Bakı Şopinq Festivalı dünya turizm bazarında böyük əks-səda doğurub

 

Azərbaycan tarixində ilk dəfə təşkil edilən şopinq festivalına yekun vurulub. Belə ki, aprelin 10-dan mayın 10-dək keçirilən I Bakı Şopinq Festivalı gözlənildiyindən də uğurlu olub. Festivalın təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosunun peşəkar kollektivinin müvafiq dövlət orqanları, özəl sektor və könüllülərlə əməkdaşlıq şəraitində həyata keçirdiyi bu layihə ölkəmizdə və beynəlxalq aləmdə maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalla bağlı açıqlamasında Bakı Şopinq Festivalının dünya turizm bazarında böyük əks-səda doğurduğunu qeyd edib. Nazir Bakıya gələn turistlərlə yanaşı, yerli vətəndaşların da festivalda fəal iştirakını yüksək qiymətləndirib. Yerli və xarici mütəxəssislərin rəyinə görə, bu təşəbbüs regionda bu sahədə liderlik üçün çox ciddi bir addım idi. Dünya təcrübəsində ilk dəfə olaraq ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana biliblər.

Xatırladaq ki, festivala qoşulmuş mağaza və restoranlar tərəfindən alıcılar üçün bir çox güzəşt və kampaniyalar tətbiq olunub, mağazalar 30 faizdən 70 faizədək endirimlər edib. Bundan başqa, turistlər və Azərbaycan vətəndaşları üçün təqdim olunmuş xüsusi ƏDV qaytarılması proqramı bütün alıcılar tərəfindən razılıqla qarşılanıb. Xarici vətəndaşlar üçün “Tax Free” sistemi 300 manatdan yuxarı alış-verişə şamil edilirdisə, festival zamanı məbləğ 100 manatadək endirilib. Habelə xarici turistlər “Tax Free” məbləğini həmişəki kimi hava limanında deyil, şəhərdə geri ala biliblər. Bununla yanaşı, dünyada ilk dəfə olaraq yerli əhali də ƏDV qaytarılma prosesindən yararlanıb.

Festival dövründə, demək olar, hər gün paytaxtımızdakı ticarət mərkəzlərində və Bakıya gələn turistlərin daha çox maraq göstərdikləri İçərişəhərdə alıcıların, şəhərimizin sakinlərinin və turistlərin maraqla qarşıladıqları əyləncə proqramları təşkil edilib. Eyni zamanda, Bakı Şopinq Festivalının fəxri qonaqları - dünya şöhrətli ulduzlar Canluka Vakki və Vera Brejneva, eləcə də digər tanınmış incəsənət ustalarının çıxışları böyük maraqla qarşılanıb.

Festival təkcə yerli medianın deyil, beynəlxalq aləmin, eləcə də xarici KİV-nin diqqət mərkəzində olub. Tam əminliklə demək olar ki, Bakı Şopinq Festivalı brendə çevrilib və festivalın gələcəkdə ənənə halını alması üçün önəmli addım atılıb. Gözlənildiyi kimi, uğurla başlanan Bakı Şopinq Festivalı növbəti dəfə bu ilin sonuna yaxın keçiriləcək və bu barədə məlumat yaxın vaxtlarda veriləcək.

 

 

Azərbaycan.- 2017.- 12 may.- S. 16.