Özgə torpağına göz dikənin müqəddəratı məğlubiyyətdir

 

Faşizm üzərində Qələbədən 72 il keçir

 

1941-ci il iyunun 22-də faşist Almaniyası keçmiş SSRİ-yə hücum etdi. Dörd il davam edən dəhşətli bir müharibə başlandı və 1945-ci il mayın 9-da Sovet İttifaqının qələbəsi ilə başa çatdı. Bu müharibə ümumxalq xarakteri daşıyırdı. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı nəhəng bir ölkəni başdan-başa bürümüşdü. İttifaqdakı digər respublikalar kimi, Azərbaycan da faşizmlə mübarizəyə qalxmışdı. İlk gündən xalqımızın minlərlə igid oğlu “Müsəlləh əsgərəm mən də bu gündən” deyərək cəbhəyə yollanmışdı.

1941-ci ilin avqustuna qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazılmışdı. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan ordu sıralarına 700 minə yaxın insan səfərbər edilib cəbhəyə göndərilmişdi. Onların 300 mindən çoxu qələbə uğrunda canından keçmişdi. 130 nəfərə yaxın Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdü. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdu. 170 min nəfər Azərbaycan əsgər və zabiti orden və medallar almışdı.

Xalqımızın müharibədə iştirakı təkcə igid oğullarının odlu cəbhələrdə göstərdiyi qəhrəmanlıqla bitmirdi. Azərbaycanın özü də bir cəbhəyə çevrilmişdi - arxa cəbhəyə. Bu cəbhə o zaman ittifaqda birləşən bütün xalqların vətən dediyi ölkə üçün düşmənə qarşı mübarizədə, döyüşlərdə, qələbə qazanmaqda sözün əsl mənasında arxa-dayaq olmuşdu.

Azərbaycan həm birbaşa döyüş meydanında vuruşur, həm arxa cəbhədə işləyir, çalışır, əmək qələbələri qazanırdı. Cəbhəyə göndərilən Bakı neftinin əhəmiyyətinin isə qiyməti, misli-bərabəri yox idi. Marşal Georgi Jukov deyirdi ki, Bakı neftçiləri cəbhəyə və ölkəyə, vətənin müdafiəsinə, düşmən üzərində qələbəyə kifayət qədər yüksəkkeyfiyyətli yanacaq vermişlər.

Müharibə Azərbaycandan uzaqlarda, SSRİ-nin şimal-qərb regionlarında başlansa da, dünya ağalığına can atan Hitlerin əsas məqsədlərindən biri neft Bakısını ələ keçirmək idi. Faşistlər Qafqaza hücuma başlayanda feldmarşal Manşteyn demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”.

Elə bu böyük iştaha ilə də Hitlerin ad günü üçün bişirilən tortun üstündə Bakı şəhəri və Xəzər dənizi təsvir edilmişdi. Tortun ətrafına toplaşmış alman zabitləri onun Bakı təsvir edilmiş hissəsini dilim kimi kəsmiş və Hitlerin boşqabına qoymuşdular.

Faşistlərin bu məqsədə çatmaq üçün apardıqları gərgin mübarizədən bəhs edərək “Krasnaya zvezda” qəzeti 26 sentyabr 1942-ci il tarixli nömrəsində yazırdı: “Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır”.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveys planı) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Bu plana əsasən, Qafqaz beş işğal rayonuna bölünməli və bunların sırasında Azərbaycana xüsusi önəm verilməli idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabr ayının sonuna qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib neftini alman şirkətlərinin sərəncamına vermək məqsədini qarşıya qoymuşdular. Onlar hətta əvvəlcədən Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. 1941-ci il iyulun 16-da Hitler hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevriləcək.

Faşistlər Bakını tuta bilmədilər. Çünki Hitlerin bu mənfur planının puç olması üçün Azərbaycan bütün varlığı ilə çalışdı, vuruşdu, mübarizə apardı. O illərdə Azərbaycanın bütün iqtisadiyyatı müharibənin tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qədər uzadılmışdı, məzuniyyətlər ləğv edilmişdi. Ərzaq və çoxişlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olunurdu. Cəbhələrdə döyüşən əsgərlərin yerini istehsalatda qadınlar və yeniyetmələr, hətta qocalar tutmuşdular. Müharibənin ilk ilində təkcə neft sənayesində işləməyə 11 min qadın gəlmişdi.

Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. O zaman SSRİ-nin əsas duru yanacaq - neft bazası olan Bakının rolu xeyli artmışdı. Belə ki, müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 80-90 faizini verirdi. Motorlu hərbi texnika, demək olar ki, Bakının verdiyi yanacaqla işləyirdi. Başqa sözlə, 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Ümumiyyətlə, bu şəhər döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda “Katyuşa” raketi, “Şpakin” pulemyotu istehsal edilirdi. “Yak-3” qırıcı təyyarələri yığılırdı. Burada 130-dan çox silah və onların hissələri hazırlanırdı.

Marşal Andrey Qreçko yazmışdı: “Azərbaycandan cəbhəyə tükənməz axınla yüksəkkeyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi”.

O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, bu benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Azərbaycanın məşhur kimyaçı alimi Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı.

Azərbaycan xalqının müharibə illərindəki fədakarlığından danışarkən ümummilli lider Heydər Əliyev demişdir: “Bugünkü və gələcək tarix Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidmətlərini, rolunu unutmamalıdır. Bir daha təkrar edirəm, bizim mətin insanlarımız, neft sənayesində çalışan və tarixi xidmətlər göstərərək cəbhəni yanacaqla təmin edən neftçilər hər cür şərəfə layiqdirlər”.

Təsadüfi deyil ki, 9 may Qələbə Günü hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilir. O acı olaylar da yaddan çıxmır ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyü öz hakimiyyəti dövründə bu bayramı ləğv etmişdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu günə yenidən önəm verdi və indi o, rəsmi bayramlar sırasında qeyd olunur. İstər bayram günündə, istərsə digər vaxtlarda faşizm üzərində Qələbə üçün Azərbaycanın göstərdiyi qəhrəmanlıq yada salınır. İkinci Dünya müharibəsinin iştirakçıları ulu öndərin onlara ehtiram bəsləmək ənənəsini davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısından çox məmnundurlar.

Dövlət başçısı hər il Qələbə Günü ərəfəsində olduğu kimi, bu il aprelin 24-də də İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Xalqımızın başını uca etmiş, Azərbaycana heç vaxt sönməyəcək, solmayacaq bir şöhrət çələngi gətirmiş bu insanlar sevgi və ehtirama layiqdirlər. İndi onların sıraları xeyli seyrəlib, döyüş dostlarının, silahdaşlarının çoxu dünyasını dəyişib. Keçən əsrin 80-ci illərindən üzü bəri, o cümlədən keçən ilin zəfərli aprel döyüşlərində Azərbaycan torpağı uğrunda canından keçən şəhidlər və bu gün ön mövqedə dayanan igidlər isə onların nəvələri, nəticələridir. Babalarının keçdiyi həyat dərsi bu gənclərə öyrədib ki, özgə torpağına göz dikənin müqəddəratı məğlubiyyətdir. Faşizmin sonu ifşadır, nifrət və rüsvayçılıqdır. Torpağı uğrunda vuruşanların isə başı və şərəfi həmişə ucadır.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 9 may.- S. 15.