Azərbaycanı modern dövlətə çevirən inkişaf strategiyasının müəllifi

 

May ayının 12-si Azərbaycanın müasir tarixinə ən əlamətdar günlərdən biri kimi yazılacaqdır: 3 ildən çox davam etdirilən yüksəksəviyyəli hazırlıq işlərindən sonra, nəhayət, paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarına start verir. Respublikamız bu mötəbər idman tədbirini sülh, sabitlik və yüksək bayram ovqatında keçirməklə malik olduğu iqtisadi, siyasi və mədəni-intellektual potensialı növbəti dəfə bütün dünyaya nümayiş etdirəcəkdir.

Ümumiyyətlə, son illər keçirilən belə nüfuzlu tədbirlər nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın iqtisadi qüdrətinin, müasir şəhər infrastrukturunun, turizm imkanlarının, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzminin, ən nəhayət, yüksək tolerantlığının və qonaqpərvərliyinin əyani şahidi olur. Azərbaycanın Birinci vitse-prezidenti, ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə yaşadan fondun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə keçiriləcək bu tədbir ümumən müasir Azərbaycanın İslam dünyasına dolğun şəkildə təqdimatı, qazandığımız uğurların, habelə üzləşdiyimiz münaqişə ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından unikal təbliğat platformasıdır.

Bu və digər beynəlxalq tədbirlər ilk növbədə dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi formalaşmış ictimai-siyasi sabitlik və iqtisadi inkişaf amilləri ilə şərtlənir. Azərbaycanın siyasi baxımdan sabit, təhlükəsiz ölkə olmasını, ilbəil artan iqtisadi imkanlarını, demokratikləşmə xəttinə sadiqliyini nəzərə alan müxtəlif beynəlxalq təşkilatlar, habelə ölkələr qlobal tədbirlərin keçiriləcəyi məkanı müəyyənləşdirərkən məhz Bakı şəhərinə xüsusi üstünlük verirlər. Bu həm də Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının səmərəliliyinin beynəlxalq səviyyədə etirafıdır.

IV İslam Həmrəyliyi Oyunlarının ulu öndərin anadan olmasının 94-cü ildönümü ərəfəsinə təsadüf etməsi yaxın tarixi keçmişimizlə bağlı müəyyən proseslərə yenidən obyektiv nəzər salmağı, xaos və anarxiyadan davamlı inkişafa aparan yolun salnaməsini göz önündə canlandırmağı zəruri edir. Şübhəsiz, bu proseslər fonunda Azərbaycanın hazırkı uğurlarının lider amili ilə bağlı olması daha aydın görünür.

Tarix sübuta yetirmişdir ki, fenomen şəxsiyyətlərin ətrafında birləşən xalqlar tarixən mürəkkəb siyasi reallıqları düzgün dəyərləndirərək lazımi məqamda doğru seçim etməyi, qətiyyət göstərməyi bacarmış, çətin sınaqlardan, mürəkkəb vəziyyətlərdən üzüağ çıxmış, gələcəyə doğru inamla irəliləmiş, özünütəsdiq imkanı qazanmışlar. 1991-ci il oktyabrın 18-də istiqlaliyyətini bərpa etmək şansı qazanmış Azərbaycanın ilkin mərhələdə üzləşdiyi ağır və mürəkkəb proseslər təsdiqləmişdir ki, müstəqilliyi yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik səriştəsi sayəsində qoruyub saxlamaq olar. Bu mənada 1993-cü ilin iyun ayınadək respublikanın müstəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız demokratik, hüquqi və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu tam gerçəkləşdirə bilməmişdi. Həmin zaman kəsiyində ölkə iqtisadiyyatında tənəzzül prosesi dərinləşir, inflyasiyanın səviyyəsi gündən-günə yüksəlir, əhalinin sosial rifah halı pisləşir, ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə yönümündə məqsədyönlü addımlar atılmırdı.

İqtisadi tənəzzülün sürətlənməsi nəticəsində bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə - hiperinflyasiya mərhələsinə qədəm qoymuşdu. İstehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər, dövlət xərclərinin, əməkhaqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi.

Bu acı gerçəkliklər fonunda ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyilə Naxçıvandan Bakıya qayıtması ölkəni təhlükəli vəziyyətdən çıxarması, xalqın xaosdan qurtulması və nəhayət, hakimiyyəti dövründə Azərbaycanın davamlı inkişaf yoluna qədəm qoyması kimi xarakterizə olunur. Böyük strateq məhz bu mərhələdən müstəqilliyi BMT tərəfindən hüquqi baxımdan tanınmış Azərbaycan dövlətçiliyini faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başlamışdı. Müstəqilliyin bir çoxlarının düşündüyündən də uzun və çətin yol olduğunu yaxşı bilən ulu öndər Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırmışdır.

Ulu öndər Heydər Əliyevin lider kimi gücü və qüdrəti həm də onun zamanında elan etdiyi məqsəd və vəzifələrin real həyatda praktik tətbiq imkanları ilə ölçülür. Bu mənada ümummilli lider müstəqil Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxaran mütərəqqi iqtisadi modelin banisi kimi ehtiramla xatırlanır. Bu iqtisadi inkişaf modeli irəli sürülərkən heç də mövcud dünya ölkələrinin təcrübəsi Azərbaycana köçürülməmiş, respublikanın zəngin təbii resursları, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyi, geniş tranzit-kommunikasiya imkanları, habelə tarixi təsərrüfatçılıq ənənələri, spesifik xüsusiyyətləri nəzərə alınmışdır.

Planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid şəraitində ümummilli liderin ölkənin böyük perspektivlərinə hesablanmış strateji inkişaf proqramının başlıca məqsədlərindən biri xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olmuşdur. Sosialyönümlük prinsipini daim əsas götürən Heydər Əliyevin bu istiqamətdə qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərən sosial ziddiyyətlərin aradan qaldırılmasına rəvac vermişdir. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqəti cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Ümumilikdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə formalaşmaqda olan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi.

Ulu öndər Heydər Əliyevin 1994-cü il 15 iyun tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” və 1994-cü il 24 oktyabr tarixli “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamları bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət etmişdir.

Ümummilli liderin yeni iqtisadi sistemdə uğurlu həllinə nail olduğu məsələlərdən biri də torpaq islahatlarının əhalinin mənafeyinə uyğun həlli olmuşdur. Böyük strateq aqrar sahədə ciddi dönüş yaratmağın vacibliyini özünəməxsus uzaqgörənliklə bəyan etmiş, bu məqsədlə ilk növbədə kənd təsərrüfatında mövcud olan tənəzzülün qarşısı alınmış, aqrar islahatlara hüquqi zəmin yaradılmışdır. 1995-ci ildən başlayaraq “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti 10 yanvar 1997-ci il tarixli “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” fərman imzaladı. Yaradılan bu hüquqi baza əsasında respublikamızda analoqu olmayan aqrar islahat prosesinə start verildi, MDB-yə daxil olan respublikalarla müqayisədə çox qısa vaxtda sovxoz və kolxozlar ləğv olunaraq onların torpaqları və əmlakı öz sahibinə - kəndlilərə paylandı.

Ölkəmizdə torpaq islahatının digər üstün cəhəti ondadır ki, başqa ölkələrdən fərqli olaraq torpaqların əhalinin xüsusi mülkiyyətinə verilməsini təsdiq edən hüquqi sənədlərin rəsmiləşdirilməsi dövlətin hesabına aparıldı, bu proses qısa müddətdə başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas atributlarından olan torpaq üzərində xüsusi mülkiyyət hüququ formalaşdı. Ulu öndər Heydər Əliyevin 1999-cu ildə imzaladığı sərəncama əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına neft məhsullarının pərakəndə satışında güzəştlər verilməyə başlanmış, 2001-ci ildən istehsalçılar torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad olmuşlar. Bu güzəştlər postsovet məkanında ilk dəfə məhz Azərbaycan Respublikasında tətbiq olunmuş və hazırda da davam etdirilir.

Ümumiyyətlə, Heydər Əliyevin böyük müdriklik və iqtisadi hesablama əsasında müəyyənləşdirdiyi inkişaf konsepsiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Bunun nəticəsidir ki, 1995-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Eyni zamanda sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqlənmiş, strukturu formalaşdırılmışdır. Fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.

Ümummilli lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 1994-cü ildəki 29 faizdən 75 faizə yüksəlmişdir.

Ümumiyyətlə, ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar ölkədə yeni iqtisadi sistemə uğurlu keçidi təmin etmiş, davamlı tərəqqiyə imkan yaratmışdır. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,6 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə qədər endirilmişdir.

2003-cü ildən ümummilli lider Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən dövlət başçısı cənab İlham Əliyev ötən 14 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illər dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan dövlətlərindən biri kimi tanınır.

Qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir, ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Dövlət başçısının son 14 ildə imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri vəzifələr müəyyənləşdirilmişdir.

Son 3 ildə dünya iqtisadiyyatında tənəzzülün dərinləşməsinə baxmayaraq, ölkəmiz yüksək makroiqtisadi göstəricilər əldə etmiş, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynamış, dövlət proqramlarını uğurla icra etmişdir. Xüsusən də 2015-2017-ci illərdə Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatların əsasını antiböhran tədbirlərinin genişləndirilməsi və makroiqtisadi sabitliyin təmini məsələləri təşkil etmişdir. Əgər əvvəlki illərdə ölkədə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesinin hesabına əldə edilirdisə, hazırda bu qeyri-neft sektorunun vergi daxilolmalarının payı 67,2 faizə yüksəlmişdir. Qeyri-neft sənayesindəki yüksək artım yeni müəssisələrin yaradılmasına, mövcud olanların fəaliyyət dairəsinin genişləndirilməsinə əsaslanan davamlı sənayeləşmə prosesinin əyani göstəricisidir.

Dövlət başçısı cənab İlham Əliyevin açıqladığı antiböhran paketi Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq, neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyası seçdiyini göstərir. Bu mərhələdə Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi başlıca hədəflərdən biri də ölkədə çevik və qlobal böhran dövrünün çağırışlarına adekvat cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəffaflığın və hesabatlığın artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasıdır.

Azərbaycan hökuməti 2017-ci ilin əvvəlindən karbohidrogen resurslarından asılılığın azaldılması, investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə pozitiv göstəricilərə imza atmışdır. Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin artdığını göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev iclasdakı dərin məzmunlu nitqində demişdir: “İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir. Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıbdır. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir”.

Nazirlər Kabinetinin iclasında açıqlanmış rəqəmlər Azərbaycan iqtisadiyyatının bu il böhranın son mərhələsində olduğunu göstərir. 2017-ci ilin birinci rübündə respublikamızın ticarət dövriyyəsinin 15 faiz, ixracın 50 faiz, o cümlədən qeyri-neft ixracının 10 faiz ətrafında artması, idxalın 17 faiz azalması ölkənin tədiyə balansının qorunub saxlanılması və manatın məzənnəsinin sabitliyinin təmini baxımından mühüm makroiqtisadi göstəricilərdir. Böhranın ən pik mərhələsi sayılan 2015-2016-cı illərdə Azərbaycan üçün müəyyən çətinliklər yaransa da, hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər səmərə vermiş, nəticədə bir çox makroiqtisadi parametrlər üzrə inkişafa nail olunmuşdur.

Əlbəttə, mövcud qlobal iqtisadi şərait iqtisadi islahatları genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini; sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə yolu ilə yeni konseptual yanaşmaların tətbiqini, əlverişli investisiya mühitindən səmərəli istifadəni zəruri edir. Bu və digər praktik məqsədlərin həyata keçirilməsi üçün imzalanmış fərman və sərəncamlar göstərir ki, ölkə başçısı cənab İlham Əliyev orta və uzunmüddətli perspektivdə hökumətin iqtisadi islahatlarının innovasiyayönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır. Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Maliyyə Sabitliyi Şurasının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.

Böhran dövründə ölkənin tədiyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarların ixrac imkanlarının genişləndirilməsi olmuşdur. Ölkə başçısının 1 mart 2016-cı il tarixli “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini önə çəkir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədə olacaq fərmana görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.

Ümumilikdə dövlət başçısının 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında”, 20 aprel 2016-cı il tarixli “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında”, 19 may 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”, 21 aprel 2016-cı il tarixli “Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında”, 11 aprel 2016-cı il tarixli “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərman və sərəncamları sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı uzunmüddətli perspektivdə inkişafı stimullaşdırmaq və böhranın mənfi təsirlərini aradan qaldırmaq məqsədi güdür. Fərmanla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair strateji yol xəritələrinin təsdiq olunması həm də qlobal böhrandan çıxış yollarını özündə ehtiva edir. Konkret olaraq “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” ölkəmizdə sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı imkanlar açmışdır. Sahibkarlığın inkişafı məqsədilə həyata keçiriləcək kompleks tədbirlər sistemini özündə ehtiva edən sənəddə islahatların konkret istiqamətləri də əksini tapmışdır.

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” isə turizm sahəsinin inkişafına təkan verəcək fundamental əhəmiyyətli sənəd olaraq yeni vəzifə və hədəfləri müəyyən edir. Bundan başqa, ölkə rəhbərinin 2016-cı il 1 sentyabr tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında”, habelə 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına yeni təkan vermişdir. Nazirlər Kabinetinin son iclasında dövlət başçısının da qeyd etdiyi kimi, “ASAN Viza” sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının sürətli artımını təmin etmiş, bu sistemlə 40 min nəfər turist qısa müddətdə viza almışdır.

Bu gün Bakı ilə yanaşı, Azərbaycanın digər böyük şəhərlərinin də sənaye və turizm potensialı güclənir. Bu baxımdan paytaxta məsafə baxımından o qədər də uzaqda yerləşməyən Sumqayıt şəhərinin də son illərdə əsaslı şəkildə müasirləşdiyini böyük sevinc hissi ilə qeyd etmək olar. Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhərin respublikanın iqtisadi və ictimai-mənəvi həyatındakı rolunu yüksək dəyərləndirir, onun paytaxtla bərabər səviyyədə inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirir. Nəticədə respublikanın və paytaxtın bütün guşələrində müşahidə edilən abadlıq, tərəqqi və yüksəliş tarixən gənclər şəhəri kimi tanınmış Sumqayıt şəhərində də özünü qabarıq göstərir. Xüsusilə şəhərin yeni rəhbərliyinin qısa zaman çərçivəsində əldə etdiyi uğurlar - inkişafın əsasını müəyyən edən idarəetmənin elmi əsaslarla düzgün təşkilatlanması istər funksional, istərsə də situasiyaların səmərəli idarə olunması baxımından düzgün istiqamətləndirilir və qarşıya qoyulan vəzifələrin icrasına imkan yaradır.

Dövlət başçısının qeyd etdiyi kimi, icrasına başlanılmış layihələrin yüksək dinamizmlə, vaxtlı-vaxtında reallaşdırılması nəticəsində Sumqayıt şəhəri bu gün böyük tikinti meydanını xatırladır. Son illər ümumən respublika əhəmiyyətli bir sıra qlobal layihələrin gerçəkləşdirilməsi məhz bu şəhərlə xeyli dərəcədə bağlıdır.

Sumqayıta dəfələrlə səfər edən dövlət başçısı onun strateji inkişaf planı ilə bağlı fikirlərini açıqlamış, şəhərin paytaxt standartlarına uyğunlaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ölkə Prezidentinin bu və digər səfərlər zamanı Sumqayıt sakinləri ilə keçirdiyi görüşlər, şəhər infrastrukturunun və sənayesinin yeniləşməsi vacibliyi ilə bağlı söylədiyi dəyərli fikirlər haqlı olaraq belə qənaət yaratmışdır ki, bundan sonrakı mərhələdə Sumqayıtın inkişafı məqsədilə atılan addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter daşıyacaqdır.

Dövlət başçısının Sumqayıt Karbamid Zavodunun tikintisi ilə tanışlıq məqsədilə bir neçə gün əvvəl şəhərə gerçəkləşən növbəti səfəri təsdiqlədi ki, Azərbaycanın dinamik və modern inkişafının əsas ünvanlarından birinə çevrilən Sumqayıt sürətli intibahının yeni mərhələsini yaşayır. Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, iş adamlarının fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Görülən işlər nəticəsində Azərbaycanın bu sənaye şəhərinin tarixi şöhrəti qaytarılır, Sumqayıt Cənubi Qafqazın sənaye mərkəzi kimi özünü təsdiq edir.

Bu gün tam əminliklə deyə bilərik ki, anadan olmasının 94-cü ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda regionun sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilmişdir. Respublikamız qlobal böhran şəraitində sosial-iqtisadi inkişaf tempini qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. İnanırıq ki, bu günlərdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın iqtisadi və siyasi gücünü bir daha bütün dünyaya nümayiş etdirəcək, ölkəmizin nüfuzu daha da yüksələcəkdir.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2017.- 9 may.- S. 10.