İslamiada Heydər Əliyevin idman siyasətinin təntənəsi olacaq

 

İdman böyük qayğı və diqqət tələb edir. Azərbaycan idmanının təşəkkül dövrünə və təbliğinə nəzər salsaq, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin, heyrətamiz fəaliyyətinin xariqələr yaratdığının şahidi olarıq.

Hər hansı ölkədə idmanın inkişafı ilk növbədə idmançılara münasibət, mütəxəssislərin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərdən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur.

Çünki bu münasibət öz-özlüyündə qeyd olunan məsələlərin müəyyən qisminin həllinə bilavasitə təsir göstərir. Bu mənada Azərbaycan idmançılarının hələ sovet dövründə Olimpiya oyunlarında qazandıqları uğurlardan danışarkən qeyd etməliyik ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və uzaqgörənliyi sayəsində ötən əsrin 70-80-ci illərində ölkəmizdə idmanın inkişafı sahəsində görülən işlər həmin nailiyyətlərin əldə edilməsində böyük rol oynayıb.

 

İdmanın inkişafında yüksəliş mərhələsi

 

Dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın əksəriyyəti dözülməz şərait ucbatından ölkəmizi tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu Azərbaycanda vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə vəziyyətində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına şərait yaradırdı. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin vaxtilə xalqa ərməğan etdiyi idman kompleksləri baxımsızlıq ucbatından dağıdılmış, idmanımız taleyin ümidinə qalmışdı. Bunun subyektiv səbəbləri daha çox idi.

O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdi: “1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi”.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. Beləliklə, bu sahədə yüksəlişin əsası qoyuldu. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliği və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.

 

Olimpiya Oyunlarında uğurların başlanğıcı

 

Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq Olimpiya hərəkatında ilk nailiyyəti idi.

Ulu öndər ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər sırasında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirmiş, idman zəfərlərinin böyük dəyərinin olduğunu daim qeyd etmişdir. 1995-ci ilin dekabrında beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılarla görüşündə Heydər Əliyev demişdir: “Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmaqdan ibarətdir”.

2000-ci ildə Azərbaycan idmançıları üçrəngli bayraq altında ikinci dəfə Sidneydə təşkil olunan Yay Olimpiya Oyunlarında iştirak etdilər. Milli Olimpiya Komitəsinin apardığı gərgin iş, dövlət başçısı tərəfindən idmana verilən dəstək bu dəfə Azərbaycan olimpiyaçılarının tərkibcə daha çox olmasına imkan yaratdı.

2000-ci il avqustun 25-də Zuğulbadakı “Gənclik” kompleksində XXVII Yay Olimpiya Oyunlarına gedən idmançılarla ümummilli lider Heydər Əliyevin görüşü olmuşdu. Həmin görüşdə ölkə başçısı olimpiyaçılara xeyir-duasını, tövsiyələrini vermiş, onlara uğurlar arzulamışdı. Olimpiyaçılar ölkə başçısına verdikləri vədə Sidneydə əməl edə bildilər. Olimpiya Oyunlarında iki qızıl, bir bürünc medal qazanan idmançılarımız ümumi nəticədə 199 ölkə arasında ölkəmiz üçün 34-cü yeri təmin etdilər.

Olimpiya Oyunlarından sonra, oktyabrın 18-də ulu öndər Heydər Əliyev Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya Oyunlarında iştirak etmiş qalib idmançılarla, onları bu qələbəyə hazırlayanlarla görüşmüş, onları möhtəşəm bayram münasibətilə səmimi-qəlbdən təbrik etmiş, xalqımıza, millətimizə sülh, əmin-amanlıq, rifah, tərəqqi və daimi müstəqillik arzulayaraq demişdir: “Bu gün, eyni zamanda bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan bayramıdır”.

Bu sözlərlə dövlət başçısı idmana qayğısının ifadəsi kimi, idmançıları yeni-yeni qələbələrə ruhlandırmışdır. Ölkəni tanıtdıra biləcək idmançıların yetişdirilməsinin müxtəlif amillərdən asılı olduğunu qeyd edən Heydər Əliyev bu işi yalnız idmançı və məşqçinin əməyi, səyi ilə bağlamaq istəyənlərlə, Azərbaycanda idman ənənəsinin olmamasına istinad edənlərlə, ölkədə bu və ya digər idman növünün inkişaf etdirilməsini qeyri-mümkün sayanlarla heç vaxt razılaşmamışdır. Ulu öndər çıxışlarından birində demişdir: “Çox narahat olurdum ki, niyə bizim idmançılar yüksək adlar ala bilmirlər? Bizə cürbəcür izahatlar verirdilər. Bəzi adamlar hətta belə hesab edirdilər ki, guya Azərbaycan xalqının, Azərbaycan millətinin idman ənənəsi zəngin olmadığına görə, böyük olmadığına görə və onun böyük tarixi olmadığına görə bizim azərbaycanlılar bu yüksək adları ala bilmirlər. Bəzən belə deyirdilər ki, məsələn, güləşdə bizim azərbaycanlılar müəyyən bir çempion adı ala bilərlər, amma başqa idman növlərində ala bilmirlər. Düzü, o illər mən bu fikirlərlə daxilən razı olmurdum və açıq da deyirdim ki, bunlar doğru fikirlər deyildir. Bizim xalqımız, millətimiz fiziki cəhətdən, genetik cəhətdən çox sağlam xalqdır, çox sağlam millətdir. Buna görə də ola bilməz ki, bizim idmançılar yüksək nailiyyətlər qazana bilməsinlər”.

 

İdman infrastrukturu yenidən yaradıldı

 

Ulu öndər Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi.

Qısa müddətdə həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.

Məhz Heydər Əliyevin qayğısı ilə tezliklə Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtmağa başladılar. Qısa zaman kəsiyində idmançılarımızın qazandıqları qızıl medalların sayı 70 illik sovet dövründə qazandığımız qızıl medalların sayını ötüb keçdi. Azərbaycanda bədən tərbiyəsi və idman vahid qüvvəyə çevrildi. Ölkədə böyük quruculuq erası başlandı. Sidney Olimpiya Oyunlarından sonra istifadəyə verilən ilk Olimpiya idman kompleksinin açılışına təşrif buyurmuş Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun: “Məndən bu regionda idmanın inkişafını soruşduqda, böyük məmnuniyyətlə sizin ölkənizi nümunə göstərirəm” - deməsi artıq ilk böyük qiymət idi və onun təsdiqini sonra dəfələrlə ən yüksək zirvələrdən eşitdik.

Davamlı olaraq Olimpiya Oyunlarındakı nəticələr, ildən-ilə artan medalların sayı, Azərbaycanın dünya və qitə çempionatlarının, qran-pri və kubok yarışlarının, Olimpiya təsnifat turnirlərinin ev sahibinə çevrilməsi, mütləq ənənəyə çevrilmiş və ölkənin dörd bir yanında inşa olunan idman qurğularının hər birinin misalı qeyd etdiyimiz ənənələr məktəbinin, böyük irsin təntənəsidir.

 

IV İslamiada gələcəyə hesablanmış idman siyasətinin nəticəsidir

 

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan bu gün dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla Olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir.

Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir, paytaxtımız dünyanın ən mötəbər idman yarışlarına evsahibliyi edir.

2015-ci ildə tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarından sonra ən mötəbəri isə IV İslam Həmrəyliyi Oyunlarıdır. 57 ölkəni bir araya gətirəcək və müsəlman aləmində dostluq və qardaşlığı tərənnüm edərək İslamiadanın Azərbaycanda keçirilməsi ulu öndər Heydər Əliyevin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir. Əminliklə söyləmək olar ki, bu, ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Çünki ümummilli lider Heydər Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırıb.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 9 may.- S. 1;12.