Karateçilərimiz “Bakı-2017”ni 10 medalla başa vurdular

 

IV İslam Həmrəyliyi Oyunlarında karate yarışları başa çatıb. Karate yarışlarının son günü Azərbaycan idmançıları üçün uğurlu olub onlar aktivlərinə daha 5 medal (3 qızıl, 1 gümüş, 1 bürünc) yazdırıblar. Mayın 14-də Bakı İdman Sarayında karatenin kata kumite döyüşlərində qadınlar -68 +68, kişilər isə -84 +84 kiloqram çəki dərəcələrində döyüşüblər.

Qızıl medallardan birini kumitedə - 68 kq çəki dərəcəsində İrina Zaretska qazanıb. İdmançımız mübarizəyə dörddəbir final mərhələsindən qoşulub.  İlk döyüşdə Misir təmsilçisi Nada Muhammedə 4:3 hesabı ilə qalib gələn İrina yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə rəqib İran idmançısı olub. Behnoş Nəcəfiqhaqhelestanini 3:0 hesabı ilə məğlub edən xanım karateçimiz adını finala yazdırıb. Finalda isə idmançımızın rəqibi türkiyəli Eda Eltemuru olub. İnamla döyüşən İrina Zaretska bu görüşdə 3:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Bürünc medallara isə Misir təmsilçisi Nada Muhammed iordaniyalı Hala Traiş layiq görülüblər.

Ölkəmizin hesabına daha bir qızıl medalı kumite yarışlarında - 84 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev yazdırıb. Turnirə 1/8 finaldan qoşulan Ayxan İordaniya idmançısı Sayan Mahmudla qarşılaşıb. Görüşü 7:1 hesablı qələbə ilə başa vuran təmsilçimiz dörddəbir finala çıxıb. Bu mərhələdə əlcəzairli Mauad Açhaçeyə 5:3 hesabı ilə qalib gələn A.Mamayev yarımfinala vəsiqəni təmin edib. Finala gedən yolda özbəkistanlı Əbdüləziz Ataboyevlə gərgin döyüş keçirən həmyerlimiz  3:1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. Həlledici mərhələdə türkiyəli Alparslan Yamanoğlunu 1:0 hesabla məğlub edən Ayxan İslamiadanın qalibi olub. Bürünc medalları özbəkistanlı Əbdüləziz Ataboyev misirli Muhammed Elkotbu əldə ediblər.

+84 kq çəki dərəcəsində kata növündə yarışan digər bir qızıl medalçımız Roman Heydərov da mübarizəyə 1/8 finaldan başlayıb. İndoneziya idmançısı Əhməd Yudanı 4:1 hesabı ilə məğlub edən Roman dörddəbir finala çıxıb. Bu mübarizədə iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gələn R.Heydərov yarımfinala vəsiqə qazanıb.

Finala gedən yolda Roman Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarla qarşılaşıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən idmançımız finala adlayıb. Finalda  türkiyəli Mehmet Yakana 3:2 hesabı ilə qalib gələn Roman “Bakı-2017”nin qızıl medalına yiyələnib. Bu yarışlarda bürünc medalları misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi qazanıblar.

+68 kq çəki dərəcəsində yarışan Fəridə Əliyeva mübarizəyə dörddəbir finaldan  qoşulub. Əlcəzairli Atif İmenenidən güclü olan xanım idmançımız yarımfinala yüksəlib.  Yarımfinalda Fəridə çox çətin döyüş keçirib. Gərgin döyüşün yekununda pakistanlı Nargis Nargisi 1:0 hesabı ilə məğlub edən F.Əliyeva finala yüksəlib. Həlledici mərhələdə rəqib türkiyəli Meltem Hocaoğlu olub. 2:6 hesabı ilə uduzan Fəridə  gümüş medalla kifayətlənib. Bürünc medalları isə Əlcəzair təmsilçisi Atif İmene və iranlı Mohadaseh Ağaei əldə ediblər.

+84 kq çəki dərəcəsində yarışan digər bir təmsilçimiz Asiman Qurbanlı isə mübarizəyə dörddəbir finaldan qoşulub.  Pakistan təmsilçisi Ramzan Məhəmmədə 5:1 hesabı ilə qalib gələn idmançımız yarımfinalda iranlı Sayad Qanzadeyə uduzub (4:5). Bürünc medal uğrunda görüşdə Səudiyyə Ərəbistanı idmançısı  Tareq Hamediyə 4:2 hesabla qalib gələrək İslamiadanı 3-cü yerdə başa vurub. Bu çəkidə qızıl medalı iranlı Sayad Qanzade, gümüş medalı isə türkiyəli Enes Erkan qazanıb.

IV İslam Həmrəyliyi Oyunlarında karatenin kata yarışlarında Azərbaycanı təmsil edən Neda Rezei dörddəbir final mərhələsində Malayziya idmançısı Selin Liyə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarının son günündə  daha 5 medal qazanıblar. Mayın 13-də keçirilmiş kumite yarışlarında Azərbaycan karateçilərindən Rəfael Ağayev və Fəridə Abiyeva qızıl, İlahə Qasımova gümüş, Nuranə Əliyeva və Firdovsi Fərzəliyev isə bürünc medal əldə ediblər. Bununla da karateçilərimiz İslamiadanı 10 medalla (5 qızıl,

2 gümüş, 3 bürünc) başa vurublar.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 16 may.- S. 1;8.