İnklüziv cəmiyyətdə birgəyaşayış icmalar arasında qarşılıqlı hörmətə əsaslanan dialoq tələb edir

 

Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən növbəti sessiyada “İnklüziv cəmiyyətlərin və dinc birgəyaşayışın qurulması: “ASEAN” təşkilatının perspektivi” mövzusu ətrafında müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, “Global Compass” şirkətinin prezidenti Jan-Kristof Basın moderatorluğu ilə keçirilən paneldə inklüziv cəmiyyətlərdə sülh şəraitində birgəyaşayışın qurulmasından, müxtəlif təbəqədən olan insanların bir-birinə qarışlıqlı hörmətə əsaslanan münasibətindən, eyni zamanda, “ASEAN” təşkilatının perspektividən danışılıb.

Sessiyada Tailand Sülh və İnkişaf naminə Vasatiyyah İnstitutunun direktoru müavini Mohammad İlyas Yahprunq çıxışında bu ölkədə yaşayan müsəlmanların ölkəsinin ictimai-siyasi həyatındakı rolundan bəhs edərək bildirib ki, 65 milyon əhalisi olan Tailandda əhalinin 7 faizini müsəlmanlar təşkil edir: “Bizim ölkəmizdə din olduqca əhəmiyyətli rola malikdir. Əminliklə deyə bilərəm ki, Cənub-Şərqi Asiyada müsəlmanlar böyük işlər görürlər. Onlar regionun ən nüfuzlu təşkilatlarında və dövlətlərin üst qurumlarında təmsil olunurlar. Tailandda müsəlmanlar cəmiyyətin normal seqmentinə daxildirlər. Tailand Kralı da onlara böyük dəstək verir. Hesab edirəm ki, inklüziv cəmiyyətdə birgəyaşayışa nail olmaq üçün icmalar arasında qarşılıqlı hörmətə əsaslanan dialoq olduqca zəruridir. Buna təşəbbüs göstərilməli və həmin məqsədə nail olmaq üçün zorakılıqlar hər zaman qınanmalıdır”.

Mötədillər Qlobal Hərəkatının baş meneceri Cenni Vonq təmsil etdiyi qurumun qlobal problemlərlə bağlı gördüyü işlərdən, habelə ölkələrin iqtisadi-siyasi böhrana məruz qalmasının səbəblərindən, sülh və əmin-amanlıq şəraitində yaşayışın vacib amillərindən söz açıb.

Müsəlman Filippinlilər Milli Komissiyasının komissarı Santos Morales İslamda məsləhət konsepsiyasına toxunaraq deyib ki, ölkəsi hər zaman mədəni və ənənəvi qanunvericilik prinsiplərinə hörmətlə yanaşıb. Hər hansı cəmiyyətdə icmalar arasında qardaşlıq və dostluq münasibətlərinin formalaşması, eyni zamanda, birgəyaşayışa nail olmaq üçün bərabər şərait yaradılması dövlətlərin aidiyyəti qurumları tərəfindən tənzimlənməlidir. Bu yöndə beynəlxalq təşkilatların üzərinə düşən öhdəliklərdən bəhs edən filippinli məruzəçi dünyada ekstremizmə qarşı mübarizədən, habelə sülhün bərqərar olması üçün görülməsi vacib olan işləri diqqətə çatdırıb.

“ASEAN” təşkilatının perspektivlərindən bəhs edən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Eldar Səlimov təşkilatın yarandığı gündən indiyədək gördüyü işlərə nəzər salıb. Bildirib ki, Azərbaycan ASEAN ilə iqtisadi-siyasi formatda əməkdaşlığa hər zaman üstünlük verib. Azərbaycanla təşkilata üzv dövlətlər arasında hökumətlərarası sazişlərin imzalanması buna əyani sübutdur.

Sonra sessiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.- 2017.- 7 may.- S. 10.