ölkə əhalisi arasında, xüsusilə də sahibkarlar tərəfindən daha çox müzakirə olunan məsələlərdən biri Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələridir.

10 bölmədən, 14 bənddən və 11 hissədən ibarət olan bu sənəd qısa, orta və uzunmüddətli dövrlərə hesablanıb. O, təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və tələb olunan investisiya göstəricilərini əhatə edir.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminar, konfranslar keçirir və sahibkarların hüquq, vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirildi ki, “Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni, bu, çox böyük stimul verən təşəbbüsdür. Sahibkar iqtisadi cəhətdən bundan həm əlavə qazanc əldə edir, eyni zamanda, hesab edirəm ki, bunun mənəvi cəhətdən də mənası var. Çünki sahibkarda inam artır, öz işini daha da böyük inamla qurur, ölkəmizə daha da böyük inamla sərmayə cəlb edir”.

Görülən işlər nəticəsində yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. İndiyədək təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir.

Eyni zamanda istehsalın dəstəklənməsi və ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir.

Ölkədə həyata keçirilən qeyri-neft sektorunun inkişaf konsepsiyasında ilk növbədə hüquqi və fiziki şəxslərin qismində sahibkarların fəal iştirakına geniş meydan verilməsi, sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştli kreditlər şəklində verilən maddi dəstəyin ilbəil artırılması və çoxsaylı digər tədbirlər Prezident İlham Əliyevin bu sahəyə diqqətini təsdiqləyən faktların yalnız az bir hissəsidir.

Bütün bu tədbirlərin nəticəsi kimi Azərbaycanın həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 2016-cı ilin sonuna 80 faizə yüksəlmişdir.

Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Konfederasiyanın nəzdində fəaliyyət göstərən daimi komissiyalardan biri də “Qadın sahibkarlığın inkişafı” komissiyasıdır. Bu komissiya konfederasiyanın ən aktiv komissiyalarından biri olub, sahibkarlıq sahəsində qadınların rolunun artırılmasını təmin etmək məqsədilə yaradılmışdır. Hazırda konfederasiyanın 350-yə yaxın qadın sahibkar üzvü vardır.

Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin son 23 ili ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan ümummilli liderin xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Çünki xarakter, mahiyyət və fəaliyyət etibarı ilə uca olan Heydər Əliyev ancaq vətən, xalq amalı ilə yaşayaraq təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın həyatında önəmli bir şəxsiyyət olmuşdur. Onun Azərbaycana rəhbərliyinin əsrin üçdəbiri qədər dövrünü əhatə edən zaman kəsiyi əbədiyaşar ulu öndər Heydər Əliyev dühasının nümayişi hesab oluna bilər. Bu dövr Azərbaycan xalqının həyatında intibah dövrü olmuşdur. Ulu öndər həmin zaman kəsiyində Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırmış və özünün qətiyyəti ilə doğma vətəni Azərbaycanı bütövləşdirmiş və hər yerdə onu layiqincə təmsil etmişdir.

Buna görə də əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub, əsrlər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Müasir dünyada ölkəmiz Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının işığında və Prezident İlham Əliyevin böyük dövlət quruculuğu əzminin, yaradıcı təfəkkürünün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edən bir dövlət kimi qəbul olunur.

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlar və Sahibkarlar Konfederasiyası dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək bilik və bacarığını xalqımızın rifah halının daha da yüksəlməsi, rəqabətədavamlı istehsal potensialı, “Made in Azerbaijan” brendinin bütün dünyada tanınması üçün öhdəsinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli və düzgün istifadə edərək ölkəmizin iqtisadi qüdrətinin artması üçün bütün qüvvələrini səfərbər edəcəklər.

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyasının prezidenti

 

Azərbaycan.- 2017.-5 may.- S.7.