Dünya Bankının nümayəndələri bölgələrimizdə həyata keçirilən yeni layihələrlə tanış olublar

 

Dünya Bankının sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobelin rəhbərliyi ilə nümayəndə heyəti “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” çərçivəsində icra olunan layihə yerlərinə baş çəkdikdən sonra mayın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Robert Vrobel bildirib ki, səfər proqramı çərçivəsində Gəncə, Yevlax, Ağdam, Goranboy və Bərdə rayonlarında həyata keçirilən yeni layihələrlə tanış olublar. Bu layihələrin ən yaxşı layihələr sırasında olduğunu deyən Robert Vrobel istər məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, istər gəlirgətirmə, istərsə də gənclərə dəstəklə bağlı həyata keçirilən işləri xüsusi qiymətləndirib. O, həmçinin qeyd edib ki, Azərbaycanda bu sahədə qazanılan uğurları görmək daha da ürəkaçandır.

Robert Vrobel həyata keçirilən layihələr çərçivəsində indiyə kimi 103-ə yaxın yataqxanada təmir-bərpa işlərinin aparıldığını bildiribbu işlərin davam etdirilməsini təklif edib.

Görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Bildirib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilibbundan sonra da bu sahədə nəzarət mexanizmi daha da güclü olacaq.

Baş nazirin müavini Dünya Bankının nümayəndələrinin yeni layihə yerlərinə səfər etmələrini və həyata keçirilən işlərlə tanış olmalarını yüksək qiymətləndirib və bu səfərlərin tez-tez olmasının vacibliyini vurğulayıb.

Baş nazirin müavini deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycan sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlirgətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməsi zərurəti qalmaqdadır.

Baş nazirin müavini Əli Həsənov məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmiş səylərin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırığına əsasən Azərbaycan Hökuməti və Dünya Bankı arasında imzalanmış yeni Kredit Sazişinin məcburi köçkünlərin həyatında mühüm rol oynayacağını qeyd edib.

Görüşdə Robert Vrobel həyata keçirilən layihələrlə bağlı müxtəlif suallarla müraciət edib və onları maraqlandıran məsələlərə ətraflı aydınlıq gətirilib.

 

Azərbaycan.- 2017.- 6 may.- S. 9.