Bakı Forumu çərçivəsində “İslam mədəniyyətinin fərqli aspektləri” kitabının təqdimatı olub

 

Mayın 6-da Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO tərəfindən nəşr edilən “İslam mədəniyyətinin fərqli aspektləri” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru UNESCO-nun sosial və humanitar elmlər sektorunun dialoqun tarixi və yaddaşı şöbəsinin müdiri Ali Musa İye kitab haqqında məlumat verib. Bildirilib ki, kitabın ilk nəşri 1954-cü ildə - UNESCO yarandıqdan az sonra işıq üzü görüb. Bu toplu İslam mədəniyyətinin kompleks tarixini və ümumi coğrafi görünüşünü təqdim etmək üçün UNESCO-nun elm komitəsinin üzvləri, redaktorlar və müəlliflər arasında aparılan dərin akademik mübadiləni əks etdirir.

Sonra çıxış edən UNESCO-nun və Ərəb Liqasının dərsliklər (tədris vəsaitləri) üzrə eksperti Favzia əl-Aşmavi İslam dünyasında qadınların rolundan danışıb. İslam cəmiyyətində qadınların rolunun getdikcə gücləndiyini bildirən ekspert deyib: “Orta əsrlərdə ərəb dünyasında qadınların ictimai-siyasi həyatda iştirakı çox zəif idi. XIX əsrdən başlayaraq müsəlman ölkələrində qadınların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm islahatlar aparılıb. Hazırda İslam dünyasında qadınlara böyük önəm verilir. Bu gün onlar cəmiyyətin müxtəlif sahələrində, o cümlədən siyasi, iqtisadi, təhsil sahəsində fəal rol oynayır, öz ölkələrində, hətta beynəlxalq təşkilatlarda yüksək vəzifələr tuturlar".

“İslam Da'wa” Təşkilatının baş katibi Ali Abdulrahim kitabın yalnız tarixi deyil, müxtəlif mövzuları əhatə etməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, nəşrin müəlliflərinə bu barədə təkliflər verdiyini və təkliflərinin nəzərə alındığını deyib. Məlumat verilib ki, kitabın hazırlanmasına təxminən 150 elm xadimi, o cümlədən müxtəlif ölkələrdən siyasətçilər, iqtisadçılar, filosoflar və ekspertlər cəlb olunub.

Ali Abdulrahim qeyd edib ki, vahid yanaşma tərzi və plüralizmə əsaslanan perspektiv baxımından, altı cildlik toplu İslam mədəniyyətini daha yaxşı tanımağa imkan verir. Kitab həm mədəniyyətlər, həm də dinlər arasında dialoqun təşviqi üçün əhəmiyyətli vasitədir.

Sonda kitabla bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Azərbaycan.- 2017.- 7  may.- S. 11.