IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

 

Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna mayın 6–da yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə reallaşıb.

Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi Forumun əhəmiyyətindən danışıb. "Forumun çox zəngin proqramı vardır. İki gün ərzində bizim müzakirə etdiyimiz məsələlər beynəlxalq əməkdaşlıq baxımından çox önəmli idi. Aparılan müzakirələr bizi yenidən bu məsələlərə qatılmağa vadar edir. Dialoq çox önəmlidir. "Bakı prosesi" bir daha sübut edir ki, hələ də əməkdaşlıq əlaqələri yaxşı səviyyədə qurulmayıb. Bu istiqamətdə birlikdə çalışmalıyıq", - deyə natiq bildirib.

Beynəlxalq təşkilatla birlikdə "Bakı prosesi"nə yeni töhfələr verəcəklərini söyləyən alim bu prosesin yeni layihələrə rəvac verəcəyini vurğulayıb.

O qeyd edib ki, Forumda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması, turizmin inkişafı və digər məsələlərə toxunulub. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb.

UNESCO-nun baş direktoru İrina Bokova Forumla bağlı fikirlərini bölüşüb. Bildirib ki, hər bir yekun yeni başlanğıclar üçün imkanlar yaradır. Biz Bakıdan yeni fikirlərlə, ideyalarla ayrılacağıq.

Birinci Forumdan ötən müddət ərzində görülən işlər artıq öz bəhrəsini verir. Bu mənada ki, Forumun coğrafiyası ötən müddət ərzində çox genişlənib.

O deyib: "UNESCO-nun hər iki tədbirinin təşkilinə Azərbaycan dövləti böyük dəstək verdi. Biz IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir sıra tədbirlər keçirtdik. UNESCO ümumilikdə forum çərçivəsində 13 tədbir keçirib və təşkilatdan 25 nəfər burada iştirak edib".

"Forumda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə, həmçinin bir sıra ölkələrin birinci xanımları ilə görüşlərimiz oldu. Bu görüşlərdə qadınların təhsili məsələsi ilə bağlı müzakirələr apardıq. Qadınların təhsili önəmlidir, ona görə ki, ekstremizmə qarşı mübarizədə bu, olduqca vacibdir. Bu Forum bizim üçün yaxşı fürsətdir. Keçirilən görüşlər, müzakirələr olduqca önəmli idi. Biz hər zaman bu Foruma öz töhfəmizi verməyə çalışacağıq", - deyə UNESCO-nun rəhbəri vurğulayıb.

Bu gözəl ölkədə, Şərqlə Qərbin qovuşuğunda belə bir Forumu keçirmək olduqca maraqlıdır. Bu, Azərbaycanın uğurudur. Mən Forumdan çox nikbinliklə ayrılıram və gələcəyə inamla baxıram.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycan Prezidentinə belə bir əhəmiyyətli forumun təşkilinə görə təşəkkür edib. Bildirib ki, mədəniyyətlərarası və dinlərarası dialoq məsələsi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanla əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirən Nassir Abdulaziz Al-Nasser diqqətə çatdırıb ki, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı gələn il "Bakı prosesi"nin 10-cu ildönümünü qeyd edəcək və bu münasibətlə mükafatlar yüksək səviyyəli rəsmilərə təqdim olunacaq.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentinə, Azərbaycan xalqına təşəkkür edib. O deyib: "Bu forum əslində bir başlanğıcdır. Biz ISESCO olaraq tərəfdaşlığı davam etdirməliyik. Forumda hər kəs fəal iştirak etdi".

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan hökumətini təbrik edərək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq ənənəyə çevrildiyini vurğulayıb. "Biz düzgün vaxtda, düzgün məkanda lazımi mövzunu müzakirə etdik. Bu iş davam etdiriləcək və gələcək nəsillər üçün faydalı olacaq", - deyən Taleb Rifai Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Azərbaycanın müstəqil dövlət kimi gənc, eyni zamanda, müasir ölkə olduğunu qeyd edən Taleb Rifai deyib: "Biz mədəniyyətlərarası dialoq haqqında danışarkən başqalarına dərs öyrətmək məqsədi daşımırıq. Əksinə, biz özümüz üçün nəticələr çıxarmalıyıq. Elə mühit yaratmalıyıq ki, insanlar bir-biri ilə əlaqədə olsunlar. Bakıda təşkil edilən Forumda iştirak etməyimizdən qürur duyuruq".

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycanın belə yüksək təşkilatçılığına görə təşəkkür ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın böyük sayda beynəlxalq təşkilatların üzvü olması məsuliyyəti daha da artırır. O deyib: "Birinci dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 40 ölkə ilə başladıq. Hazırda isə bu Forumda 123 ölkə təmsil olunur. İştirakçıların sayı 1500 nəfərdən çoxdur və onların təxminən 800-ü xaricdən gəlib. Forum müddətində 200 məruzəçi çıxış edib, 40 müxtəlif tədbir, o cümlədən sessiya, "dəyirmi masa" və s. təşkil edilib. Habelə 47 beynəlxalq təşkilatın rəhbərləri bir otaqda əyləşərək müzakirələr aparıblar. Bütün sessiyalarda keçirdiyimiz hər məqam canlı şəkildə BMT televiziyası və BMT veb-saytı vasitəsilə yayımlanıb".

"Bakı prosesi"nin davam edəcəyini bildirən Ə.Qarayev gələn il bu prosesin 10 yaşı olacağını diqqətə çatdırıb. "Biz tarixi yaddan çıxarmamalıyıq. Çünki tarixi bilmədən gələcəyi görmək olmaz", - deyən Ə.Qarayev bütün iştirakçılara Azərbaycan hökuməti adından təşəkkür edib.

Sonda xatirə şəkli çəkdirilib.

 

Azərbaycan.- 2017.- 7 may.- S. 12.