İdman gimnastikasında Azərbaycan təntənəsi

 

Komanda yarışlarında qadın gimnastlarımız qızıl, kişi gimnastlarımız gümüş medalların sahibi oldular

 

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxışları davam edir. Yarışların hər günü idmançılarımızın qazandıqları qələbələr bayrama çevrilir.

İslamiada tarixində ilk dəfə keçirilən gimnastika yarışlarına yüksək səviyyədə evsahibliyi edən Azərbaycan yeni rekordlara imza atır. Öz möhtəşəmliyi ilə hər kəsi heyran edən Milli Gimnastika Arenasında Azərbaycan gimnastları tamaşaçıları yeni-yeni zəfərlərlə sevindirirlər. Gimnastlarımızın bu nailiyyətləri isə onu deməyə əsas verir ki, Milli Gimnastika Federasiyasının çoxtərəfli fəaliyyəti öz bəhrələrini verir.

Oyunlarda gimnastika yarışlarının komanda  mübarizələri artıq başa çatıb. Bədii gimnastika üzrə komanda yarışlarında qızıl medal qazanan Azərbaycan gimnastlarının ardınca qadın idman gimnastlarımız da onlara bəslənən ümidləri doğruldaraq komanda hesabında (99.300 xal) IV İslam Həmrəyliyi Oyunlarının çempionu olublar. Qızıl medalı Azərbaycana Yuliya İnşina, Yekaterina Tişkova və Marina Nekrasova qazandırıblar. 96.050 xal toplayan Türkiyə millisi gümüş, 68.150 xal yığan İndoneziya millisi isə bürünc medala sahib çıxıblar.

Kişilərin yarışında isə gimnastlarımız Murad Ağarzayev, Timur Bayramov və Talas Bence qüvvələrini sınayıblar. Yığmamız komanda hesabında 161,700 xal toplayıb. Yalnız Türkiyədən (163,450) geri qalan millimiz 2-ci yeri tutub. 3-cü pillədə isə 152,150 xalı olan İran qərarlaşıb. Beləliklə, İslamiadada bir daha Azərbaycan bayrağını yüksəklərə qaldıran qadın və kişi idman gimnastlarımız komanda yarışlarında ölkəmizə növbəti qızıl və gümüş medalları qazandıraraq uğur estafetini davam etdiriblər.

 

R.BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 16 may.- S. 10.