Ulu öndər Azərbaycanın enerji təhlükəsizliyinə böyük önəm verirdi

 

Mən xoşbəxtəm ki, Azərbaycanın müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam.

Heydər ƏLİYEV

 

İnsan var ki, adı tarixə yazılır, insan da var ki tarixi o yaradır. Ümummilli lider Heydər Əliyev sözün əsl mənasında tarix yaradan bir şəxsiyyətdir. Bəlkə də elə bu səbəbdəndir ki, insan özündə cürət tapıb onun barəsində nəsə fikirləşəndə keçmiş zamanda deyil, qeyri-ixtiyari olaraq indiki zamanda yazır. Çünki, Azərbaycan dövlətinə, onun sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə Heydər Əliyev dühasının vurduğu möhürü, müəyyənləşdirdiyi yolu görürsən. Ulu öndər Azərbaycanı azərbaycanlıların ixtiyarına verən və Azərbaycan xalqı “öz taleyinin sahibidir” - deyən ilk böyük dövlət xadimidir. Ümummilli dəyərləri ideoloji baxımdan ilk dəfə təsbit edən şəxsiyyətdir Heydər Əliyev. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqı naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha da aydın görünür. Məhz ulu öndərin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu.

1969-cu ildə Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni həyatında köklü dəyişikliklərin əsası qoyuldu. Öz miqyasına görə həmin dəyişikliklər Azərbaycanın müasir inkişaf tarixinin ən dolğun səhifələrini təşkil edir. Qətiyyətlə deyə bilərik ki, ümummilli liderin respublikaya rəhbərliyinin birinci dövründə gördüyü işlər sonralar müstəqil Azərbaycanın iqtisadi bazasının formalaşdırılması və inkişafında müstəsna rol oynamışdır. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, “ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır”.

Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərindəki, istərsə də müstəqillik dövründəki dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sisteminə də sirayət edir. Elektrik energetikasında sürətli inkişafı təmin etmək məqsədi ilə hələ 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirildi, bir sıra irimiqyaslı layihələr reallaşdırıldı. Məhz həmin illərdə Heydər Əliyev respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərdi. Demək olar ki, Azərbaycanda enerji təhlükəsizliyi sisteminin təməli həmin illərdə qoyuldu.

Bütün bu işləri görməklə Heydər Əliyev Azərbaycanın bu gününü əvvəlcədən görürdü və hesab edirdi ki, vaxt gələcək, bu işlər müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edəcək.

Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu.

1969-cu ilə qədər Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrildi. Bununla da elektrik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Respublikaların maliyyə imkanlarının məhdud olduğu bir dövrdə çox böyük vəsait tələb edən bu irimiqyaslı işlərin görülməsi üçün İttifaq büdcəsindən vəsaitin ayrılmasına nail olmaq həmin dövrdə heç də asan deyildi. Heydər Əliyev 1970-80-ci illərdə energetika sahəsində gördüyü işlər haqqında sonralar belə deyirdi: “Hər dəfə elektrik stansiyası tikilməsi haqqında SSRİ rəhbərliyi qarşısında məsələ qoyarkən mənə deyirdilər ki, SSRİ-də vahid elektrik enerjisi sistemi var və Azərbaycana nə qədər elektrik enerjisi istəyirsiniz verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir”.

Xüsusilə qeyd etmək lazımdır ki, həmin dövrdə Bakı və onun qəsəbələrinin də elektrik təsərrüfatının inkişafında yeni mərhələ başlanmış oldu. Belə ki, həmin dövrdə Badamdar, Musabəyov qəsəbələrində, 8-ci kilometrdə, Əhmədli, Günəşli yaşayış massivlərində, Respublika stadionunun ətrafında və s. sahələrdə möhtəşəm tikinti işləri gedirdi. Məhz həmin illərdə Bakı metropoliteninin yeni stansiyaları, “Gülüstan” sarayı, Respublika Əl Oyunları sarayı, Bakı Dövlət Sirki, “Azərbaycan”, “Bakı”, “Abşeron” mehmanxanaları, elektrotexnika, elektron və digər sənaye sahələrinin iri müəssisələri istifadəyə verildi. Bütün bunların dayanıqlı enerji təchizatının təmin edilməsi bilavasitə Bakı Şəhər Elektrik Şəbəkəsinin üzərinə düşürdü və demək lazımdır ki, o, bunun öhdəsindən layiqincə gəlirdi.

1970-ci illərdə Sovet İttifaqı ərazisində yüksək gərginlikli elektrik enerjisinə 6 kvt-dan 10 kvt-a məhz Bakıda keçildi və şəbəkənin 220/127 voltdan 380/220 volt gərginliyə keçilməsi təmin edildi. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu həmin dövrdə respublika iqtisadiyyatının sürətli inkişafına imkan verən və onun gələcəkdə iqtisadi cəhətdən müstəqilliyinə zəmin yaradan bir çox iri müəssisə və obyektlərin, o cümlədən Bakı Məişət Kondisionerləri, Dərin Özüllər və Bakı Yeni Neftayırma zavodlarının tikintisinə nail olundu ki, onların elektrik enerjisi təchizatının təminatı üçün yeni inşa edilmiş 110 kV-luq yarımstansiyalar istismara verildi.

Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə əsaslı islahatların aparılmasına başlandı. Azərbaycanın enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən ulu öndərin diqqət və qayğısı sayəsində respublikamızın, o cümlədən Bakı şəhərinin elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi. 1990-cı illərdə hər birinin uzunluğu 1,4 kilometr olan 1-ci və 2-ci Aeroport (“Qala” və “Suraxanı” yarımstansiyaları arasında hava xəttindən budaqlanma), 1-ci H.Aslanov hava xətləri çəkildi. Bakı ətrafındakı Kürdəxanı, Şağan, Türkan, Zirə, Nardaran qəsəbələrinin enerji təminatını yaxşılaşdırmaq məqsədilə 35 kv-luq yarımstansiyalar, habelə 99, 202, 212, 213, 431 saylı və s. yarımstansiyalar istismara verildi.

Heydər Əliyev xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı elektroenergetika təsərrüfatının yenidən qurulması məsələlərini də diqqət mərkəzində saxlayırdı. Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış “Şəmkir” SES-in davamı olan Yenikənd su elektrik stansiyasının inşasının başa çatdırılması buna əyani misaldır. Sovet İttifaqı süqut edərkən buradakı tikinti işlərinin 60 faizi görülmüşdü. Lakin maliyyə vəsaitinin və düzgün idarəçiliyin olmaması səbəbindən müstəqillik dövründə - 1992-ci ildə SES-in tikintisi dayandırılmışdı. Ulu öndər Heydər Əliyev 1995-ci ilin dekabırında Böyük Biritaniya və Şimali İrlandiya Krallığına işgüzar səfəri zamanı sərmayə məsələsinin həllinə nail oldu. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı stansiyanın tikintisinin başa çatdırılması üçün maliyyə dəstəyi verdi. Energetiklərimizin və inşaatçılarımızın səylə və məsuliyyətlə işləmələri nəticəsində 2000-ci ilin dekabr ayında 150 MVt gücündə olan Yenikənd SES istifadəyə verildi.

Elektroenergetikanın inkişafı sahəsində Heydər Əliyev ideyalarını uğurla davam etdirən, onun siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı da elektroenergetika sahəsindən yan keçmədi.

Yaradılma tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan müstəqil Azərbaycanın energetika sistemi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda təsdiq olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır.

Bu sahənin inkişaf etdirilməsində ölkənin enerji sisteminin 10 illik dövr üçün inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər Bakı şəhəri üzrə elektrik paylayıcı şəbəkəsinin dinamik inkişafının əsasını qoydu. Cənab Prezidentin birbaşa göstərişi və maliyyə dəstəyi nəticəsində dairəvi sxemə daxil olan müasir tipli 110/35/10 kV-luq 2x50 MVA gücündə “Liman” və 110/35/6 kV-luq 2x40 MVA gücündə “İçərişəhər”, 110/20/6 kV-luq 2x40 MVA gücündə “Yeni Bayıl”, 35/6 kV-luq 2x25 MVA gücündə “Bayraq Meydanı”, 35/6 kV-luq köhnə yarımstansiyanın yerində müasir tipli 3x25 MVA gücündə yeni 117 saylı, 35/6 kV-luq 2x25 MVA gücündə 102 və 118 saylı yeni yarımstansiyalar inşa edildi, 227, 203, 215 saylı yarımstansiyalar əsaslı surətdə yenidən quruldu. “Müşfiq”- “Bayıl”, “Xırdalan”-203 hava xətləri əsaslı təmir edildi və Heydər Əliyev prospektində 2 ədəd 35/6 kV-luq yarımstansiyası inşa olundu. Həmçinin 110/35/6 kV-luq “YBNZ-2” və 35/6 kV-luq “Koroğlu” yarımstansiyalarında və digər güc mərkəzlərində müasir texnologiyalar əsasında yenidənqurulma işləri aparıldı. Nəticədə texniki itkilər 16,9 faizdən 7,8 faizə endirildi, enerji haqlarının yığımı 98 faizə qaldırıldı. Şəbəkənin qoyuluş gücü 3048 MVA-dan 6400 MVA-dək artırıldı.

Cənab Prezident İlham Əliyevin elektroenergetika sahəsində müəyyən etdiyi uğurlu strategiyanın davamı olaraq 2015-ci ilin 10 fevral tarixində “Azərişıq” ASC yaradıldı. Yaradıldığı 27 ay müddətində “Azərişıq” ASC abonentlərin fasiləsiz, keyfiyyətli və dayanaqlı elekrtik enerjisi ilə təchiz edilməsi üçün ardıcıl olaraq yenidənqurma, təmir və bərpa işləri aparmaqdadır. Bu müddət ərzində 16 ədəd 110 kV-luq, 60 ədəd 35 kV-luq yarımstansiyanın tikintisi və avadanlıqlarla təmin edilməsi prosesi başa çatıb. Regionlar üzrə 2500 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Paytaxt Bakı və Bakı-ətrafı ərazi üzrə kifayət qədər irimiqyaslı işlər görülüb. Yasamal və Buzovnada (“Yasamal-1”, “Buzovna-2”) 110/35/10 kV-luq 2 ədəd yarımstansiya tikilərək yenidən qurulub. Eyni zamanda Nərimanovda 3, Nəsimidə 2, Səbaildə 1, Xətaidə 1, Binəqədidə 1, Xırdalanda 4, Maştağada 1, Sarıqayada 1, Fatmayidə 1 ədəd 35 kV-luq yarımstansiya tikinti və yenidənqurmadan sonra istismara verilib. “Azərişıq” ASC yarandıqdan sonra Bakı və Bakıətrafı ərazilərdə 17 ədəd yarımstansiya tikilərək, yenidən qurulub. Master plana əsasən bölgələrdə də ciddi işlər görülüb. “Azərişıq”ın Şimal RETSİ-nə aid olan Şabran rayonunda 110/10 kV-luq “Rəhimli” yarımstansiyasında tikinti-yenidənqurma işləri başa çatıb. Bundan başqa, Sumqayıtda 3, Xaçmazda 2, Qubada 5, Şabranda 1 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidənqurmadan sonra istismara verilib. Ölkənin şimal-qərb bölgəsində yerləşən Zaqatala rayonunda “Bəhmədli”, Şəki rayonunda isə “Cəfərabad” və “Göynük” adlı 3 ədəd 110/35/10 kV-luq yarımstansiyalar tikilib və yenidən qurulub. Bununla paralel olaraq Zaqatalada 1, Şəkidə 1, Qəbələdə 1 ədəd 35 kV-luq yarımstansiya istifadəyə verilib. Qərb bölgəsində də master plana uyğun olaraq işlər görülüb. Qazax rayonunda “Daş Salahlı”, Samux rayonunda “Yenikənd”, Gədəbəy rayonunda isə “Gədəbəy” adlanan yarımstansiyalar tikilərək yenidən qurulub. Bununla yanaşı, Gəncədə, Göygöldə, Samuxda, Gədəbəydə, Qazaxda, Ağstafada hərəsində bir, Daşkəsəndə isə 3 ədəd 35 kV-luq yarımstansiyada tikinti və yenidənqurma işləri başa çatıb. Ölkənin cənub bölgəsində Masallıda “Boradigah”, Lənkəranda “Lənkəran-1” adlanan 110/35/10 kV-luq yarımstansiyalarda tikinti və yenidənqurma işləri yekunlaşıb. Paralel olaraq 35 kV-luq yarımstansiyalar üzrə Lənkəran, Cəlilabad, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara rayonlarının hər birində bir ədəd 35 kV-luq yarımstansiya tikilərək təhvil verilib. Ölkənin mərkəz hissəsində də kifayət qədər işlər həyata keçirilib. Ağsu və Saatlı rayonlarının hər birində 110/35/10 kV-luq “Ağsu” və “Sarıcalar” yarımstansiyaları ən yüksək formada tikilərək yenidən qurulub. Bununla yanaşı, Mingəçevir, Bərdə, Ucar, Ağdaş, İmişli, Ağcabədi, Zərdab, Sabirabad rayonlarının hər birində 35 kV-luq yarımstansiyalar tukilərək yenidənqurmadan sonra istismara verilib. Görülən işlər seriyasında cəbhə bölgəsinin də xüsusi yeri var. Təmas xəttinə yaxın Goranboy rayonunda 110/35/10 kV-luq “Kürəkçay” yarımstansiyası tikilərək yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Tərtər, Ağdam, Beyləqan rayonlarının hər birində 35 kV-luq yarımstansiyalar tikilərək yenidən qurulub. “Azərişıq ASC” yarandıqdan sonra 101 km 110 kV-luq, 862 km 35 kV-luq, 7000 km 10-6-04 kV-luq hava xətti çəkilib, onlara uyğun olaraq ümumilikdə 227500 yeni dayaq basdırılıb. Ümumilikdə 19400 km ÖİN xətti çəkilib, ona uyğun 494000 ədəd yeni dayaq quraşdırılıb. Hazırda Goranboyda “Dəliməmmədli”, Gəncədə “Yeni Gəncə”, Qaxda “Qax”, Neftçalada “Neftçala”, Salyanda “Qaraqaşlı” adlı 4 ədəd 110 kV-luq yarımstansiyada tikinti və yenidənqurma işləri aparılır. Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi azaldılaraq 9 faizə endirilib, ifrat yüklənmə halları tamamilə aradan qaldırılıb.

Paylayıcı şəbəkə üzrə aparılan yenidənqurma işlərinin, xüsusən də 0,4 kV-luq elektrik şəbəkələrinin özünüdaşıyan izolyasiyalı naqillərlə qurulmasının, elektrik enerjisi uçotunun aparılmasında müasir texnologiyaların, yeni inşa edilmiş yarımstansiyaların məsafədən idarə olunması üçün “SCADA” sisteminin və yarımstansiyalarda müasir rele mühafizəsi və avtomatika qurğularının tətbiqinin nəticəsidir ki, “Azərişıq” ASC-nin fəaliyyəti bərpa edilənədək istehlakçıların enerji təchizatında uzunmüddətli fasilələrlə müşayiət olunan qəza açılmalarının sayı minimuma enib.

Memarı ulu öndər Heydər Əliyev olan müasir Azərbaycan onun layiqli davamçısı möhtərəm İlham Əliyevin rəhbərliyi altında uğurlu addımlarla parlaq gələcəyə doğru inamla irəliləyir. Artıq Azərbaycan beynəlxalq miqyaslı “Eurovision”, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi yarışlara evsahibliyi edir və onların infrastrukturlarının elektrik enerjisi ilə təchizi qüsursuz surətdə həyata keçirilir. Bu uğurlu işlərin inkişaf sürəti getdikcə artır. Ölkə energetikləri həmişə olduğu kimi, dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə ulu öndər Heydər Əliyev ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacaq və möhtərəm Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsində öz əməklərini əsirgəməyəcəklər.

 

Baba RZAYEV,

“Azərişıq” ASC-nin sədri

 

Azərbaycan.- 2017.- 7 may.- S. 6.