"12-ci oyunçumuz azarkeşlər olacaq"

 

Futbol üzrə milli komandamız İslamiadaya hazırdır

 

IV İslam Həmrəyliyi Oyunlarının başlamasına çox az vaxt qalıb. Son illər mühüm siyasi, iqtisadi və idman tədbirlərinə evsahibliyi etməklə beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilən Azərbaycan sayca IV İslamiadaya da tam hazırdır.

Müsəlman aləminin ən möhtəşəm idman tədbirini azarkeşlər böyük səbirsizliklə gözləyirlər. 57 ölkədən 3 mindən çox atlet müxtəlif idman növlərində dostluq və qardaşlıq şəraitində mübarizə aparacaqlar. Ən güclülərin yarışacağı idman növləri içərisində futbola maraq göstərənlər çoxdur. İslamiadalar tarixində ilk dəfə futbol bir idman növü kimi proqrama daxil edilib. Milli komandamızın da yer aldığı futbol yarışlarındakı bütün qrup oyunlarına biletlər satılıb.

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 23 yaşadək futbolçulardan ibarət 8 yığma komanda mübarizə aparacaq. A qrupunda yarışacaq millimiz mayın 8-də “Bayıl Arena”da Kamerun, mayın 11-də Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş yığmaları ilə qarşılaşacaq. Komandamızın baş məşqçisi Yaşar Vahabzadə yekun siyahıya 23 futbolçunun adlarını daxil edib. Bunlar qapıçılar Emil Balayev (“Səbail”), Şahrudin Maqomedaliyev (“Qarabağ”), Tərlan Əhmədli (“Sumqayıt”), müdafiəçilər Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı “Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi “Sumqayıt”), Tellur Mütəllimov (“Qəbələ”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”), yarımmüdafiəçilər Fəhmin Muradbəyli (“Neftçi”), Mirabdulla Abbasov (“Sumqayıt”), Elşən Abdullayev, Coşqun Diniyev (ikisi də “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev (“Zirə”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Elnur Cəfərov (“Duqopolye” Xorvatiya), hücumçular Mahir Mədətov və Ağabala Ramazanovdur (ikisi də “Qarabağ”).

 

“Bakı-2017” gənc futbolçular üçün böyük təcrübədir

 

Mayın 8-də İslamiada çərçivəsində futbol yarışlarına start veriləcək. Yığmamızın nəyə qadir olduğunu və hazırkı vəziyyət ilə bağlı bəzi suallara aydınlıq gətirmək üçün komandamızın Mərdəkandakı AFFA Futbol Mərkəzində açıq məşqində iştirak etdik. Futbolçularımızın məşq prosesi çox gərgin şəkildə keçirdi. Baş məşqçi Yaşar Vahabzadə ara-sıra məşqi saxlayır, futbolçulara öz məsləhətlərini verir, bəzi epizodlar barədə onları məlumatlandırırdı. Mətbuata açıq edilən 15 dəqiqəlik məşq prosesindən sonra futbolçulardan bəziləri ilə görüşüb söhbət etdik.

Milli komandamızın kapitanı, IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Ruslan Abışov turnirə çox həvəslə hazırlaşdıqlarını dedi: “İlk öncə İslamiadada yarışacaq bütün idmançılarımıza uğurlar arzulayıram. Çox gərgin məşq prosesi keçirik. İslamiadaya futbolçuların yarışı ilə start veriləcək. Bu bir çox futbolçuda həyəcan yaratsa da, eyni zamanda böyük fəxrdir. Federasiya rəhbərliyi öz köməyini bizdən əsirgəmir, yaxşı nailiyyətlər qazanmağımız üçün əllərindən gələni edirlər. Bir sözlə, hər bir şərait yaradılıb. Millimizin oyunlarına biletlərin tükəndiyini öyrəndik. 12-ci oyunçumuz azarkeşlərimiz olacaq. İnşallah, onların dəstəyi ilə Kamerun yığması ilə qarşılaşmadan 3 xalla ayrılarıq. Xüsusilə bu cür görüşlər gənc futbolçular üçün böyük təcrübə olacaq”.

R.Abışov IV İslamiadanın Azərbaycanda keçirilməsinin hər bir vətəndaşda böyük qürur hissi doğurduğunu diqqətə çatdıraraq “Bakı-2017”nin idmançı səfiri təyin olunmasına da münasibət bildirdi: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Oyunların Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə, hər bir beynəlxalq tədbir təşkilatçısına nümunə ola biləcək şəkildə başa vurub. Belə mötəbər bir idman tədbirində idmançı səfir seçildiyimi eşidəndə böyük sevinc hissi keçirdim. İslamiadanın təbliğatı ilə bağlı bir sıra görüşlərdə iştirak etdim. Layihələrdən biri sayılan “Domestic Grassroots” proqramı çərçivəsində yeniyetmə və gənc idmançıları həvəsləndirmək, onlara idman karyeralarında dəstək vermək məqsədi ilə master-klasslar keçdik. Master-klasslar zamanı idmanla maraqlanan yeniyetmələrin və həvəskarların praktik məsləhətlərdən yararlanaraq, gələcək karyeralarında uğurlar qazanmaq imkanı əldə edəcəklərinə inanıram”.

Milli komandamızın üzvü, Xorvatiyanın “Duqopolye” klubunun hücumçusu Elnur Cəfərov isə islamiadalar tarixində ilk dəfə futbol yarışlarında iştirak edəcəyi üçün çox sevincli olduğunu bildirdi. Qeyd etdi ki, idmançılara hər zaman dövlət tərəfindən diqqət göstərilib. Biz də çalışacağıq ki, həm dövlətin, həm də xalqın etimadını layiqincə doğruldaq: “Hər şey baş məşqçidən asılıdır. Baş məşqçi Yaşar Vahabzadə şans versə, özümü göstərəcəyəm. Diqqətimi milli komandanın uğur qazanmasına yönəltmişəm. Karyeramı hansı klubda davam etdirəcəyim haqda yekun qərarı İslamiadadan sonra verəcəyəm. Ola bilsin, Azərbaycana qayıtdım. Dəqiq bilinmir. Xaricdən bir-iki təklif var. İslamiadadan sonra oturub dəyərləndirəcəyəm”.

Milli komandamızın qapıçısı Emil Balayevin məşqdən sonra fərdi şəkildə çalışdığını gördük. Yaxınlaşıb hazırkı durumunun hansı səviyyədə olduğu ilə maraqlandıq. Dedi ki, İslamiadada mübarizə aparacaq heyətdə yer almaq hər bir futbolçunun karyerasında mühüm məqamlardan biri olacaq: “Millidə hər bir mövqedə olduğu kimi, burada da ciddi rəqabət var. Sağlam rəqabət hər zaman komandanın xeyrinə işləyir. Gərgin məşq keçirik. İnşallah, əziyyətimiz yerdə qalmaz. Kamerun seçməsi ilə matçda qazanacağımız 3 xalla IV İslam Həmrəyliyi Oyunlarını salamlayarıq”.

 

Futbolçular dövlətin və xalqın etimadını doğruldacaqlar

 

Milli komandamızın məşq prosesini izləyənlər sırasında Azərbaycan futbolunun tanınmış mütəxəssisləri Vaqif Sadıqovla Ağasəlim Mircavadov da var idi. Onların millimizin məşqini diqqətli şəkildə izlədiyinin və komandamızın baş məşqçisi Yaşar Vahabzadə ilə futbolçular haqda ayrılıqda müzakirələr apardıqlarının şahidi olduq.

Əməkdar məşqçi, milli komandamızın sabiq çalışdırıcısı, AFFA-nın Məşqçilər komitəsinin sədri Vaqif Sadıqov yığmanın son vəziyyəti barədə məlumat verdi: “Millimiz IV İslam Həmrəyliyi Oyunlarına hazırdır. Federasiya rəhbərliyi daim komandamıza qayğı göstərir. Bilirsiniz ki, ilk dəfə olaraq Azərbaycanın 23 yaşlılardan ibarət yığma komandası formalaşıb. Baxmayaraq ki, əksər futbolçular çox gəncdir, belə mötəbər turnirlərdə az sayda çıxış ediblər. Lakin heyətə dəvət edilən 3 təcrübəli oyunçu komandaya müsbət mənada təsir göstərəcək. Futbolçularımız doğma divarlar arasında oynamağın məsuliyyətli və eyni zamanda qürurverici hadisə olduğunu çox yaxşı başa düşürlər. Biletlərin oyunlardan bir neçə gün öncə satılıb qurtarması yerli publikanın millimizə necə sahib çıxdığını nümayiş etdirir. Komandada birlik olduğu təqdirdə İslamiadada istədiyimiz nəticəyə nail olacağıq. Futbolçuların dövlətin və xalqın etimadını doğruldacaqlarına inanıram”.

Vaqif Sadıqov onu da qeyd etdi ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları təkcə müsəlman aləmində deyil, dünya miqyasında mötəbər bir idman yarışıdır. İslamiadada iştirak edən ölkələr bu Oyunlara ən tanınmış və ən güclü idmançılarını göndərirlər: “İlk Avropa Oyunlarında Azərbaycan nümayiş etdirdiyi təşkilatçılıq ilə dünyanı heyran qoydu. Avropa Oyunlarının standartını müəyyənləşdirdi. “Bakı-2017”nin hazırlığının da tələb olunan səviyyədə həyata keçirilməsində Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşkilatçılıq məharəti və hər bir işə böyük məsuliyyətlə yanaşması müstəsna rol oynayır. Xüsusi olaraq vurğulamaq istərdim ki, İslamiadada əsas məqsəd ən güclü idmançıların müəyyənləşdirilməsi ilə yanaşı, müsəlman xalqları arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi, sülh və əmin-amanlığın təbliği olacaq”.

AFFA-nın Məşqçilər komitəsinin üzvü, milli komandamızın sabiq çalışdırıcısı Ağasəlim Mircavadov da yığmamızın İslamiadaya hazır olduğunu vurğuladı: “İlk olaraq qeyd etmək istərdim ki, tamaşaçıların biletlərə maraq göstərməsi sevindirici haldır. Bu yarış böyük təcrübə olacaq. Futbol yarışlarında Azərbaycanın çıxışı çox gözəl haldır. İlk dəfə Azərbaycanda 23 yaşlı futbolçulardan ibarət yığma komanda formalaşıb. Deyərdim ki, bu da bir məktəbdir. Baş məşqçiyə inam böyükdür. Bu yaş qrupunu çox yaxşı tanıyır. Çünki oyunçuların əksəriyyəti ilə bundan əvvəlki aşağı yaş qruplarında çalışıb. Təcrübəli futbolçuların da heyətə qoşulduğunu nəzərə alsaq yaxşı bir komanda formalaşdırıldığını deyə bilərik. Mayın 8-də qrupdakı ilk oyunumuzda qələbənin bizimlə olmasına inanırıq”.

 

Əsas məqsəd qrupdan çıxmaqdır

 

Milli komandamızın baş məşqçisi Yaşar Vahabzadənin isə məşqdən, oyunlara hazırlıq prosesindən çox razı qaldığı hiss olunurdu. Lakin, onu narahat edən bir məqam isə komandanın heyətində yer alan 7 futbolçunun olmaması idi. “Qarabağ” və “Qəbələ”də forma geyən həmin futbolçular bu gün Azərbaycan kubokunun finalında çıxış edəcəklərindən heyətə sabah qoşulacaqlar.

Mayın 1-dən etibarən təlim-məşq toplanışına başladıqlarını deyən Yaşar Vahabzadə futbolçuların hazırlıqlarından razı qaldığını dedi: “Gündə 2 dəfə məşq keçirik. Komanda yarışın məsuliyyətini dərk edir. Ona görə də ciddi hazırlaşırıq. İlk növbədə yaxşı oyun göstərməliyik. Mətbuatdan oxuyuruq ki, bütün biletlər satılıb. Azarkeşlərin dəstəyini hiss etmək bizi ruhlandıracaq. Əsas məqsədimiz ilk olaraq qrupdan çıxmaqdır. Sonrasına baxacağıq. Rəqib komandaların oyunlarını izləmişik. Adlara görə çətin qrupa düşmüşük. İlk matçlar həmişə çətin keçir, həyəcanlı olur. Komanda fəallığını adətən oyundan-oyuna artırır. Mayın 5-də Kamerun “Sumqayıt”la yoxlama oyunu keçirəcək. Həmin görüşü də stadiondan izləyəcəm. Heyətdəki adlar bizə heç nə demir. Kamerunun heyətində “Monako” (Fransa), “Kayzerslauter” (Almaniya) klublarının futbolçularının olduğu deyilirdi. İlk turda Mərakeş və Səudiyyə Ərəbistanının da nəyə qadir olduğunu biləcəyik”.

Yığmamızın məşqçilər korpusu, futbolçular mayın 8-ni səbirsizliklə gözləyirlər. Həmin günü millimiz A qrupunda ilk oyununu Kamerun yığmasına qarşı keçirəcək. Görüş saat 18:30-da başlayacaq. Futbolçularımızda həyəcanla yanaşı, sevinc və qürur da hiss olunurdu. Azərbaycan futbol tarixində belə bir nüfuzlu idman tədbirinin ilk iştirakçıları olacaqlar.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 5 may.- S. 1; 8.