Əbədi məhəbbətin rəsm təcəssümü

 

Səbail rayonunda yerləşən “Sahil bağı”nda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə məktəblilər və gənc rəssamların iştirakı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib. Bayramsayağı bəzədilmiş “Sahil bağı”nda böyük abadlıq isləri aparılıb, park başdan-başa yenilənib. Müxtəlif kompozisiyalar hazırlanıb.

Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan və 20 saylı Uşaq Yaradıcılıq Mərkəzində məşğul olan 200-dən çox məktəbli, 100-dən çox gənc rəssam ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif güşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən müxtəlif rəsmlər çəkiblər.

Parkda gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib.  Bu sərgi  qonaqlar və paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan Rəssamlar İttifaqının, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon rəsmilərinin iştirakı ilə yaradılmiş münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən edib. Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məktəbli Səbinə İbrahimova tərəfindən çəkilmiş rəngli rəsmləri münsiflər heyətinin və sərgi iştirakçılarının yekdil qərarı ilə birinci yerə layiq görülüb. Müsabiqənin qalibləri Səbail RİH-nin fəxri fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar isə Səbail RİH sertifikatları ilə mükafatlandırılıblar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rayonun idarə, təşkilarlarının rəhbərləri, pedaqoji kollektivlərin və ictimaiyyətin nümayəndələri parkdakı sərgi və yaradılan gül kompozisiyaları ilə tanış olublar.

 

E.CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 11 may.- S. 8.