"Bakıya xoş gəlmisiniz"

 

3 mindən artıq idmançının 10 gün ərzində evinə çevriləcək Atletlər kəndində Azərbaycan bayrağı qaldırıldı

 

İslam ölkələrinin güclü idmançılarını salamlamaqdan çox məmnunam. Azərbaycana xoş gəlmisiniz”. Bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Atletlər kəndində Azərbaycanın dövlət bayrağının qaldırılması və idmançıların salamlama mərasimində səsləndirdi.

Oyunlarda iştirak edən ölkələrin idmançıları Azərbaycan müsiqisinin sədaları altında qrup şəklində Atletlər kəndindəki meydana toplaşdılar. Havanın soyuq və küləkli olmasına baxmayaraq, hər birinin simasında xoş təbəssümü görmək mümkün idi. İdmançılar komanda halında fotolar çəkdirir, hərdən də özlərini ritmik musiqinin öhdəsinə buraxırdılar. Müxtəlif rəqslər etməklə həm isinir, həm də əylənməyə çalışırdılar.

Az keçmir, salamlama mərasiminin rəsmi hissəsinə start verilir. Səhnəyə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov və digər qonaqlar təşrif buyururlar. İlk olaraq Azad Rəhimov meydana toplaşmış idmançıları salamlayır. Onları qarşılamaqdan məmnunluğunu vurğulayan nazir atletləri idman tarixinin bir parçasına çevrildikləri üçün təbrik edir. “İslam ölkələrinin güclü idmançılarını salamlamaqdan çox məmnunam. Bu Oyunlar dünyanı dostluğa, birliyə, qardaşlığa səsləyir. Əllidən artıq ölkədən üç minədək idmançı IV İslam Həmrəyliyi Oyunlarının medalları uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda layiqli olan qalib gələcək. Hər birinizə qızıl medal qazanmağı arzu edirəm. Sizin Azərbaycanın zəngin mədəniyyəti, tarixi ilə tanış olmaq imkanlarınız olacaq. İnanıram ki, Bakıdan öz ölkənizə çox yaxşı təəssüratlarla qayıdacaqsınız” - deyə A.Rəhimov əlavə etdi.

Sonra IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov idmançılara qarşıdakı yarışlarda uğurlar arzuladı: “Bakı “Küləklər şəhəri”dir. Ona görə də belə küləkli havalara uyğunlaşın. Buna baxmayaraq, paytaxtımız öz gözəlliyi, insanlarının qonaqpərvərliyi və gülərüzlüyü ilə sizin xatirənizdə xoş izlər buraxacaq. Biz bir ildən artıqdır ki, bu günü gözləyirdik və Oyunların yüksək səviyyədə keçirilməsi üçün çox ciddi hazırlaşmışıq. Arzu edirəm ki, 1620 medalın hamısını qazanasınız”.

Çıxışlardan sonra Azərbaycanın Dövlət himni səsləndirildi, Dövlət bayrağı qaldırıldı.

Mərasim milli Azərbaycan musiqisi, rəqsləri, eləcə də ərəb ritm və ifalarının daxil olduğu konsert proqramı ilə davam etdi. Bu zaman meydanda böyük coşqu yaşandı. Burada komandalar, eləcə də ölkələr arasında yaranan birliyi, həmrəyliyi də görmək mümkün idi. Atletlər komanda şəklində, yaxud fərdi olaraq digər ölkə idmançıları ilə birgə müxtəlif rəqslər edir, fotolar çəkdirirdilər. Onların içərisində fiziki imkanları məhdud olanları da vardı.

Meydan səs-küylü və coşqulu olduğundan idmançıların ölkəmiz, eləcə də IV İslam Həmrəyliyi Oyunları barədə təəssüratlarını öyrənə bilmədik. Amma onların simalarına və ritmik rəqslərinə baxmaq kifayat idi ki, hər şeyin yüksək səviyyədə və ürəklərincə olduğunu açıq-aşkar görəsən.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq. Bu növlərdən ikisində əlil idmançılar da qüvvələrini sınayacaqlar. Bunlar paraatletikaparacüdo yarışlarıdır.

İslamiadanın ilk medalları açılış mərasiminin ertəsi günü öz sahibini tapacaq. Həmin gün 6 növ üzrə 23 dəst mükafat təqdim olunacaq. Medallar baxımından ən zəngin gün mayın 17-dir. Həmin gün idmançılar 35 dəst medala yiyələnəcəklər.

Yarışların proqramında bəzi yeni idman növləri də var. Əvvəlki İslamiadalardan fərqli olaraq, bu dəfə zorxana, güləş, cüdo, boks, atıcılıq, paracüdo, paraatletika, bədii və idman gimnastikası yarışları keçiriləcək. Bunadək basketbolun klassik növü üzrə yarışlar təşkil edilirdisə, “Bakı-2017”də 3X3 üzrə yarışlar keçiriləcək. Klassik basketbolun yoxluğunda, komanda idman növlərindən su polosu, voleybol, həndbol və futbol üzrə mükafatçılar müəyyənləşəcək.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 13 may.- S. 6.