Heydər Əliyev Azərbaycanı multikulturalizmin və İslam həmrəyliyinin mərkəzinə çevirdi

 

Tarixi təcrübə göstərir ki, hər bir xalq, hər bir dövlət dünya coğrafiyasında müəyyən areala sahib olmaqla öz milli-mənəvi dəyərləri, adət-ənənələri, elmi ilə bəşəri əxlaqın formalaşmasında bu və yaxud digər səviyyədə iştirak edir. Dünya sivilizasiyasının bir parçası olan Azərbaycan xalqını da əksər xalqlardan fərqləndirən, spesifik edən cəhət digər mədəniyyətlərə hörmətlə yanaşmaq, sülhpərvər, tolerant, həmrəy olmaq düşüncəsini mənimsəməklə yanaşı, sülhün və rifahın təmin olunması naminə bu ideyaların təbliğini bəşəriyyət qarşısında borc və məsuliyyət missiyası kimi qəbul etməsidir. Belə bir təfəkkürə, dünyagörüşünə və əxlaqa sahib olmağımız şübhəsiz ki, yaşadığımız ərazinin Şərqlə Qərb arasında mədəni, həm də coğrafi baxımdan körpü rolu oynamasından, eləcə də dədə-babalarımızdan miras qalan milli, dini dəyərlərimizin aliliyindən irəli gəlir.

Bəşəri anlamda isə sivilizasiya tarixinin tolerantlığa söykənən zəngin dəyərlər irsi multikulturalizm paradiqması kimi qarşımıza çıxır. Multikulturalizm çoxmədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət etmək, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqunu qurmaq mümkün deyil.

Lakin təəssüflər olsun ki, Avropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu edirlər. Bu vəzifənin həlli üçün bütün dünyada “Homo sapiens” tipli insandan “Homo culturalies” tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir.

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Bu baxımdan əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizmin Azərbaycan modeli sınanmış və optimal variant kimi qarşıya çıxır.

Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” deyən ulu öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.

Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür.

Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi.

Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır”. Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Məhz bu siyasi xəttin nəticəsi kimi Azərbaycan Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il tarixli qanunla “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair” UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.

Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri isə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Artıq ənənəyə çevrilmiş bu forumun son açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev multikulturalizmi “alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant” kimi dəyərləndirməklə təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir.

Belə bir siyasi kontekstdə Prezident İlham Əliyev 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətini yaratdı. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əlaqəli şəkildə öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boşluqların doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyət göstərməkdədir.

Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixdə imzaladığı fərman oldu. Bu mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir. Dünyanın multikulturalizm sahəsində aparıcı mütəxəssislərinin, görkəmli ictimai və siyasi xadimlərinin Bakıda beynəlxalq səviyyədə belə bir mərkəzin açılmasını son dərəcə təbii və işgüzar şəkildə qəbul etmələri məhz Azərbaycanın bu gün dünya multikulturalizminin mərkəzinə çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir. Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.

Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə köçürülməsi işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır.

Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan - tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar. Tərəqqipərvər dünya ictimaiyyəti, görkəmli şəxsiyyətlər və sıradan insanlar bu qəbildən olan tədbirlərin keçirilməsini, orada mədəniyyətlərarası dialoqun inkişafına həsr olunmuş məsələlərin müzakirə olunmasını və ən əsası, gerçəkləşdirilməsini böyük rəğbətlə qarşılayır. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olmaqdadır.

Heç şübhəsiz, biz dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin nə qədər önəm daşıdığının şahidi oluruq. Xüsusilə də dini mənsubiyyət faktorunu qabardaraq insanlar arasında təfriqə salmaqla xaos yaratmaq günümüzün xoşagəlməz reallığına çevrilib. Təəssüflər olsun ki, son illərdə dindaxili məzhəb amilindən istifadə edərək törədilən ağır cinayətlərin miqyası getdikcə genişlənməkdədir. Radikal dini təşkilatlar yaratmaqla və yaxud maddi-texniki dəstək verməklə öz məkrli planlarını həyata keçirməyə çalışanlar müsəlman dünyasında məzhəb fərqliliklərini süni şəkildə dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə, texnoloji cəhətdən inkişafına mane olmağa və nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan, çoxlu yeraltı, yerüstü sərvətlərə, nəqliyyat infrastrukturuna sahib olmağa cəhd göstərirlər. Bu gün acı həqiqətdir ki, bəzi ölkələr arasında iqtisadi, siyasi, hərbi sahələrlə yanaşı, sivilizasiya və teoloji dəyərlərin rəqabəti də gedir. Əfsuslar olsun ki, bu rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı bahasına başa gəlir. Suriyada, İraqda, Yəməndə və Yaxın Şərqin digər müsəlman ölkələrində baş verən qanlı olaylar buna misal ola bilər. Odur ki, müsəlman dünyasında bu gün dini zəmində yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa daha çox ehtiyac var. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu və müsəlmanların terrorçu deyil, hansı dini və ya etnik konfessiya nümayəndəsi olmasından asılı olmayaraq hər kəsə dözümlü, bərabər yanaşan toplumlar kimi çatdırmağa ehtiyac duyulur.

Bu baxımdan, dövlət başçısı cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi ili” elan etməsi bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır. Bunun ən gözəl örnəyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tədqiq olunmasıdır.

Qürur hissi ilə vurğulaya bilərik ki, ümummilli lider tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan bu mükəmməl model sayəsində milli-mənəvi dəyərlərə qayıdışın əsası qoyulub, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, ölkədə etiqad, inanc azadlığı tam təmin edilir. Digər sahələrdə olduğu kimi, ölkəmizdə dini siyasət sahəsində də böyük uğurlar əldə edilib və mənəvi dəyərlərimiz milli xarakterimizlə uzlaşdırılıb, kənardan dini zəmində münaqişələr, məzhəblərarası konfliktlər yaratmağa çalışanların qarşısı vaxtında alınıb. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızda əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunub, eyni zamanda “Dini etiqad azadlığı haqqında” qanunda geniş şəkildə öz əksini tapıb.

Konseptual əsaslara söykənən və tənzimlədiyi sahədə mühüm hüquqi çərçivə müəyyənləşdirən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə vicdan azadlığının təmin edilməsi, dini qurumların statusu, onların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirməsinə baxmayaraq, respublikamızda dövlət-din münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı bu sahədə mərkəzi idarəetmə orqanının yaradılması zamanın tələbi idi. Ona görə də 2001-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı və bununla da dövlət-din münasibətlərinin inkişafında yeni mərhələyə qədəm qoyuldu. Dövlət komitəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafında, din sahəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsində, müvafiq qanunvericiliyin icrasına nəzarətin, eyni zamanda dövlət-din münasibətləri sahəsində məqsədyönlü proqramların həyata keçirilməsində böyük rol oynayır.

Hazırda Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan dinimizə dövlət qayğısının bariz nümunəsidir. Belə ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə yeni ibadət ocaqlarının inşası, təmirə ehtiyacı olanların yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. Əgər Sovet İttifaqı dağılarkən ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-i ötüb. Təkcə son 13 il ərzində ölkədə 200-dən çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırıqlarına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində, Gəncə şəhər İmamzadə ziyarətgahında əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və cənubi Qafqazın ən möhtəşəm İslam abidəsinin - Heydər məscidinin 2014-cü il dekabrın 26-da açılışı olub.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, xalqımızın zəngin milli-mənəvi dəyərlərinə böyük həssaslıqla yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu dəyərlərimizin qorunması istiqamətindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. Onun rəhbərliyi ilə fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib.

Ölkəmizdə tətbiq olunan dövlət-din modelinin ən böyük uğuru ondan ibarətdir ki, dünyada dinlərarası və məzhəblərarası qarşıdurmaların baş verdiyi müasir dövrdə Azərbaycanda bu sahədə hansısa gərginlik yaşanmır. Bir faktı söyləmək kifayətdir. Belə ki, əsrlərdən bəri İslam dünyasının iki böyük - şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda həyata keçirirlər. Tarixdə bir neçə dəfə onların birliyinə, həmrəyliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb. İslam aləmində məzhəb məsələsinin ön plana çıxdığı bir dövrdə - keçən il yanvar ayının 15-də Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanları ilk dəfə bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qıldılar və bu, ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq olunmağa başladı.

Ötən dövr ərzində ümumilikdə İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində də əməli addımlar atılmışdır. Hələ ümummilli liderin dövründən başlayaraq Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının işində fəal iştirak etmişdir. Ölkəmizin İslam dünyasının ayrılmaz parçası olduğunu dönə-dönə vurğulayan ulu öndərin İslam Əməkdaşlıq Təşkilatının Mərakeş Krallığında keçirilən zirvə toplantısında səsləndirdiyi “Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla - müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm” fikri onun İslam dünyası ilə əlaqələrə verdiyi əhəmiyyətin bariz göstəricisidir.

Dövrün çağırışlarını, tarixi inkişafın obyektiv inkişaf meylini hər zaman uzaqgörənliklə təhlil edən ümummilli lider Heydər Əliyev Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin iki qitə arasında barışdırıcı missiyasının əhəmiyyətinə diqqət çəkərək deyirdi: “Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük”. Fəxrlə deyə bilərik ki, ulu öndərin bütün fikir və ideyaları kimi, bu dünyagörüşü də Prezident İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun və yeni çalarlar əlavə olunmaqla davam etdirilir. Beləliklə, bu gün həm Avropa Şurasına, həm də ISESCO-ya müsəlman ölkəsi kimi üzv olan Azərbaycan istər müsəlman, istərsə də Qərb ölkələri arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurub. Artıq Azərbaycan dünyada istər mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, istər tolerantlığın, multikultural dəyərlərin inkişafı, istərsə də müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm rol oynamaqdadır.

Ötən illər ərzində qeyd etdiyimiz istiqamətlərdə keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq, bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan Azərbaycan tərəfindən irəli sürüldüyünün şahidi olarıq. Buna misal olaraq ulu öndər Heydər Əliyev tərəfindən ölkədə əsası qoyulan “16 noyabr - Beynəlxalq Tolerantlıq Günü”nün hər il qeyd edilməsi, 2007-ci ildə “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” beynəlxalq elmi-praktik konfransın, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” seçilməsi, həmçinin 2006-cı ildə “İslamda dözümlülük” mövzusunda beynəlxalq konfransın, 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısının, “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun, 2014-cü ildə “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” beynəlxalq konfransının, beş beynəlxalq humanitar forumun, ötən ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və digər mötəbər tədbirlərin keçirilməsidir.

Düşünülmüş və hərtərəfli siyasətin real nəticəsidir ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz sivilizasiyalararası və mədəniyyətlərarası, dini dözümlülük, birgəyaşayış ənənəsi, həmrəylik ideyasının təşviqi ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Belə ki, bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addımdır. “İslam həmrəyliyi ili” yalnız din amilini deyil, eyni zamanda müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır. Həmçinin bu il çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə keçiriləcək ki, bu da müstəqil Azərbaycanın müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu, böyük siyasi, mədəni tədbirdir, böyük ictimai hadisədir: “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər”.

Yuxarıda sadalananların məntiqi yekunu kimi, bir mühüm faktoru da əlavə etmək yerinə düşər. Tarixən İslam dünyasının bir parçası, mədəni və dini mərkəzlərindən biri olan Azərbaycanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz müxtəlif məsələlərlə əlaqədar müsəlman dövlətləri arasındakı bu və ya digər problemlərdə münsif rolunu oynaya bilir. Biz bilirik ki, İslam dünyasında bəzi məsələlərlə əlaqədar ziddiyyətlər, fikir ayrılıqları var, ayrı-ayrı müsəlman ölkələri arasında qarşıdurmalar mövcuddur. Bunlar bəzən təriqət, məzhəb fərqliliyi fonunda ortaya çıxır. Azərbaycan isə bütün müsəlman ölkələri ilə eyni səviyyədə xoş və dostyana münasibətlərə malikdir. Məhz buna görədir ki, Azərbaycan İslam dünyasında da özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunədir. Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd etdiyi kimi: “Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz”.

Beləliklə, getdikcə dünya birliyi və nüfuzlu beynəlxalq təşkilatlar daha tez-tez etiraf etməkdədirlər ki, dini zəmində ixtilafların, qarşıdurmaların, toqquşmaların kəskinləşdiyi, terrorizm, dini radikalizm kimi mənfi meyillərin artdığı bir dövrdə Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin edilməsi, ölkə vətəndaşlarının dinc və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin multikultural və tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi dəstək digər ölkələr üçün nümunə və mühüm təcrübədir.

 

Siyavuş NOVRUZOV,

Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri,

YAP İcra katibinin müavini

 

Azərbaycan.- 2017.- 9 may.- S. 6.