Azərbaycan
NATO-nun etibarlı tərəfdaşıdır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 4-də NATO baş katibinin
ictimai məsələlər üzrə müavini Tacan
İldemi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tacan
İldem NATO baş katibinin ictimai məsələlər
üzrə müavini vəzifəsində Azərbaycana ilk dəfə
gəldiyindən məmnunluğunu ifadə etdi, ölkəmizə
sonuncu səfərindən iki il keçməsinə baxmayaraq,
böyük bir inkişaf prosesinin şahidi olduğunu
vurğuladı. Tacan İldem NATO-nun baş katibi Yens
Stoltenberqin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham Əliyev NATO
baş katibinin ictimai məsələlər üzrə
müavini Tacan İldemin Bakıda keçirilən IV
Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunda
iştirakından məmnunluğunu ifadə etdi. NATO ilə əlaqələrə
toxunan dövlətimizin başçısı ölkəmizin
bu təşkilatla uzun illər səmərəli əməkdaşlıq
həyata keçirdiyini bildirdi, Azərbaycanın müxtəlif
proqramlar, o cümlədən “Sülh naminə tərəfdaşlıq”
proqramı çərçivəsində sülhməramlı
əməliyyatlarda həmişə etibarlı tərəfdaş
kimi çıxış etdiyini dedi. Prezident İlham
Əliyev qeyd etdi ki, bu gün Azərbaycan sülhməramlı
əməliyyatlar üçün yük
daşımalarına önəmli töhfə verir, eyni
zamanda, Azərbaycan hərbiçiləri Əfqanıstanda təhlükəsizliyin
təmin olunması işində iştirak edir, həmçinin
Azərbaycan Əfqanıstanla müxtəlif sahələrdə
əməkdaşlığı genişləndirir.
Görüşdə Bakıda
keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi
Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, bu tədbirin
ölkələr və xalqlar arasında əlaqələrin
möhkəmləndirilməsində rolu vurğulandı.
Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Prezident İlham Əliyev NATO-nun
baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını NATO-nun baş katibinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-
2017.-5 may.- S.1.