Radek Vondraçek: Çexiya-Azərbaycan tərəfdaşlığı yüksək səviyyədədir

 

Mayın 5-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çexiya parlamenti Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Valeh Ələsgərov qonaqlara parlamentin strukturu, burada təmsil olunan siyasi partiyalar, Milli Məclisin beynəlxalq fəaliyyəti barədə məlumat verib. Söhbət zamanı parlamentlərarası əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın müstəqillik tarixi, neft strategiyası, ölkəmizdə neft sənayesinin inkişafı və digər məsələlər müzakirə obyekti olub.

Qeyd edilib ki, dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra əməkdaşlığımız yeni mərhələyə qədəm qoyub. İkitərəfli münasibətlərin möhkəmləndirilməsində deputatların qarşılıqlı səfərləri və keçirilən görüşlər böyük əhəmiyyət kəsb edir.

Söhbət zamanı əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, mədəni, elm və təhsil sahələrində genişləndirilməsinə maraq ifadə olunub. Qonaq Çexiya-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirdiklərini və qarşıda görüləsi bir çox mühüm işlərin dayandığını qeyd edib.

Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2017.- 6 may.- S. 9.