Sosial ədalət rəmzi

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən mürəkkəb ictimai-siyasi hadisələr, erməni təcavüzü, daxili sabitliyin pozulması, hakimiyyətdaxili intriqalar yenicə qurulmuş, kövrək addımlarını atan ölkəmizin müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Ölkə dağılmaq, parçalanmaq ərəfəsində idi. Belə bir tarixi anda xalqımız dahi, uzaqgörən siyasi lider, görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında birləşərək müstəqil dövlətin yaşamasına nail oldu. Ölkəmiz məhz dahi liderin rəhbərliyi altında mürəkkəb ictimai-siyasi proseslərdən üzüağ çıxdı, regionun strateji əhəmiyyətə malik dövlətinə çevrildi.

 

Heydər Əliyev sosial sabitliyin təminatçısı olub

 

Bu möhtəşəm uğurun təməli Heydər Əliyevin güclü dövlət ideyasına sadiq qalaraq ilk növbədə sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verməsindən qaynaqlanırdı. Kataklizmlərlə dolu 90-cı illərin əvvəllərində bir yandan inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması, əvvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özlərinin minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu.

Şübhəsiz ki, totalitar rejimdən çıxmış, uzun illər dövlətçilik ənənəsindən məhrum olmuş, iqtisadiyyatı dərin böhran keçirmiş bir ölkə üçün transformasiya prosesi asan və rahat olmayacaqdı. Buna isə radikal addımlarla nail olmaq mümkün deyildi. Çünki bu cür gedişat siyasi və iqtisadi kataklizmlərə səbəb olardı ki, müstəqillik yolunda kövrək addımlarını atan ölkəmiz üçün fəsadları çox ağrılı olardı. Bu mənada Heydər Əliyev məhz sosial sabitliyə əsaslanan islahatlar yolunu seçmişdi.

Ulu öndər 10 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə mərasimindəki nitqində gələcək fəaliyyətinin konturlarını bu cür ifadə etmişdi: “Bu yol çətin və ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur”.

Bu dövrdə sosial müdafiə sisteminin yeni şəraitə uyğun qurulması təmin edilənədək, SSRİ zamanında mövcud olan dövlət təminatı sisteminə əsaslanmaq baş məqsəd kimi seçilmişdi. Qeyd olunanlar 11 avqust 1994-cü ildə respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş müşavirədə ümummilli lider Heydər Əliyev tərəfindən belə vurğulanmışdır: “Həyatımızda, iqtisadiyyatımızda davam edən dəyişikliklər prosesi, şübhəsiz ki, iqtisadiyyatın yeni formalarının tətbiq olunmasını tələb edir və biz bu yolla gedirik. İqtisadiyyatımızın əksər hissəsində hələ ki iqtisadi münasibətlər, idarəetmə formaları əvvəlki kimi qalmaqdadır. Hələ ki keçmiş metodlardan, üsullardan istifadə edirik və yəqin ki, hələ bundan sonra da istifadə edəcəyik”.

Məhz bu səbəbdən digər dövlətlərdən fərqli olaraq Azərbaycanda ulu öndərin müdrik yanaşması nəticəsində ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir.

1993-cü ilin sonlarından etibarən tədricən iqtisadi islahatlara start verildi, həmin islahatların cəmiyyətə mənfi təsirlərini tənzimləmək üçün əhalinin ehtiyacı olan təbəqələrinin sosial müdafiəsini təmin etmək dövlətin əsas vəzifəsi kimi müəyyənləşdirildi. Məsələn, qiymətlərin sərbəstləşdirilməsi haqqında, işləməyən pensiyaçılara kompensasiya verilməsi haqqında, “çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 1993-cü il 22 noyabr tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanları buna misaldır.

Bu mərhələdə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi və faciə qurbanlarının sosial müdafiəsi xüsusi nəzarətə götürüldü. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi qanunlar qəbul olundu. Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin maddi imkanının yaxşılaşdırılması, Azərbaycan Milli Qəhrəmanlarına və onlardan həlak olanların ailələrinə yardım edilməsi Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamları ilə hüquqi normaya çevrildi.

Həyata keçirilən tədbirlərin davamı kimi 1994-cü ildən əməyin ödənilməsinin minimum məbləği əhəmiyyətli şəkildə artırıldı, pensiya, təqaüd və müavinətlərin məbləği əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırıldı. 1994-cü il dekabrın 1-dən sosial və işləməyən pensiyaçılara, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrə və texniki peşə məktəblərinin şagirdlərinə, adambaşına aylıq gəliri minimum əməkhaqqının 2 mislindən az olan ailələrdə 16 yaşınadək uşaqların hər birinə yeni məbləğlərlə pul kompensasiyası təyin edildi.

Ulu öndər Heydər Əliyevin məqsədyönlü yürütdüyü siyasət nəticəsində Azərbaycan Respublikasında 1995-ci ildə geriləmə prosesinin qarşısı tam alınmış və sabit inkişaf istiqamətində dönüşün yaranmasına nail olunmuşdur. Artıq 1996-cı ildən etibarən əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində atılan ciddi addımların müsbət təsiri əhəmiyyətli şəkildə hiss olunmağa başlamışdı. Ümumilikdə, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı oldu ki, bunun nəticəsində ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artdı.

 

Sosial islahatlar ağrılı keçirdi

 

Sosial müdafiənin və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə dair atılan növbəti addımlar, bu istiqamətdə həyata keçirilən siyasətin elmi-nəzəri dəyərlərə və dünyanın ən mütərəqqi təcrübəsinə əsaslanması vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması ilə müşayiət olunmuşdur. Əməkhaqlarının, pensiya və digər sosial müavinətlərin vaxtaşırı artırılması, yoxsulluq probleminin həlli ilə bağlı görülən tədbirlər ölkənin sosial müdafiə modelinin daha güclü bir hala gəlməsinə yol açmışdır. Bu zaman ulu öndər müvafiq islahatların həyata keçirilməsini də xüsusi diqqət mərkəzində saxlayır, sözügedən kontekstdə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə zəruri tədbirlər görürdü.

2002-ci il yanvarın 1-dən ölkəmizin sosial siyasətində yeni dövr başladı. Belə ki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli qanunu ilə iki konseptual məsələ öz həllini tapdı: 1) güzəşt və imtiyazlardan istifadə edən əhali kateqoriyasının dairəsinə yenidən baxıldı; 2) kommunal və nəqliyyatdan istifadəyə görə güzəştlər müavinətlərlə əvəz olundu. Bütövlükdə kommunal və nəqliyyat sahəsində mövcud olan güzəştlərin monetarizasiyası həyata keçirildi.

Güzəştlərin müavinətlərlə əvəz olunması bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerjidaşıyıcılarından düzgün və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiənin ünvanlılığının artırılmasına şərait yaratdı. Məsələn, ictimai nəqliyyatda özəl sektorun xüsusi çəkisinin getdikcə artdığı bir şəraitdə güzəştli şəxslərin həmin xidməti göstərən təşkilatlar hesabına nəqliyyatdan pulsuz istifadə etməsi bütövlükdə bazar münasibətlərinin mahiyyətinə zidd idi. Çünki dövlətlə nəqliyyat xidməti göstərən təşkilatlar arasında münasibətlər vergi, lisenziya və sairə ilə tənzimləndiyindən həmin xidmət təşkilatlarının üzərinə əlavə bir yük qoyulması bazar iqtisadiyyatının prinsiplərinə uyğun deyildi. Bu güzəştləri dövlət müəyyən edirsə xərcini də dövlət çəkməlidir. Təbii ki, ilkin mərhələdə bu islahatlar güzəştlərdən yararlanan əhali tərəfindən heç də birmənalı qəbul edilmədi. Lakin məsələnin mahiyyətinə vardıqda onlar görüntü olaraq ağrılı sayılan bu inqilabi islahatları ən optimal variant kimi qəbul etdilər və dəstəklədilər.

Güzəştlərin müavinətlərlə əvəz olunması ünvanlılığın gücləndirilməsinə səbəb oldu. Eyni kateqoriyaya aid olan şəxslər müxtəlif yaşayış məntəqələrində yaşayırlarsa təbii ki, həmin güzəştlərdən bəhrələnmək imkanları da fərqli olurdu. Bakıda ictimai nəqliyyatın sıx şəbəkəsi, kommunal xidmətin bütün növləri mövcuddur. Lakin digər kənd yaşayış məskənlərində bu xidmətlərdən istifadə imkanları elə də geniş və əhatəli deyil. Belə olan halda şəhərdə yaşayan imtiyazlı təbəqə bu imtiyazlardan daha çox, kəndlərdə yaşayanlar isə daha məhdud səviyyədə istifadə edirdi. Güzəştlərin müavinətlərlə əvəz olunması isə imkan verdi ki, bu imtiyazlardan məhdud səviyyədə istifadə edənlər və yaxud o dövrdə məlum səbəblərdən istifadə edə bilməyənlər də onlar üçün nəzərdə tutulmuş güzəştlərin pul əvəzini alsınlar.

“Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” 2003-cü il fevral ayının 20-də 854 nömrəli fərmanla təsdiq edilmişdir. Dövlət proqramının icrasına başlandığı dövrdə ölkə üzrə yoxsulluq səviyyəsi 49 faiz qiymətləndirilirdi. Yoxsulluğun azaldılmasının məqsədi ilə sosial siyasətin qarşısında dayanan vəzifə arasında eyniyyət olduğunu (hər ikisinin məqsədi insanların layiqli həyat səviyyəsinə nail olmaqdır) nəzərə alsaq görərik ki, bu istiqamətdə görülən irimiqyaslı işlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönümündə ciddi irəliləyişlərə səbəb olmuşdur.

 

Sosial müdafiənin baş xətti məşğulluqdur

 

Əlbəttə, məşğulluq cəmiyyətdə rifah amilinin əsas şərtləndirici faktorudur. Cənab Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm komponentlərindən biri də əmək ehtiyatlarından istifadə edərək aktiv məşğulluq siyasətinin həyata keçirilməsidir. Əgər iqtisadi fəal əhalinin sayı 2003-cü ildəki 4373.5 min nəfərdən 2015-ci ildə 4915.3 min nəfərə çatmaqla, 12,4 faiz artıbsa, iqtisadiyyatda məşğul əhalinin sayında artım 17,6 faiz təşkil etmişdir, muzdla çalışan işçilərin sayı isə 2003-cü ildəki 1226.6 min nəfərdən 2016-cı ilin sonuna kimi 23,6 faiz artaraq 1516.4 min nəfərə çatmışdır. Son 13 ildə ölkəmizdə çoxsaylı yeni istehsal və emal müəssisələrinin, turizm, təhsil, idman, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması, 1,1 milyonu daimi olan, əksər hissəsi regionların payına düşməklə 1,6 milyondan artıq iş yerinin açılmasına gətirib çıxarmışdır.

Sahibkarlara dövlətin maliyyə dəstəyinin ildən-ilə artırılması, onların fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, azad iqtisadi zonaların yaradılması ilə əlaqədar xüsusi qanunun qəbulu, investisiya mühitinin yaxşılaşdırılması və s. tədbirlər özəl sektorun genişlənməsinə imkan yaratmaqla, onun məşğulluqda roluna da əhəmiyyətli dərəcədə təsir etmişdir.

Dünyada baş verən mənfi iqtisadi amillərin ötən ilin sonlarından daha da kəskinləşdiyi şəraitdə bu prosesin milli iqtisadiyyata təsirlərinin azaldılması üçün möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çevik islahatlar ilk növbədə əhaliyə məşğulluq imkanlarının yaradılmasına yönəldilib.

Cənab Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamı bu sahədə dövlət siyasətinin, dövlət yardımından asılı vəziyyətdə yaşayan aztəminatı ailələrin özünüməşğulluğunun dəstəklənməsi mexanizminin, bununla da sosial müdafiə siyasətində aktiv təsirə malik yeni fəaliyyət istiqamətinin formalaşmasına zəmin yaratmışdır. Bu məqsədlər üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 6 milyon manat ayrılıb. Bu vəsait hesabına aztəminatlı ailələr arasından seçilmiş təxminən 1400 ailənin özünüməşğulluq layihələrinə cəlb edilməsi nəzərdə tutulur.

Özünüməşğulluq proqramı Azərbaycanda aztəminatlı ailələrlə bağlı sosial müdafiə siyasətinin aktiv əmək bazarı proqramlarına əsaslanan yeni keyfiyyət mərhələsinə keçidini təmin etməklə, ölkədə işsizlik səviyyəsinin daha da azalmasına, əmək ehtiyatlarının keyfiyyətinin və əmək məhsuldarlığının, iqtisadi fəallığın və ailə gəlirlərinin artmasına şərait yaradacaq. Bu proqram həmçinin əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, fərdlərin sahibkarlıq və marketinq bacarıqlarının inkişafına müsbət təsir göstərəcəkdir. Proqramın uğurlu nəticələri növbəti illərdə də həmin istiqamətdə işlərin daha geniş miqyasda davam etdirilməsinə əsas yaradacaq.

İşsizlikdən sığorta sisteminin mahiyyəti əslində sosial müdafiə sisteminin əhatə etdiyi tədbirlərdən biri kimi qəbul olunur. Qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq işsizlikdən sığorta sistemi vasitəsilə maliyyə mənbəyinin formalaşdırılması nəzərdə tutulur. Beynəlxalq təcrübədə işsizlikdən sığorta sistemindən ayrılan vəsaitlərin bir hissəsi aktiv əmək bazarı proqramlarına yönəldilir.

 

İslahatların əsas məqsədi ünvanlılıqdır

 

2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyevin mükəmməl islahatlar kursu respublikanın iqtisadi potensialının gücləndirilməsində sürətli inkişaf mərhələsini şərtləndirməklə bərabər, yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına, sosial firavanlığın təminatına doğru mühüm addımların atılmasına zəmin yaradıb. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”. Bununla bağlı qəbul edilən qərarlar son 13 ildə iqtisadiyyatın 3,4 dəfə, qeyri-neft sektorunun 8 dəfədən çox artdığı Azərbaycanda ümumi inkişafın sosial rifah amilini də uğurla əhatə etməsi ilə nəticələnmişdir. Həmin dövrdə əhalinin gəlirləri 7 dəfə, gəlirlərin orta illik artım sürəti iqtisadi artım sürətindən orta hesabla 8,3 faiz yüksək olmuşdur.

Adambaşına düşən gəlirlərin ildən-ilə artım tendensiyası da davam etmiş, 2003-cü ildən etibarən 1,1 milyonu daimi olan, əksər hissəsi regionların payına düşən 1,6 milyondan artıq iş yerinin yaradılması, minimum əməkhaqqının 11,7 dəfə çoxalması sosial rifah səviyyəsinin artımında mühüm rola malik olmuşdur.

Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulub, qısa müddətdə bu məqsədlərin reallaşmasında mühüm uğurlara nail olub. Belə ki, məqsədyönlü dövlət proqramları, kompleks tədbirlər nəticəsində yoxsulluq 5 faiz səviyyəsinə qədər azalmışdı. Son illər ərzində ölkəmizdə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib və təmir edilib, 90-dan çox yeni qəsəbə salınmaqla 250 mindən çox məcburi köçkün mənzillə təmin olunmuşdur.

Bunlarla yanaşı, ötən dövrdə möhtərəm dövlət başçısı tərəfindən imzalanan fərmanlar, sərəncamlar və dövlət proqramları ilə sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılması yönündə mühüm addımlar atılmışdır. 2003-cü ildən etibarən dövlət sosial müavinətlərinin orta aylıq məbləği 3 dəfəyə yaxın, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin məbləği 2,6 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği 2,2 dəfə artırılıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan əmək pensiyalarının orta aylıq məbləğində 2003-2015-ci illərdə 10,3 dəfədən çox artım qeydə alınmışdır.

Azərbaycanda sosial müdafiənin tərkib hissəsi kimi, sığorta-pensiya sistemi, bu sistemdə olmayan şəxslər üçün dövlət sosial müavinət sistemi, işsizliyə görə müavinət sistemi, yoxsulluq səviyyəsində olan ailələr üçün ünvanlı dövlət sosial yardımı sistemi fəaliyyət göstərir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə, şəhid ailələrinə,

I qrup əlillərə, fəxri adı olanlara Azərbaycan Prezidentinin aylıq təqaüdləri ödənilir. Bütün bunlar Azərbaycan vətəndaşının təminat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir.

 

Elektron hökumət elementləri şəffaflığın qarantıdır

 

Sosial müdafiə sistemində şəffaflığın tam təmin olunması, məmur-vətəndaş kontaktının aradan qaldırılması yönündə ardıcıl və təxirəsalınmaz işlər görülmüşdür. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqavilələrinin elektron qeydiyyat sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS), Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS), avtomatlaşdırılmış pensiya təyinatı sistemi formalaşdırılmışdır. 2016-cı ilin fevral ayından bu sistemlərin tətbiq olunması əmək və sosial müdafiə sahələrində idarəetmə mexanizmlərinin təkmilləşməsinə, sosial müdafiə sistemində ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasına imkan vermişdir.

Bunun nəticəsidir ki, 2016-cı ilin 15 fevralından 1 dekabr tarixinədək “Elektron hökumət” portalındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə ailələri təmsil edən şəxslər tərəfindən 259 604 ədəd “Ərizə-bəyannamə” VEMTAS-a daxil edilmişdir. Onlardan 57 838 ailəyə, yəni 22,3 faizinə avtomatlaşdırılmış qaydada ünvanlı sosial yardım təyinatı aparılmışdır.

Digər bir elektron sistem Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin tətbiqi ilə əlilliyin müayinəsi və təyini üçün Tibbi-sosial ekspert komissiyaları tərəfindən vətəndaşların müayinəsi proseduru tam aradan qaldırılmışdır. Yəni əlilliyin qiymətləndirilməsi üçün Səhiyyə Nazirliyinə göndərilən elektron göndərişdə şəxsə aid olan bütün məlumatlar kodlaşdırılır və göndərişin kimə aid olduğu bilinmir, tam obyektiv şəkildə əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir.

Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən sistem Azərbaycanın öz mütəxəssisləri tərəfindən hazırlanmış və bu elektron sistemə bir sıra ölkələr də böyük maraq göstərmışdır, hətta bu proqramın əldə olunması üçün müraciətlər də olub. Bundan başqa, əmək müqavilələrinin elektron qeydiyyat, sığorta-pensiya və avtomatlaşdırılmış pensiya təyinatı sistemləri geniş tətbiq edilir.

Əhalinin elektron xidmətlər sırasında əmək müqavilələrinin elektron qeydiyyat sistemi mühüm yer tutur. Əmək bazarının dəqiq və əhatəli uçotunun aparılmasında, işçilərin əmək və sosial hüquqlarının təminatında xüsusi rol oynayan bu sistemin istifadəyə verildiyi 2014-cü ilin iyulundan 2016-cı ilin sonunadək 6,4 milyon dəfə müraciət olunmuşdur.

 

Reallıqlar və dünya təcrübəsinə əsaslanan sistem

 

1993-cü ildən başlayaraq Azərbaycan Respublikasında siyasi sabitlik nəticəsində əldə olunan iqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmişdi. Ötən illər ərzində ölkəmizin pensiya təminatı sisteminin beynəlxalq təcrübəyə uyğun yenidən qurulması sosial siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi. Respublikamızda həyata keçirilən islahatlarla müasir və sosial baxımdan yüksək pensiya təminatı sisteminin yaradılmasına nail olunmuşdur. Bunun nəticəsi olaraq pensiya yaşında olan əhali təbəqəsinin sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Əhalinin sosial müdafiəsi sahəsində məqsədyönlü tədbirlər 2006-2013-cü illərdə əmək pensiyalarının orta aylıq məbləğinin 5,7 dəfə yüksəldilməsinə imkan vermişdir. Pensiya təminatı sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruriliyi bu gün islahatların davam etdirilməsini şərtləndirir. Azərbaycanda mövcud pensiya təminatı modelinin Beynəlxalq Əmək Təşkilatının, Avropa Şurasının sosial təminat sahəsində müvafiq konvensiyaları və tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilməsi vətəndaşların pensiya təminatının daha müasir mexanizmlər vasitəsilə həyata keçirilməsinə imkan verən sistemin yaradılması ilə bağlıdır. “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” əhatə etdiyi dövrdə pensiya təminatı sahəsində dövlət siyasətinin əsaslarını müəyyənləşdirir.

Beynəlxalq təcrübədə pensiyaların maliyyələşdirilməsi həmrəylik, yığım, habelə bu modellərin birləşməsindən ibarət pensiya sistemləri əsasında həyata keçirilir. Azərbaycan Respublikasında pensiya təminatı üzrə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş, o cümlədən sığortaolunanlara fərdi hesablar açılaraq, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılmışdır. Aparılan islahatlarla ilk növbədə əvvəlki pensiya təminatı sisteminin bazar iqtisadiyyatı ilə uyğunsuzluğunun yaratdığı çoxsaylı problemlər aradan qaldırılmış, həmin sistemlə əhatə olunmuş insanların məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır.

Bütün dövrlərdə aparılan islahatlar dövlətin öhdəlikləri ilə sığorta-pensiya öhdəliklərinin fərqləndirilməsinə, bunun nəticəsi olaraq sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinə imkan verəcəkdir.

 

Hadi RƏCƏBLİ,

Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2017.-6 may.- S.11.