Azərbaycan gimnastikasının zəfəri

 

Atletlərimiz fərdi yarışlarda 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazandılar

 

Dünən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi və qadın idman gimnastikasında fərdi hərəkətlərdən ibarət yarışlara yekun vurulub. 

Kişilərin yarışında sərbəst hərəkətlər, paralel qollar, halqalarla hərəkətlər, dayaqla tullanma, dəstəkli atda, turnikdə hərəkətlər, qadın idman gimnastların yarışında isə dayaqla tullanma, müxtəlif hündürlüklü qollarda hərəkətlər, gimnastika tirində və sərbəst hərəkətlər üzrə birincilik uğrunda gərgin mübarizə gedib.

Sərbəst hərəkətlərdə Azərbaycan idmançısı Murad Ağarzayev 14,400 xalla bütün rəqiblərini üstələyərək İslamiadanın qızıl medalına sahib çıxıb. Gümüş medala 13,350 xalla Əlcəzair gimnastı Ahmed Anis Maoudc, bürünc medala isə 13,100 xalla Türkiyə gimnastı Ahmet Öndər layiq görülüb.

Paralel qollarda qızıl medalı 14,900 xalla Türkiyə idmançısı Fərhat Arican qazanıb. Gümüş medala isə 13,500 xal toplamış Hilal Metidji (Əlcəzair) sahib çıxıb.  Azərbaycanlı atlet Timur Bayramov 13,100 xal toplayaraq bürünc medalla kifayətlənib.

 Halqalarda hərəkətlərdə qızıl medala 15,250 xalla İbrahim Çolak (Türkiyə) layiq görülüb. Azərbaycan təmsilçisi Talas Bence bu yarışda 14,500 xal toplayaraq gümüş medala, iranlı Hadi Kanarinejad isə (13,850 xal) bürünc medala layiq görülüb.

Dayaqla tullanma yarışının finalında 14,100 xal qazanan türkiyəli Öndər Ahmet çempion olub. İkinci yerə 13,950 xalla Əlcəzair gimnastı Mohammed Abdelcalil Bourqieq, üçüncü yeri isə 13,575 xalla İndoneziya gimnastı Muhammad Afrizal tutub.

Halqalarda hərəkətlərdə gümüş medal qazanan idmançımız Talas Bence həm dəstəli at üzərində hərəkətlər, həm də turnik üzərində hərəkətlərin yekunu üzrə bütün rəqiblərindən üstün olaraq Azərbaycana 2 qızıl medal qazandırıb.

Qadın idman gimnastlarının dayaqla tullanma yarışında qızıl medala 14,250 xalla Özbəkistan təmsilçisi Oksana Çusovitsina, gümüş medala 13,750 xalla təmsilçimiz Marina Nekrasova, bürünc medala isə 13,025 xalla İndoneziya gimnastı Rifda İnfanalutfi sahib olublar.

Müxtəlif hündürlüklü qollarda Türkiyə gimnastı Demet Mutlu 12,750 xalla qızıl, Azərbaycan təmsilçisi Yekaterina Tişkova 12,400 xalla gümüş, türkiyəli Ekin Morova isə 11,900 xalla bürünc medallara layiq görülüblər.

Gimnastika tirində hərəkətlərdə isə birinci yeri 12,750 xalla türkiyəli Göksu Uçtaş Şanlı tutub. Təmsilçimiz Marina Nekrasova 12,600 xalla ikinci gümüş medalını qazanıb. Digər azərbaycanlı gimnast Yuliya İnşına isə 12,250 xalla bürünc medala sahib olub.

Gimnastika tirində hərəkətlərdə bürünc medal qazanan idmançımız Yuliya İnşına sərbəst hərəkətlərdə 13,100 xal toplayaraq İslamiadanın ən ali mükafatına layiq görülüb. Türkiyə təmsilçiləri Ustaş Şanlı Göksu 13,050 xalla gümüş, Azərbaycan musiqisinin sədaları altında çıxış edən Demet Mutlu isə 12,700 xalla bürüncə sahiblənib.

Beləliklə, idman gimnastikasının fərdi yarışlarında Azərbaycan atletləri ümumilikdə 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar və bununla da idman gimnastikası yarışlarına yekun vurulub.

 

Rəşad BAXŞƏLİYEV,

 

 

Azərbaycan.- 2017.- 16 may.- S. 5.