BMT münaqişələrin qarşısının alınması istiqamətində preventiv tədbirlər görməlidir

 

Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh qurarkən: BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti” mövzusunda sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın açılışında çıxış edən UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif həyata keçirdikləri layihə barədə məlumat verib. Qeyd edib ki, 2015-ci ildə UNESCO BMT-nin fəaliyyəti barədə tədqiqat aparmaq qərarına gəlib. Otuz müxtəlif agentliyin qoşulduğu bu layihənin məqsədi BMT və onun institutlarının ötən müddətdə sülhün bərqərar olması istiqamətində gördüyü işləri təhlil etməkdir.

UNESCO-nun baş arxivariusu Jens Boelin moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, ölkəmiz multikulturalizm və tolerantlıq brendidir və müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynayır.

Nazir müavini vurğulayıb ki, Azərbaycan UNESCO ilə əməkdaşlığın 25 illiyini qeyd edəcək.

A.Əzimov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib: “Münaqişənin başlanğıcında müəyyən tədbirlər görmək olardı. Əgər biz beynəlxalq hüquqdan danışırıqsa, gərək hər bir cəmiyyətin nümayəndələri buna hörmətlə yanaşsınlar”.

Münaqişələrin qarşısının alınması istiqamətində preventiv tədbirlər görülməsinin vacibliyini vurğulayan nazir müavini qeyd edib ki, preventiv diplomatiyada standart yanaşma öyrənmə, təhlil, qiymətləndirmə, infrastruktur məsələləri və təzyiqlərdir. BMT bunun üçün regionlarla və regional ofislərlə əlaqədə olmalı, ofis və agentlikləri daha çox səfərbər etməlidir. Münaqişələrin həlli yolunu beynəlxalq tərəfdaşlıq və əməkdaşlıq əsasında tapmaq olar.

A.Əzimov Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub. Bildirib ki, bu təşkilat sanki məsələdən uzaqdır və indiyədək münaqişənin həlli istiqamətində heç bir konkret addım atmayıb.

“BMT də öz üzərinə məsuliyyət götürüb, amma münaqişənin həllinə təsir göstərə bilmir. Nyu-Yorkda oturub analizlər aparmaq yox, münaqişə regionları ilə sıx işləmək lazımdır. BMT Təhlükəsizlik Şurasının bununla bağlı dörd qətnaməsi var və orada münaqişənin həllinin yolları göstərilib. ATƏT-in Minsk qrupunun üzvləri bu sənədlər əsasında hərəkət etməlidir”, – deyə nazir müavini qeyd edib.

Kosta Rikanın Xarici İşlər Nazirliyinin xarici siyasət üzrə baş direktor müavini Kristian Qvillermet sülh, insan hüququ və təhlükəsizliyin BMT-nin işinin əsas istiqamətləri olduğunu bildirib.

UNESCO-nun Cenevrədəki əlaqə bürosunda məsləhətçi David Fernandez Puyana diqqətə çatdırıb ki, sülh və təhlükəsizliyin qurulmasında əsas alət BMT-nin 1945-ci ildə qəbul etdiyi nizamnaməsidir. BMT-nin bu nizamnaməsində göstərilir ki, bu məsələlər paralel şəkildə dəstəklənməlidir. Sülh niyyəti milli təhlükəsizliyə bağlı məsələdir.

Birləşmiş Millətlər Təşkilatının təhlükəsizliyə töhfə verən əvəzedilməz qurum olduğunu vurğulayan BMT yanında Amerikanın keçmiş səfiri Zalmay Xalilzad bildirib ki, qurumun fəaliyyətinin səmərəliliyi barədə təhlillər aparılmalıdır: “Müasir cəmiyyətdə texnologiyanın inkişafı, əlaqə vasitələrinin genişlənməsi, məlumat ötürülməsinin asanlaşması, hadisələrin intensiv və gərgin mühitdə cərəyan etməsi tənzimləyici alətlərə yenidən baxılmasını tələb edir. Reallıqla istənilən mənzərə arasında boşluq var. Bəzən BMT-nin gördüyü tədbirlər lazımi nəticə vermir. Təşkilatda islahatlar aparılmalı, fəaliyyətə yeni baxış olmalıdır”.

Z.Xalilzad qeyd edib ki, sülh naminə fəaliyyətin effektiv olması üçün məqam düzgün qiymətləndirilməli və proseslərə vaxtında müdaxilə edilməlidir. Regionda uzunmüddətli sabitliyə nail olmaq üçün lazımi səylər göstərilməlidir.

 

Azərbaycan.- 2017.- 7 may.- S. 9.