Azərbaycanın mədəni marşrutlar şəbəkəsinə qoşulması turizmin inkişafına təkan verəcək

 

Azərbaycanın mədəni marşrutlar şəbəkəsinə qoşulması turizmin inkişafına təkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu fikir IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq üçün Avropa Şurasının mədəni marşrutlar şəbəkəsi” mövzusunda keçirilən sessiyada səslənib.

Avropa Şurasının mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni bildirib ki, bu şəbəkə ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələrin və mədəniyyətlərarası dialoqun inkişafında əhəmiyyətli rol oynayır, turizmin inkişafına yol açır. Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinə 1987-ci ildən bu günədək 30-dan çox ölkə qoşulub. Burada Avropa və Avropadan kənar ölkələrin marşrut şəbəkələri var.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sessiyanın mövzusunun Azərbaycan üçün əhəmiyyətini, mövzunun iki vacib məqama – turizm və mədəniyyət sahəsinə toxunduğunu diqqətə çatdırıb. Bildirib ki, hesablamalara görə, 2030-cu ildə dünyada turistlərin sayı 1,8 milyard nəfərə çatacaq. Azərbaycan-Gürcüstan transsərhəd marşrutu Qafqaz mədəniyyətinin inkişafında vacib rola malikdir. Bu marşrut daha da təkmilləşdirilərək turizmin inkişafına töhfə veriləcək.

“Azərbaycan tarixi abidələr, təbiət mənzərəsi olan məkanlarla zəngindir. Ölkəmizə üz tutan turistlərin sayı hər il artır və onlar Azərbaycanın turizm potensialının şahidi olurlar”, - deyə nazir müavini vurğulayıb.

“Müqəddəs Olavın Yolları” adlı marşrut şəbəkəsinin nümayəndəsi Hans Morten Lovrod qeyd edib ki, bu marşrut tarix ərzində ticarət, miqrasiya və müharibələr üçün istifadə olunub. Marşrutun adı din xadimi Olavın adı ilə bağlıdır. “Müqəddəs Olavın Yolları” insanlar arasında dini tolerantlıq və mədəniyyətlərin uzlaşmasını təmin edən əhəmiyyətli marşrut şəbəkəsidir.

Avropa Şurasının mədəni marşrutlarının eramızdan əvvəlki qayaüstü incəsənət nümunələri üzrə məruzəçisi Ramon Montes video təqdimatla çıxış edib. Təqdimat zamanı qayaüstü incəsənət nümunələrindən bəhs edən məruzəçi Azərbaycanın bu istiqamətdə xüsusi yeri olduğunu söyləyib. Qobustanın Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinə qoşulması ilə bu sahə daha da genişləndirilib. Qobustan qoruğu Azərbaycanın minillik tarixini özündə əks etdirən ən mühüm abidələrdəndir. Bundan əlavə, Azərbaycanda başqa məkanlar da var və onlar həm turizm, həm də tarixi baxımdan vacib mövqedədir.

“Iter Vitis” Mədəni Marşrutu üzrə nümayəndə Emanuel Panke marşrutun üzümçülük və şərabçılıqla bağlı olduğunu deyib. “Şərabçılıq və üzümçülük xalqların ortaq mədəniyyəti və məşğuliyyətidir. İnsanlar ziyafətlərdə, dostluq tədbirlərində şərabdan istifadə edirlər. Düşünürəm ki, şərab da mədəniyyətlərarası dialoqa töhfə verən bir vasitədir. Qafqaz ölkələri arasında Azərbaycan və Gürcüstanda üzümçülük və şərabçılıq geniş yayılıb. Bu ölkələrlə geniş əməkdaşlıq edirik. 2018-ci ildə Azərbaycanda üzümçülük və şərabçılıq marşrut şəbəkəsi ilə bağlı təqdimatlar etməyi düşünürük”, - deyə E.Panke vurğulayıb.

“The Routes of the Olive Tree” təşkilatının nümayəndəsi Denise De Ruz zeytun ağacları marşrut şəbəkəsindən söz açıb: Zeytun ağacı tarixboyu mədəniyyətin, sülhün, sivilizasiyanın simvolu olub. Bir çox qədim tarixi əsərlərin, arxeoloji qazıntılar zamanı aşkarlanan əşyaların üzərində zeytun ağacının cizgilərinə rast gəlmək olur.

Sessiya çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Azərbaycanın Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinə qoşulması ilə bağlı sertifikat təqdim olunub.

Nazir Azərbaycanın bu marşrut şəbəkəsində iştirakının əhəmiyyətini və ölkəyə əlavə turistlərin cəlbi üçün şərait yarandığını diqqətə çatdırıb.

 

Azərbaycan.- 2017.- 7 may.- S. 11.