Könüllülərin daşıdıqları missiya təqdirəlayiqdir

 

İdman yalnız sağlamlıq deyil, həm də mədəniyyətdir. Burada fiziki və mənəvi güc özünü bütövləşdirir. Bu amil özünün təsdiqini bəlkə də ilk dəfə ölkəmizdə tapmışdır. Onu da deyək ki, son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sırası genişlənməkdədir.

Həmin tədbirlərdən biri və möhtəşəmliyi ilə tarixə yazılan “Bakı-2015” I Avropa Oyunları Azərbaycanı dünyaya olduğu kimi tanıtdı. Demək, növbəti dəfə də beynəlxalq idman yarışında da Azərbaycan bayrağı qaliblərin qələbələri ilə zirvələrdə dalğalanacaq. IV İslam Həmrəyliyi Oyunları bütövlükdə kimliyimizin təsdiqi üçün yaradılmış meydan, auditoriya, səhnə və tribunadır. Mədəniyyət və incəsənətimizin idmanla sintezinin nümayişi üçün münbit şərait yaradılıb. Paklıq və duruluq rəmzi olan su nəinki Azərbaycanda, eyni zamanda, Oyunlara qatılacaq xalqların da həyat rəmzinə çevriləcək, dünyamıza sülh, əmin-amanlıq, qardaşlıq, dostluq, həmrəylik gətirəcək.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları gəncliyin də taleyində yaddaqalan iz buraxacaq. Onlar buna tam əmindirlər. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin II kurs tələbəsi Sevanə Əliyeva peşəkar idmançı olmasa da, yüngül atletikaya və qaçışa böyük maraq göstərir. Gələcəkdə bu idman növləri üzrə yarışlarda iştirak etmək arzusundadır. O, “İslam həmrəyliyi ilini Azərbaycanın bütün müsəlman dünyasında barışdırıcı qüvvəyə çevrilməsi baxımından çox məntiqli hesab etdi: “Ölkəmizin tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verəcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ölkəmiz üçün təkcə idman tədbiri deyil, eyni zamanda, xalqlar arasında əlaqələrin, dialoqun təşviqi platformasıdır. Əsas məqsəd isə Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq idman yarışları mürəkkəb dünyada İslam xalqlarını bir araya gətirərək, onların arasında körpü rolu oynamaqdır.

Bir məqamı da unutmaq olmaz: idmançılarımızın psixoloji hazırlığından çox şey asılıdır. Oyunların yüksək səviyyədə keçirilməsi, müsbət nəticələrin əldə edilməsi üçün psixoloji hallar nəzərə alınmalıdır. BDU-nun könüllülər ordusu bu dəfə də Oyunlarda öz xidmətləri ilə diqqət çəkəcəklər. Buna tam əminik, çünki əvvəlki Oyunlarda qazanılan təcrübə bunu söyləməyə əsas verir”.

Ölkəmizin belə mötəbər beynəlxalq tədbirlərə evsahibliyinin əhəmiyyətinin böyük olduğunu deyən Nəcməddin Sofiyev BDU-nun tarix fakültəsinin IV kurs tələbəsidir. O, I Avropa Oyunları ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları arasındakı oxşar və fərqli cəhətlərə nəzər saldı: “Azərbaycanda bu Oyunların keçirilməsinin siyasi, iqtisadi və mədəni əhəmiyyəti var. Başlıcası isə ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın daha da genişlənməsidir. Konkret olaraq deyə bilərəm ki, Oyunların Azərbaycanda keçirilməsi çox böyük önəm daşıyır. Bu Oyunların əvvəlcə Bəhreyndə, bu il isə Bakı şəhərində keçirilməsinin səbəbləri maraqlıdır. Hər iki şəhər qədimliyi ilə diqqət çəkən turizm məkanıdır. Turistləri hansı ölkəyə getməsindən asılı olmayaraq, ilk növbədə, o yerlərin tarixi, mədəniyyəti, məişəti, milli adət-ənənələri, coğrafiyası maraqlandırır. Çünki müxtəlif məqsədlər üçün bunlar vacib faktorlardır. Bakı nəinki avropalıların, Şərq xalqlarının da marağını çəkən şəhərdir. Çünki burada təkcə qitələr deyil, sivilizasiyalar və mədəniyyətlər qovuşur. Azərbaycan inkişaf etmiş müsəlman ölkəsi olsa da, Avropaya inteqrasiya baxımından çox irəliyə gedib. Təkcə təbii resurslarına görə deyil, milli-mənəvi dəyərlərə önəm verən, inkişafının yeni mərhələsini yaşayan və nümunə göstərilən ölkə kimi bu gün həm Qərbin, həm də Şərqin diqqət mərkəzindədir. Şərq və İslam dünyasını terrorçu kimi təbliğ etməyə can atan bəzi beynəlxalq cəmiyyət və qurumların da Bakıya və İslam Həmrəyliyi Oyunlarına öz maraqları var. Hələ I Avropa Oyunlarında antiazərbaycançı, antiislamçı qüvvələr gözləmirdilər ki, Azərbaycan belə bir mötəbər beynəlxalq tədbirin öhdəsindən gələcək. Bunun da bir sıra səbəbləri var idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Avropada sanki bir şərqli, müsəlman, İslam xofu yaratmışdı. Saxta erməni təbliğatı Avropanı öz caynağına almışdı. Lakin I Avropa Oyunlarından sonra soyuqqanlı avropalılar da qondarma rejimin siyasi ambisiyalarını reallaşdırmaq üçün axıtdığı saxta göz yaşlarının fərqinə varmağa başladılar. Azərbaycan bu Oyunlara Şərq-müsəlman aləminə qarşı yönəlik qərəzli mövqeni alt-üst edəcəyinə əmindir. Dünya birliyi, eləcə də Avropa Azərbaycanın bu istiqamətdəki gücünə heyran qalacaq. Buna inanırıq. Bu baxımdan Oyunların yüksək səviyyədə keçirilməsi çox vacibdir”.

BDU-nun tarix fakültəsinin II kurs tələbəsi Zeybə Tağızadə “Bakı-2015” I Avropa Oyunlarının könüllülərindən olub. Bu dəfə də o, həmin missiyanın daşıyıcılarındandır. Stolüstü tennis yarışlarında hakim köməkçisi kimi xidmət göstərib: “IV İslam Həmrəyliyi Oyunlarına qədər biz bir neçə beynəlxalq idman və mədəniyyət tədbirlərinin şahidi, həm də iştirakçısı olmuşuq. IV İslam Həmrəyliyi Oyunlarının da I Avropa Oyunları ilə təxminən eyni hazırlıq mərhələsindən keçdiyini bilirik. Zənnimcə, İslam Həmrəyliyi Oyunları daha təkmil və mükəmməl şəkildə keçiriləcək. Ölkəmizin artıq bu Oyunların təşkilində böyük təcrübəsi var. Belə tədbirlərin keçirilməsi Azərbaycanın həm Şərq, həm də Qərb siyasi arenasında yüksək standartları ilə tanınmasının birbaşa təminatçısıdır.

Azərbaycan elə bir unikal dövlətdir ki, o, özünün Şərq cizgilərinin üstünlük təşkil etdiyi bir portretdə, sanki həm də çiçəklənən Qərb modelidir. Məhz coğrafi mövqe ölkəmizin Şərq və Qərb mədəniyyətlərinin qovşağına çevrilməyinin əsas səbəbkarı olmuşdur. Bakının müasir infrastrukturu, göydələnləri arasında öz Şərq tarixinin koloritini qoruyub saxlayan İçərişəhəri gəzdikcə bunu daha çox hiss etmək mümkündür. Eyni zamanda, Azərbaycanın sürətlə Qərb standartlarına uyğunlaşdığı onun sosial-ictimai həyatının bütün sferalarından hiss olunur. Məhz buna görə istənilən ölkədən gələn əcnəbilər bu qədim mədəniyyət mərkəzində tarixin izlərini görəcək, Qərblə Şərqin mədəniyyətlərinin sintezini duyacaqlar. Bu isə Azərbaycana doğma münasibətlərin daha da dərinləşməsi deməkdir.

Gənclərə gəlincə, onlar xalqımızın və dövlətimizin simasıdır. Buna görə də dövlət tərəfindən könüllülərə bu qədər böyük önəm verilir. Onlar da öz növbəsində bu missiyanı uğurla yerinə yetirirlər. Beynəlxalq tədbirlərin ölkəmizdə təşkilində könüllülərin daşıdıqları missiya şərəflidir. Oyunlar könüllü gənclərin dünyagörüşlərinin inkişafı üçünböyük əhəmiyyət daşıyır. Könüllülər yeni insanlarla tanış olur, ünsiyyət qurur, eyni zamanda, müxtəlif mədəniyyətlərin təmsilçiləri olan sosial mühitə adaptasiyanı öyrənir, xaricilərlə ünsiyyətdə dil biliklərini inkişaf etdirirlər. Qazancları təkcə bu sadaladıqlarımızdan ibarət deyil. Onlar eyni zamanda, tolerantlıq şəraitində yaşamağın üstünlüklərini, eləcə də minilliklər boyu formalaşmış zəngin mədəniyyətimizi digər xalqlara tanıtmaq imkanı da əldə edirlər.

Nəhayət, inanıram ki, təhsil aldığım BDU-nun 2000 nəfərlik könüllülər ordusu bu dəfə də xalqımızı, dövlətimizi, gəncliyimizi mədəni xidmətləri ilə layiqincə təmsil edəcək”.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 12 may.- S. 9.