Müstəqilliyin banisi

 

Tarix səhnəsinə çıxan hər bir xalqın öz siyasi lideri yetişir. Bu mənada Heydər Əliyev taleyin xalqımıza ən böyük töhfəsi sayılmalıdır. Ona görə ki, o, bizim tale kitabımızı yazdı. Buna qədər və bundan sonra da dünyada və ölkə daxilində qarşımıza çıxa biləcək hər cür çağırışlar və çətinliklər məqamında Azərbaycan dövləti heç zaman köməksiz, çarəsiz qalmayıb və qalmayacaq. Çünki Heydər Əliyevin bizə miras qoyduğu tale kitabı bizimlədir, xalqımız bu müqəddəs kitabın göstərdiyi yollarda həmişə qalib olacaq, sınaqlardan üzüağ çıxacaq.

Bu gün dünyada miqyaslı dəyişmələr, ziddiyyətli siyasi hadisələr baş verir. Ən təhlükəlisi odur ki, böyük dövlətlər bir-birini eşitmir, müəyyən məsələlərdə ancaq özlərini haqlı sayırlar. Hələlik onlar öz müharibələrini özgə dövlətlərin ərazilərində aparırlar. Üstəlik gənc, kiçik dövlətləri də öz sıralarında görmək istəyirlər. Dünyada yaranan belə məntiqsiz şəraitdə Azərbaycan dövləti balanslı və uzaqgörən siyasət yeridir. Bu siyasət birbaşa ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin real şəraitdə davamıdır.

Böyük rəhbərin ömrünün əsas qayəsi, amalı müstəqil Azərbaycan dövləti qurmaq idi. Heydər Əliyev taleyin onun çiyninə qoyduğu bu missiyanı əlli ildən artıq daşıdı və gerçəkləşdirdi. Əleyhdarları öz illərini onun haqqında böhtanlara, şər-şəbədələrə sərf edəndə Heydər Əliyev həmişə gerçək və uzaq hədəfli işlərlə məşğul oldu. Sovet dönəmində müstəqilliyin iqtisadi, aqrar, kadr bazasını yaratdı. Ümummilli lider bütün fəaliyyətinin çətin və sınaqlı dövrlərində hər dəfə ağlasığmaz qələbələr, uğurlar qazandı, zirvələrdən-zirvələrə ucaldı, opponentləri isə tarixin sərt döngələrində itib-batdılar.

Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı fundamental bir siyasi ideologiyanın, bütün vətəndaşlarının hər növ hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu, yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Çağdaş Azərbaycanı ulu öndərin şah əsəri adlandıranlara tam haqq qazandırmaq lazımdır. Nə vaxtsa yaşımızın ən ixtiyar çağlarında gələcək nəsillərimiz məhz ulu öndərlə eyni illəri yaşadığımız, eyni anları bölüşdüyümüz üçün bizə qibtə ilə baxacaqlar... Çünki azərbaycançılıq ideologiyasının banisi olan bu nadir siyasətçi və şəxsiyyət bütün zamanlarda mütərəqqi insanlar tərəfindən qürur və şərəf hissi ilə xatırlanacaq.

Azərbaycan dövlətinin tarixi ənənələrinin formalaşması və onun siyasi əsaslarının mükəmməl ideoloji sistemin tərkib hissəsi kimi təsbit olunması milli dövlətçilik təfəkkürünün meydana gəlməsində müstəsna rol oynadı. “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir” deyən ulu öndərin ən böyük xidmətlərindən biri də bundan ibarətdir ki, o, azərbaycanlıların vahid bir etnik-siyasi toplum kimi tanınmasını təmin edən ideologiyanın bünövrəsini qoydu. Yeni və sağlam nəslin yetişməsi üçün kifayət qədər mükəmməl bir şərait formalaşdırdı. Nə qədər çətin və ağrılı mərhələlərdən keçsə də, ulu öndərin yaratdığı milli dövlətçilik ideologiyası tarixin sınaqlarından uğurla çıxa bildi və bu, onun müəllifinin kifayət qədər müdrik şəxsiyyət olduğunu bir daha təsdiqləyən əsas faktlardan ibarət idi.

Milli dövlətçilik ideologiyasının tarixi-siyasi mahiyyətini araşdırmaq, onun həqiqi fəlsəfi məzmununu müəyyən etmək olduqca mürəkkəb bir məsələdir. Bu ideologiya ilk növbədə azərbaycançılığı elə bir səviyyədə özündə birləşdirdi ki, onun söykəndiyi dəyərlər sistemi bütövlükdə xalqımızın ümumi xarakterini müəyyənləşdirdi. Bu ideologiya adi bir həyat hadisəsi deyildir, müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda öz xalqının milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratmış böyük siyasi xadimin idarə etdiyi tarixi prosesdir. Heydər Əliyev azərbaycançılıq ideologiyasının həyata keçirilməsini başlıca vəzifələrdən biri kimi qiymətləndirirdi: “Bu ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda əməli surətdə həyata keçirmək lazımdır”.

Müstəqillik illərində ümummilli lider, təəssüf ki, cəmi on il bizimlə bir dövrdə yaşadı. On ildə Azərbaycan onun rəhbərliyi ilə azı bir qərinəlik şərəfli yol keçdi. Borcaxtaran ölkə borcverən ölkəyə çevrildi. Moskvadan icazəsiz bir hektar pambıq əkə bilməyən ölkə Ana Qanununu yazdı, öz nefti, qazı, digər sərvətləri ilə dünya bazarlarına çıxdı. Ermənilərlə informasiya müharibəsində vətənin xeyrinə olan dönüş yarandı, dünyada sözümüz və səsimiz eşidildi. Bir sözlə, ulu öndərin təbirincə demiş olsaq, Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu.

Tarixi imtahanlar və sınaqlar arxada qalandan sonra çox vaxt biz onlara əbədi həyatın halqaları kimi baxırıq. Amma belə deyil. Xalqlar, cəmiyyətlər, dövlətlər tarixi sınaqlardan konkret şəxslərin hünəri, fədakarlığı, enerjisi və sağlamlığı hesabına çıxırlar. Biz də keşməkeşli müstəqilliyimizin iyirmi beş ildən artıq yolunu ilk növbədə ulu öndərin sayəsində qələbələr sırası kimi keçmişik. Bütün sınaqlarda Heydər Əliyev öz xalqı ilə birgə, çiyin-çiyinə olub. Dövlətimiz hər mərhələdə bu vəhdətdən güc alıb və bu güc gələcəkdə daha qüdrətli olmalıdır!

Bu gün biz xalqımızın və onun siyasi varisi möhtərəm Prezident İlham Əliyevin birliyini israrla qorumalıyıq, bu birliyin sədaqətli, etibarlı xidmətçisi olmalıyıq. Əminəm ki, xalqımızın və dövlətimizin gələcək uğurları da bu sarsılmaz birliyə əsaslanacaqdır. Bu birlik həm də Heydər Əliyevin tale və quruculuq kitabını rəhbər tutmaq və ona düzgün əməl etmək hünərinə, etibarına söykənəcəkdir.

Lakin hazırda dünyadakı hərbi vəziyyət və proseslər məni bir ana, pedaqoq və azərbaycanlı kimi narahat edir. Şübhə yoxdur ki, Azərbaycandan çox da uzaqda olmayan hərbi və siyasi münaqişələr Qafqazda da getdikcə böyük siyasi qeyri-sabit vəziyyət ehtimalı yaradır. Ermənilərin bizə qarşı fitnəkarlıq tarixinə baxanda aydın görürük ki, onlar dünyadakı hər bir növbəti qlobal qeyri-sabitlik dalğasından özgə torpaqlarını ələ keçirmək üçün fürsət axtarırlar. Biz buna hazır olmalıyıq, çünki siyasi hadisələr reallığa oxşamayan bir sürətlə dəyişir və bizi daha diqqətli, sərvaxt olmağa çağırır.

Ötən ilin aprel döyüşləri ermənilərin növbəti hiyləgər təxribatı nəticəsində başlamışdı. Ermənilər dünyadakı qeyri-sabitliyin növbəti dalğasını gözləyir və onları şərtsiz himayə edən dövlətlərdən hərbi yardım və silah istəyirlər. Ona görə də aprel döyüşləri ermənilərə silahlanma bəhanəsi kimi lazım idi. Lakin onlar yanıldılar. Unutdular ki, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Ordusu bu gün möhtərəm Prezidentin rəhbərliyi altında Qafqazın ən yüksək maddi-texniki təchizata və hərbi sursata malik modern, müasir, yenilməz ordusuna çevrilib. Hər kəs anladı ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri həll etməyə - torpaqlarımızın işğaldan azad olunmasını təmin etməyə qadirdir.

Aprel döyüşlərində ermənilər Azərbaycan Ordusunun basılmaz əsgərinin və müasir silahının gücünü əyani olaraq gördülər. Tarixən də belə olub: müharibələri silahlar yox, əsgərlər udublar, əsgərin qələbə əzmi, vətən məhəbbəti, torpaq sevgisi, hər cür fədakarlığa hazır olan qətiyyəti, damarlarında qan kimi qaynayan qeyrət, təəssübkeşlik, milli mənlik udur. Bunu Azərbaycan əsgərinin tarixə yazılan şücaəti göstərdi. Ordumuzun qüdrəti, gücü cəmiyyətimizdə, gəncliyimiz və əsgərlərimiz arasında görünməmiş ruh yüksəkliyi Prezident İlham Əliyevin ətrafında bir daha sarsılmaz birlik nümayiş etdirdi. Azərbaycan cəmiyyəti yekdil bir qüvvə kimi torpaqlarımızı azad etmək əzmini, qüdrətini ortaya qoydu. Xalqımızın və ordumuzun birliyi qüdrətlə səsləndi. Bu, müstəqillik illərində cəmiyyətimizin övladlarımıza təlqin etdiyi sonsuz vətənpərvərlik, millətsevərlik, ədalətlilik və milli təəssübkeşlik, qədirbilənlik tərbiyəsinin qürurverici nəticəsi idi.

O günlərdə böyük dövlətlər Qafqazda hərbi əməliyyatlardan xorla və həyəcanla danışmağa, narahat olmağa başladılar. Tarixdən məlumdur: bu dövlətlərin hökumətləri, bir səslə sülh canfəşanlığına başlayırlarsa, deməli, ermənilərin hərbi vəziyyəti fəlakətlidir. Hərbi təşəbbüs ermənilərdə olanda onlar çox sakit görünürlər. Aprel döyüşlərində düşmən öldürücü zərbə aldı və indiyədək özünə gələ bilmir. Xristian dövlətləri ilə xəlvət görüşlərdə ağlayıb silah, müdafiə istəyirdilər. Lakin ordumuzun Ali Baş Komandanı İlham Əliyev erməni fitnəkarlığının bütün cəhətlərini, sifətlərini bilir və zamanında qabaqlayıcı tədbirlər görür. Hadisələr zamanı Ali Baş Komandanın nümayiş etdirdiyi hərbi qətiyyət, Azərbaycan əsgərinin gücünə, qüdrətinə sarsılmaz inam onun cəmiyyətdə nüfuzunu qat-qat artırdı. Xalqımız, gəncliyimiz, ordumuz Prezidentimizin torpaqları qaytarmaq əzmini alqışlayır və əmrini həmişə hazır vəziyyətdə gözləyirlər.

Ermənilər öz qudurğan siyasətçilərinin törətdiklərinin bədəlini ödəyəcəklər. Azərbaycan cəmiyyətinin və ordusunun Prezident İlham Əliyev ətrafında sıx birliyi də bu tarixi zərurətin amillərindən biri və ən başılcasıdır.

Orduların, cəmiyyətlərin gücü onların iqtisadi bazasındadır. Dövlət başçımızın yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə dünyada sülh, tərəqqi, əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir.

Azərbaycan bu gün sülhün və əməkdaşlığın paytaxtına çevrilib. Və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikamızda həyata keçirilən iqtisadi tədbirlərlə paralel şəkildə demokratik-hüquqi islahatların mütəmadi davam etdirilməsi, strateji inkişaf kursunun prioritet xətt kimi seçilməsi digər sahələrin də tərəqqisinə yol açmışdır.

Bütün bu nailiyyətlərin - siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə edilmiş yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəylik və vətəndaş sülhünə əsaslandığını vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikamızda mövcud olan əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının başlıca təminatlarından biridir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir: müasir dövrdə hər bir xalqın taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir.

Müasir dünyada rəqabətə tab gətirmək üçün ilk növbədə təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq, elmi yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi qəbul etmək lazımdır. Bunun üçün ölkə rəhbəri fəal milli maarifçilik xətti yeridir və dünya təhsil sisteminə inteqrasiyanı vacib hesab edir.

Bizim milli təhsilin strateji məqsədi ilk növbədə müasir elmi biliklərlə silahlanmış milli ruhlu vətəndaş yetişdirmək, vətənpərvər, xeyirxah, humanist, sədaqətli, təəssübkeş, ədalətli gənclik tərbiyə etməkdir. Belə tərbiyənin pedaqoji strategiyası cəmiyyətimizin tərəqqisi, onun yaxın və uzaq vəzifələri ilə bağlıdır. Bu vəzifələrin təməlində ölkənin ərazi bütövlüyünün bərpası, iqtisadiyyatımızın modernləşdirilməsi, təbii sərvətlərimizdən daha effektiv istifadə etmək məqsədi durur.

Həmin məsələləri uğurla həyata keçirmək üçün bizə ilk növbədə milli ruhda tərbiyə almış, mənəvi dəyərlərimizi şüurlu surətdə qiymətləndirən və sevən, vətən bayrağına məhəbbəti həyat qayəsi sayan bilikli vətəndaşlar lazımdır. Bunun üçün biz ölkənin təhsil sistemində gedən islahatları davam etdirməli, kənar mədəniyyətlərlə təmas anlarında “yabançı həyat tərzlərindən məhz nələri əxz etməli, nələri kənarlaşdırmalı” sualı meydana çıxarkən düzgün mövqe tutan, müstəqil qərarlar qəbul etməyi bacaran kamil gənc nəsil yetişdırməyi təhsilimizin ali məqsədi kimi həyata keçirməliyik. Gənc nəslin maddi və mənəvi sağlamlığı, milli dəyərlərə bağlılığı, vətənpərvərliyi təhsilimizin ən mühüm hədəfləri olaraq qalır. Təhsilin keyfiyyətini, insanların ixtisas səviyyəsini yüksəltməyi milli tərəqqimizin əsas şərti saymalıyıq və sayırıq. Bu, Heydər Əliyevin milli təhsil konsepsiyasının əsas tələbidir. Sosial tərəqqi dərinləşdikcə, texnologiyalar artdıqca dövlətin təhsilin keyfiyyəti üzərində nəzarəti və diqqəti də artır. Bu gün aparılan təhsil islahatları məhz buna yönəlibdir. Müasir təhsil ən yeni infrastruktur, dövlət standartlarına uyğun proqramlar, dərsliklər tələb edir. Bu həm dövlət, həm də özəl təhsilə aiddir. Həyat göstərdi ki, pərakəndəlik bu yöndə aparılan islahatların tələblərinə uyğun deyil. Dövlətimiz ardıcıl olaraq təhsilin təşkilat strukturunu təkmilləşdirir, pərakəndəliyi aradan götürür. Belə tədbirlər ölkənin sürətli tərəqqisinə, gəncliyin bilik və ixtisas səviyyəsinin yüksəlməsinə xidmət edir və Azərbaycanda vətəndaş tərbiyəsinin mühüm strateji parametrlərini müəyyənləşdirən fəaliyyət kimi xarakterizə olunur.

Neft dövrünün islahatlarını ulu öndər Heydər Əliyev özü apardı. Amma postneft dövrünə uğurlu keçidin memarı Prezident İlham Əliyevdir. Onun siyasətində bu islahatların məqsədi birdir: neft-qaz bazarındakı qeyri-sabitlik heç bir halda Azərbaycan iqtisadiyyatının inkişaf templərinə və maliyyə dayanıqlığına mənfi təsir etmədən digər sahələrin tərəqqisinə sürətli islahatlar strategiyası kimi təkan verməlidir. Dövrün reallıqları ilə hesablaşaraq onu vaxtında istiqamətləndirmək dövlət başçısı İlham Əliyevin idarəçilik üslubunun ana xəttidir.

Son on beş ildə ölkəmizdə aparılan islahatların ən görünən hissəsi infrastruktur layihələridir: rabitənin və yol təsərrüfatının müasirləşdirilməsi, qaz və su şəbəkələrinin genişləndirilməsi və s. Lakin bizim bu infrastruktur layihələrin əsl tarixi-iqtisadi mənası indiki mərhələdə ortaya çıxır: sürətli infrastruktur quruculuğu ölkədə postneft dövrü islahatlarının zəruri bazası idi. Ona görə qeyri-neft sənayesinin sürətlə yenidən qurulması planları əslində Prezidentin islahatlar proqramının ikinci mərhələsidir. Bu mərhələ ölkədə həm maliyyə bazasını möhkəmlədəcək, həm də manatın kursunu sabitləşdirəcəkdir. Prezidentin sosialyönümlü siyasətinin əsas göstəricisi, yoxsulluğu aradan qaldıran iqtisadi amil məhz düzgün yeridilən islahat xəttidir. Cəmiyyətimizin və yaradıcı insanlarımızın, xalqımızın dövlətimizə etimadı, sevgisi, ədalət prinsipləri əsasında ildən-ilə möhkəmlənən ölkənin nüfuzlu siyasi qüvvəsinə - YAP-a sarsılmaz inamıdır.

Bu gün də partiyamız cəmiyyətimizin inkişafı yollarında dövlətimizlə yanaşı qoşa qanad kimi öz əzmkar fəaliyyətini davam etdirir. Qürurverici haldır ki, YAP-ın sıralarına hər gün ölkəmizin aqil, uzaqgörən, təəssübkeş insanları - qadınlar, gənclər dəstə-dəstə gəlirlər. Bu, partiyamızın da sükanı başında möhtəşəm rəhbərliyi ilə uğurlu idarəetmə siyasəti aparan Prezidentə, Yeni Azərbaycan Partiyasına böyük bir inamın, etimadın, sonsuz məhəbbətin təzahürüdür. Bu, mütləq həqiqətin tarixi təsdiqidir!

Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası bu islahatlar yolunda dövlətimizin əsas yardımçısı və dayağıdır. YAP ölkənin tarixi müqəddəratının həll edilməsində, uğurla həyata keçirilən nəhəng dövlət quruculuğu prosesində mübarizlik nümayiş etdirməyə qadir olduğunu çoxdan isbat etmişdir. Bu gün danılmaz həqiqətdir ki, YAP cəmiyyətin siyasi avanqardıdır. Dövlət başçısının hər bir uğuru partiyamıza daha da hörmət və nüfuz qazandırmış, onun sıraları vətənpərvər insanlar hesabına 700 000 nəfərə çatmışdır.

Bu, Prezidentə və Yeni Azərbaycan Partiyasına böyük bir inamın, etimadın, sonsuz məhəbbətin təzahürüdür. Bu, mütləq həqiqətin tarixi təsdiqidir! YAP-ın sıralarında gənclərin və qadınların fəaliyyəti xüsusi bir mövzudur. Bu barədə söz açarkən Azərbaycan qadınının fəaliyyətinə örnək olan Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti haqqında danışmamaq mümkün deyil.

Onun ölkənin Birinci vitse-prezidenti kimi böyük dövlət postuna gəlişi hazırkı inkişafımızın sürəti və uğuru, tərəqqinin ortaya gətirdiyi sosial problemlərin həlli üçün zəruri olan bir qərardır. Çoxşaxəli, titanik fəaliyyətin ədalətli nəticəsidir. Xalqımızın qəlbində Mehriban xanıma böyük, misilsiz inam və etimad var. İnsanların öz dərd-səri ilə ona müraciətlərinin çox böyük miqyası bunu aşkar göstərir. Bu həm də dövlətimizin ədalət gücünə inamdır. Prezidentin sosialyönümlü siyasətinin gerçəkləşməsində Mehriban xanımın zəhməti və fəaliyyəti misilsizdir. Aydın məsələdir ki, indiyədək onun xarici və daxili siyasətdə qeyri-rəsmi statusla apardığı və bütün dünyada etiraf olunan fəaliyyəti daha yüksək səmərəlililklə davam edəcək, xalqımızın və dövlətimizin yeni uğurları üçün möhtəşəm qüvvə kəsb edəcək və böyük humanitar nəticələr verəcəkdir. Mehriban xanım Əliyeva Azərbaycan anasının və qadınının zəriflik və qaliblik gücünün rəmzidir. Bütün Azərbaycan anaları onunladır, əl-ələ və çiyin-çiyinədir. Bu, milli dövlətçilik, azərbaycançılıq ideologiyasının qürurverici cəhətlərindən ən birincisidir. O fəaliyyətin ki aparıcısı anadır, qadındır, ona inam çoxdur.

2015-ci il I Avropa Oyunları bütün dünyada qələbəmiz oldu. Dostlarımız sevindi, düşmənlərimiz məyus qaldı. İndi biz öz vətənimizdə 2017-ci ilin İslam Həmrəyliyi Oyunlarını təşkil edirik. Bu həm də islam həmrəyliyinin təntənəsidir.

Qarabağla bağlı məsələlərin beynəlxalq məclislərdə qoyuluşu zamanı bizim ədalətli mövqeyimizin müdafiə olunması vacib bir şərtdir. Bunun təmin olunması həm də dövlətlər və xalqlar arasında dialoqun, diplomatların şəxsi münasibətlərinin səviyyəsindən asılıdır. O biri tərəfdən, dövlətlərarası əməkdaşlıq birbaşa xalqların, iqtisadiyyatların və tək-tək insanların əməkdaşlığına əsaslanır. Böyük idman tədbirləri bu münasibətlərin yaranmasının ən sadə və səmərəli yoludur. Üstəlik hər bir ideoloji əməkdaşlığın iqtisadi və humanitar faydaları da olur, məsələn, turizm kimi çox gəlirli fəaliyyətin inkişafına yol açır.

Ölkəmizin beynəlxalq forum və dialoq siyasətinin böyük faydasına çox inanırıq. Əslində, bu da təhsilin, sosial təhsilin bir formasıdır. Belə bir xətt ölkənin xarici siyasətinin ayrılmaz atributuna çevrilib. Xalqımız bunun faydalarını bu gün də hiss edir, amma gələcəkdə daha artıq hiss edəcəkdir. Çünki bu tədbirlərin Azərbaycanın açıq, müasir, çoxmədəniyyətli bir cəmiyyətə çevrilməsini daha da sürətləndirir. Bu tədbirlər Azərbaycanı müsəlman ölkələri ilə Qərb arasında inteqrasiya körpüsü kimi təqdim edir. Bu, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının məzmununa aid qlobal məsələdir. Bu ideologiya milliliklə müasirliyi, dinə sonsuz inamla tolerantlığı, demokratik düşüncə ilə dövlətçilik şüurunu elə mükəmməl səviyyədə özündə birləşdirir ki, onun söykəndiyi dəyərlər sistemi bütövlükdə Azərbaycan xalqının ümumi xarakterini müəyyənləşdirir. Təsadüfi deyil ki, “Multikulturalizm ili”ndə Azərbaycanda qonaq olan əcnəbilər bu Şərq ölkəsində müxtəlif dünyagörüşlərinin, dini inancların, siyasi əqidələrin, fərqli mədəniyyətlərin bu dərəcədə normal, sivil dialoquna heyranlıqlarını gizlədə bilmirdilər. Bu dialoq öncə möhtərəm Prezidentin düşüncələrində qurulmuşdur. Keçmişin qiymətli əmanətlərini çağdaş təsəvvürlərin işığında təqdim etməyə, yaxud çağdaş təsəvvür və dünyagörüşlərini tarixin ərməğanları fonunda nəzərdən keçirməyə yalnız idarəçilik keyfiyyətlərinin sirlərinə dərinliyi ilə bələd olan İlham Əliyev nail ola bilərdi. O, buna nail oldu.

Bu ideologiya adi bir həyat hadisəsi deyildir, müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda öz xalqının milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratmış bir siyasi xadimin idarə etdiyi tarixi prosesdir.

Son on beş ildə Azərbaycanın gələcəyi, iqtisadi qüdrəti, müstəqilliyinin dönməzliyi üçün misilsiz işlər görülüb, böyük qələbələr qazanılıb. Azərbaycan dünyanın iqtisadi və mədəniyyət məkanına dərindən inteqrasiya edib, zəruri infrastruktur və kadr bazası yaradıb. Bütün bunlar neft gəlirlərinin insan kapitalına çevrilməsi və Prezident İlham Əliyevin güclü Azərbaycan yaratmaq arzularına, milli həmrəyliyə və siyasi sabitliyə əsaslanıb. Bugünkü Azərbaycan dahi Heydər Əliyevin həyat amalı idi. Deməli, biz daha artıq uğurlar və qələbələr gətirəcək düz yolla gedirik.

Bu gün müstəqil Azərbaycan dünya siyasətinin reallığıdır.

Xalqımız bu reallığı qoruyub saxlamaq üçün İlham Əliyevin hakimiyyətini, dövlət idarəçiliyini böyük bir nemət kimi qəbul edir. Ona görə böyük nemət kimi qəbul edir ki, ona həm təbiət, həm də aldığı tərbiyə alicənablıq, qüvvətli ruh, dövləti səriştə, böyük ürək və zəngin təcrübə vermişdir. Onun ən böyük sərvəti Heydər Əliyev məktəbi, ən böyük dayağı isə hər gün etibarlı dəstəyini və sarsılmaz məhəbbətini hiss etdiyi Azərbaycan xalqıdır. Bu birliyin qələbələrə uğurla çatacağına inanırıq.

 

Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor, YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2017.- 9 may.- S. 9.