Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçüncü Nazirlər Görüşü

 

Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 6-da üçüncü Nazirlər Görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, "dəyirmi masa" formatında təşkil olunan tədbirdə dünyada baş verən qarşıdurmalar, zorakılığın aradan qaldırılması, əməkdaşlığın qurulması, turizmin inkişafı və digər mühüm mövzularda çıxışlar dinlənilib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixi əhəmiyyətindən söz açılıb.

Tədbirdə 40-dək ölkənin mədəniyyət nazirlərinin, nazir müavinlərinin iştirak etdiklərini bildirən Ə.Qarayev vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır.

Ə.Qarayev deyib ki, BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada "Beynəlxalq davamlı turizm ili" elan edib. 2017-ci ildə beş mühüm sahədə, o cümlədən hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolunu təşviq edəcək.

Turizmin tolerantlığa, qarşılıqlı anlaşmaya, xalqlar arasında dialoqu dərinləşdirməyə necə töhfə verməsi məsələsi hazırda çox aktualdır. Əslində bu mövzuda çıxış edən insanlar arasında bir konsensus müşahidə edilir. Dünyanın müxtəlif ölkələrini təmsil edən maraqlı dairələr eyni dəyərlərin paylaşıldığını qeyd edirlər. Müxtəlif mədəniyyətlər, inklüziv cəmiyyət ideyasının təşviq edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin edilməsində yeganə yoldur.

Mədəniyyətlərarası dialoqun bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini güddüyünü bildirib. Foruma dəstək verən bütün təşkilatlara minnətdarlığını bildirən Ə.Qarayev hamını müzakirələrdə iştiraka dəvət edib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində müzakirələri diqqətlə dinlədiyini bildirib. O deyib: "İnsanlar arasında təhlükəsizliyin təmin edilməsi üçün bütün resursların, o cümlədən turizmin rolu böyükdür. Bunlar daha parlaq gələcəyin qurulması üçün vacibdir. Bu gün dünya görünməmiş sülh və təhlükəsizlik çağırışları ilə üzləşir. Bu, bizdən həmrəylik tələb edir və insan hüquqlarının qorunması baxımından önəmlidir".

BMT-nin Sivilizasiyalar Alyansının sülh prosesinə töhfələrindən söz açan Nassir Abdulaziz Al-Nasser həyata keçirilən tədbirlərin Davamlı İnkişaf Məqsədlərinə çatmaq baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun potensialı etiraf edilib və inkişaf məqsədlərinə yol açılıb. 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Gündəliyin qəbul edilməsi tarixi hadisədir. Bu məqsədlərə yalnız güclü beynəlxalq əməkdaşlıq, yenidən qurulmuş tərəfdaşlıq sayəsində nail olmaq mümkündür.

Nassir Abdulaziz Al-Nasser deyib: "Qeyd edim ki, qadınlar, qızlar cəmiyyətin bütün işlərində iştirak etməlidirlər. Gənclərin təhsil alması vacib məsələlərdəndir. Münaqişəyə məruz qalmış cəmiyyətlərdə təhsili inkişaf etdirmək, məşğulluğu təmin etmək lazımdır. Sosial ədalət, razılıq, harmoniya birbaşa insanla bağlı məsələlərdir. Davamlı İnkişaf Məqsədlərinin 16-cı hədəfi sülh və inklüziv cəmiyyətlər üçün dialoqun vacibliyidir".

2016-cı ildə Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu yüksək qiymətləndirən Nassir Abdulaziz Al-Nasser bu kimi tədbirlər sayəsində Davamlı İnkişaf Məqsədlərinə çatmağın mümkünlüyünü vurğulayıb.

Belə bir mötəbər tədbirə dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm UNESCO-nun baş direktoru İrina Bokova deyib ki, artıq dördüncü dəfə keçirilən bu forumun coğrafiyası çox genişlənib. "Biz uzun illər əl-ələ verərək Forumu dünyanın ən vacib tədbirlərindən birinə çevirdik və siyasi liderləri bu vacib mövzu ətrafında toplaya bildik. Multikulturalizm olduqca yaxşı amildir və bunun alternativi yoxdur. Biz qlobal dünyada yaşayırıq və 20 il əvvəlki dünyadan fərqli dünyada", - deyə UNESCO-nun baş direktoru vurğulayıb.

"Dünyadakı bir çox problemlərin həlli yolları var və bu məsələləri humanitar, sülhsevər qüvvələr bir yerdə müzakirə etməlidir. Müharibə, zorakılıq münaqişələrin həll yolu deyil. Bunu artıq siyasi qüvvələr də başa düşür. Biz sülhməramlı missiyalardan istifadə etməliyik. Yalnız bu yolla münaqişələrin qarşısını ala bilərik. Biz bu istiqamətdə müştərək şəkildə çalışmalıyıq", - deyə İ.Bokova bildirib.

Gənclərin işlə təmin olunmasının, savadlılığın artırılmasının vacibliyini vurğulayan İ.Bokova deyib ki, bütün bu istiqamətlərdə birgə əməkdaşlıq üçün Bakı Forumu əlverişli imkanlar yaradır. Bu Forum həm də Şərqlə Qərb arasında yeni körpülər yaradır.

Dünyada turizmə olan marağı və bunun vacibliyini qeyd edən UNESCO-nun baş direktoru deyib ki, turizm və mədəniyyət birgə inkişaf etməlidir. Bu, yeni imkanlar yarada bilər. Bu, həm də yaxın gələcəkdə dünyada 30 milyon yeni iş yerinin yaradılmasına səbəb ola bilər.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə məhsuldar əməkdaşlığın qurulduğunu vurğulayıb və bundan sonra da öhdəliklərin davam etdiriləcəyinə əminliyini ifadə edib. O deyib: "Mədəniyyət hər hansı millətin tarixidir. Bu və ya digər cəmiyyətin quruluşunu öyrənmək üçün onun mədəni irsinin elementlərinə diqqət yetirmək lazımdır. Turizm isə bu irsi bölüşən vasitədir. Bu gün biz yeni iqtisadi mühitdə yaşayırıq. Yəni bu, yeni xidmətlər, idman, yaradıcı sektorlar, mədəniyyət və turizm deməkdir. 2016-cı ildə 1 milyard 800 milyon insan turizm məqsədləri ilə səfər edib. Bu, dünya əhalisinin təxminən altıdabir hissəsidir. Deməli, turizm sektorunun xüsusi çəkisi etiraf edilməlidir. Təsadüfi deyil ki, BMT Baş Məclisi 2017-ci ili "Davamlı turizm ili" elan edib".

Taleb Rifai qeyd edib ki, hazırda turizm dünyada 3-cü yer tutan sənaye sahəsinə çevrilir. Dünya əhalisinin əksər hissəsi məhz turizm sahələrində çalışırlar. Eləcə də sosial inklüzivlik və yoxsulluğun azaldılmasında, iş yerlərinin açılmasında turizmin rolu böyükdür. İş axtaran gənclər daha çox bu sektora üz tutur. Mədəni müxtəliflik, mədəni dəyərlər, mədəni irs sahəsinə turizmin töhfəsi böyükdür. Turizm yaxşı idarə edildikdə həm də mədəniyyətin qorunmasında güclü alətə çevrilə bilər. Müvafiq sahədə çalışan adamlar mədəni müxtəlifliyi anlamalıdırlar. Mədəni irs elə şəkildə təqdim edilməlidir ki, hər hansı dövlətin simasına zərər dəyməsin.

Bu gün dünyada baş verən problemlərin yalnız belə forumlarda həllini tapa biləcəyinə inamını ifadə edən Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avci Bakı Forumunun işini yüksək dəyərləndirib.

Dünyada turizmin artan önəmindən danışan nazir deyib ki, mədəniyyət və turizmi bir-birindən ayırmaq mümkün deyil. Çünki turistlər mədəni dəyərlərə önəm verir və səyahət etdikləri ölkələrin tarixi və mədəni sərvəti ilə xüsusi olaraq maraqlanırlar. Bu baxımdan da mədəni dəyərləri qorumaq və təbliğ etmək olduqca vacibdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının reallaşdırdığı müasir İpək yolu turpaketi barədə məlumat verən nazir deyib ki, turizm sahəsində əməkdaşlıq çərçivəsində həyata keçiriləcək bu turpaket Türkiyədən başlayaraq Azərbaycan, Qazaxıstan və Türkmənistana səfərlər daxildir. Artıq ilk sınaq turu başa çatıb. Bu layihə çərçivəsində turizm və iqtisadiyyat sahəsində əməkdaşlıq artacaq. Tur İstanbuldan başlayır və Qazaxıstanda başa çatır. 2023-cü ilədək 1 milyondan çox turistin bu paketdən yararlanması nəzərdə tutulur.

Mədəni dəyərlərin məhv edilməsi, oğurlanması və mənimsənilməsinin qarşısının alınmasından danışan natiq ölkəsinin bu məsələyə xüsusi önəm verdiyini söyləyib.

Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski təmsil etdiyi nazirliklə UNESCO arasında əlaqələrdən, tarixi və mədəni abidələrin qorunması sahəsində görülən işlərdən danışıb. O deyib: "Bakı prosesi", eləcə də bu gün keçirilən Nazirlər Görüşü çox əhəmiyyətlidir. Bu tədbirlər bizə nəyin vacib olduğunu anlamaqda kömək edir. Ümumi mədəni irsimizin qorunmasında göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk".

Ölkəsinin qarşılaşdığı problemlərdən danışan İraqın mədəniyyət, turizm və əntiq naziri Firyad Hassan dağıdılan tarixi abidələr barədə məlumat verib. Ölkədə 5 min mədəniyyət obyektinin bərpa olunmasına baxmayaraq, təəssüf hissi ilə bildirib ki, İraq xalqına məxsus onlarca mədəni irs nümunələri oğurlanaraq beynəlxalq bazarlarda satışa çıxarılıb. "Biz sülh mədəniyyəti, birgəyaşama mədəniyyəti aşılamaqla terrorizmin qarşısını ala bilərik. Biz bu istiqamətdə birgə çalışmalıyıq", - deyə iraqlı nazir vurğulayıb.

Azərbaycana ikinci dəfə gəldiyini və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər tədbirdə məmnuniyyətlə iştirak etdiyini deyən Keniyanın idman, mədəniyyət və incəsənət naziri Hassan Arero bildirib ki, bu cür dialoq vasitəsilə sülhə, insan təhlükəsizliyinə nail ola bilərik. Ölkəsinin Azərbaycanla ikitərəfli əməkdaşlıq qurmaqda maraqlı olduğunu söyləyən nazir deyib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır.

Azərbaycanın Rusiya Federasiyasında səfiri Polad Bülbüloğlu çıxışında mədəniyyətlərarası dialoqun sülhü irəliyə doğru aparan bir vasitə olduğunu bildirib. Bu dialoqun bəşər tarixinin anlaşılmasına, müxtəlif ölkələr arasında yaxınlaşmaya xidmət etdiyini vurğulayan P.Bülbüloğlu deyib: "Bakıda - doğma şəhərimdə böyük qürurla çıxış edərək deyirəm ki, mədəniyyətlərarası dialoqun təşviq edilməsinin vacibliyinə inanıram. Bu gün dünyada hərbi münaqişələr, zorakı ekstremizm, terror, yoxsulluq problemləri ilə qarşılaşırıq. Habelə təhsil elm, mədəniyyət sahəsində də böhran müşahidə olunur. Qeyri-sabitliyi yaradan münaqişələrin səbəblərindən qurtarmaq üçün beş mühüm meyara - elm, kommunikasiya, informasiya, təhsil və mədəniyyətə diqqət yetirmək vacibdir. Dialoqun gücü qlobal səviyyədə nümayiş etdirilməlidir. Bəyanatlarla kifayətlənməməliyik. Hərəkət etməsək dayanıqlı inkişaf təmin edilə bilməz. Fərəh hissi ilə qeyd edirəm ki, Azərbaycan davamlı inkişaf məqsədlərinin ideallarına bağlı olan ölkədir və humanitar sahədə görülən tədbirlərlə haqlı olaraq fəxr edir. Azərbaycan rəhbərliyi tərəfindən insan potensialına yönəlmiş siyasət formalaşdırılıb".

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ənənəyə çevrildiyini qeyd edən P.Bülbüloğlu deyib: "Şəxsi təcrübəmdən bilirəm ki, mədəniyyət və musiqi cəmiyyətlərə xalqın mövqeyini çatdırmaq üçün yaxşı vasitədir. Musiqinin, mədəniyyətin dili insanları dialoqa kökləyə bilər. Biz bunun sayəsində güclü əlaqələr qura və dəstəyə nail ola bilərik. Bu, xalqların rifahı üçün lazımdır. Hamımız buna xidmət etməliyik".

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qloballaşma prosesində anlaşmaya təkan verdiyini söyləyən Qırğızıstan mədəniyyət, informasiya və turizm naziri Tugelbay Kazakov deyib ki, mədəniyyətlərarası dialoq günümüzün zərurətidir. Qırğızıstan təcrübəsini bölüşən nazir qeyd edib ki, bütün ölkələrin, etnik qrupların mədəniyyətləri bəşəriyyətin irsidir. Dövlətlər mədəniyyətin inkişafına kömək göstərməlidir.

Görüşdə iştirak edən digər ölkələrin təmsilçiləri mədəniyyət, turizm, davamlı inkişaf mövzusunda çıxışlar ediblər.

Geniş fikir mübadiləsinin aparıldığı görüşün sonunda yekun hesabat qəbul edilib.

 

Azərbaycan.- 2017.- 7 may.- S. 9.