İlham Əliyev daha bir ilkə imza atdı

 

Azərbaycan Prezidenti İslam həmrəyliyinin və əməkdaşlığının tarixində yeni mərhələ açdı

 

Azərbaycan daha bir ilkə imza atdı!

I Avropa Oyunlarından sonra ilk dəfə olaraq İslam Həmrəyliyi Oyunları ölkəmizdə baş tutdu!

Milli koloriti, orijinallığı, dərin məzmunu, özünəməxsus maraqlı “təhkiyəsi” və musiqi tərtibatı ilə insanı valeh edən təntənəli açılış mərasimi bütün İslam dünyasına yayıldı.

Nəzərləri Azərbaycan paytaxtı Bakıya yönələn bir milyarddan çox insan bu açılış gecəsinin sehrini uzun müddət duymaqla on iki gün ərzində maraq və həyəcanla 24 növ üzrə keçirilən yarışları izləyəcəkdir. Azarkeşlər 269 dəst medal uğrunda mübarizənin şahidi olmaqla 1600 medal alan idmançının sevincinə şərik çıxacaqlar.

Daha bir maraqlı məqam: 54 ölkədən gələn 3 mindən çox idmançı 1 milyard 685 milyon 864 min 966 nəfər əhalini təmsil edir.

Yarışların təşəbbüsçüsü, ona həyat vəsiqəsi verən və ilhamlandıran  cənab İlham Əliyev bu idman tədbirinin daha böyük hədəflərə hesablandığını qısa və yığcam şəkildə belə ifadə edib:

* “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var”.

* “İslam həmrəyliyi ili”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, islamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir”.

 Bəli, cənab İlham Əliyev bu gün ölkəmizlə bərabər İslam aləminin, bütünlükdə dünyanın da problemləri ilə məşğul olur, bəşəriyyəti əmin-aman yaşamağa, dünya dövlətlərini insanlara faciə və fəlakət gətirən müharibə və qarşıdurmalardan çəkinərək əməkdaşlığa, bir-birlərilə sağlam münasibətlər qurmağa səsləyir, buna şəxsi töhfələrini də verir!

Möhtəşəm açılış mərasimində diqqəti iki fərəhli məqam da çəkdi:

Əvvəlcə himnimizin sədaları altında Azərbaycanın dövlət bayrağı ucaldıldı!

Sonra İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı qaldırılaraq bayrağımızla birlikdə dalğalanmağa başladı!

Bəli, dövlət başçısı cənab İlham Əliyev idman yarışlarından da məharətlə istifadə edərək dünyada sülhün möhkəmlənməsinə, əməkdaşlığın və birliyin genişlənməsinə, insanları və dövlətləri öz güclərini silahla və müharibə meydanlarında deyil, idman meydançalarında və yarışlarında nümayiş etdirməyə çağırır, bunu əməli şəkildə necə həyata keçirməyin yollarını da göstərir.

Belə bir fəaliyyət, ən əvvəl, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, milli maraqlarının daha dolğun və ardıcıl  təmin olunmasına, müasir və modern dövlət imicinin möhkəmlənməsinə, mövqeyimizin güclənərək səsimizin daha aydın eşidilməsinə şərait yaradır!

***

I Avropa və IV İslam Həmrəyliyi  Oyunlarının uğurla keçirilməsinə böyük töhfələr verən Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva açılış mərasimindəki nitqində dedi:

“Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz  minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda, biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik”.

Hər hansı bir tədbirin təşəbbüsçüsü və təşkilatçısı olmaq, eyni vaxtda minlərlə qonağı qəbul etmək və yerləşdirmək, saat dəqiqliyi ilə yarışları keçirərək orada azarkeşlərin iştirakını təmin etmək, bu narahat dünyada təhlükəsizlik məsələlərini uğurla həll etmək elə də asan məsələ deyil! Beynəlxalq forumların, dünya, Avropa birinciliklərinin, yüksək ranqlı müxtəlif yarışların keçirildiyi məkana çevrilən Azərbaycan belə tədbirlərin yeni standartlar səviyyəsində mahir təşkilatçısı kimi də ad qazanmışdır!

Həm ölkə daxilində, həm beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər və gördüyü işlər Azərbaycanın möhtəşəm idman yarışlarına evsahibliyi etməsinə  mənəvi haqq da verir!

Qonaqpərvərlik Azərbaycan xalqının qədim ənənəsidir. Qəribi gülər üzlə, mehribanlıqla qarşılamaq, ona hörmətlə yanaşaraq sorğularını cavablandırmaq bu ənənənin tərkib hissəsidir. Təsadüfi deyil ki, ölkəmizdə olan əcnəbi müsafirlər ilk növbədə, xalqımızın gülərüzlülüyü və mehribanlığından, onlara isti münasibətdən söhbət açırlar.

Qonaqları qarşılamaq, yerləşdirmək - artıq bu sahədə də xüsusi sistem formalaşmışdır. Dünyanın müxtəlif dillərində danışmağı bacaran, müəyyən təcrübəsi və səriştəsi olan  insanlar qonaqlar torpağımıza ayaq basdıqları andan  onları qayğı və diqqətlə əhatə edirlər. Gələnlər lazımi qaydada qarşılanır,  dünya standartları səviyyəsində tikilərək lazımi şərait yaradılmış hotellərdə istək və imkanlarına uyğun şəkildə yerləşdirilirlər.

Mühüm tədbirlərin keçirildiyi yerlərdə insanların yarış arenalarına və yaşayış yerlərinə aparılıb gətirilməsi də bir o qədər də asan deyil. Lakin Azərbaycanda artıq bunun ən mükəmməl mexanizmi yaradılıb. Mütəxəssislər özləri də etiraf edirlər ki, bu məsələdə vaxt sərfi mənasında ən yaxşı nəticə Azərbaycana məxsusdur. Min nəfərdən çox idmançının yerləşdiyi Atletlər kəndindən, habelə bütün otellərdən iştirakçıların və tamaşaçıların vaxtında, rahat və təhlükəsiz hərəkətləri təmin edilmişdir. Üstəlik, yerli azarkeşlər də unudulmamışdır. Şəhərin müxtəlif yerlərindən bütün yarış arenalarına gedənlər üçün müasir avtobusların hərəkət etdiyi marşrutlar açılmışdır.

Dünyanın ən müxtəlif ölkələrindən paytaxt Bakıya gələnlərin asudə vaxtlarının təşkili, paytaxtın və respublikanın gəzməli və görməli yerlərinə aparılması da xüsusi diqqət yetirilən məsələlərdəndir. Bakı son dərəcə təhlükəsiz və əmin-aman şəhərdir. Qonaqlar burada özlərini daim sərbəst və qorxusuz hiss edirlər. Dənizkənarı bulvar isə başqa bir aləmdir. Günün istənilən vaxtı, hətta gecə sübhədək bura adamsız olmur. Yaxınlıqdakı hotellərdə məskunlaşan əcnəbilər Xəzər sahilində gəzişməyi xüsusilə sevirlər: həm də təhlükəsiz və gözəl olduğuna görə. İçərişəhər isə başqa bir aləmdir. Milliliklə qədimliyin birləşdiyi bu məkan unikallığı ilə seçilir. Şəhər gəzintisinə çıxmaq üçün xüsusi avtobus marşrutu yaradılmışdır. Müxtəlif muzeylər və parklar isə qonaqların üzünə hər zaman açıqdır.

Azərbaycan mətbəxinin dadı-tamı isə ondan dadanların yaddaşından uzun müddət silinmir. Səhər, nahar və şam yeməklərinin çeşidi o qədər müxtəlif və zəngindir ki, yarışa gələnlərin çoxu əlavə bir neçə gün də artıq qalmaqla bu nemətlərin hamısından dadmağa, Azərbaycanın gözəlliklərindən göz dolusu bəhrələnməyə çalışırlar.

I Avropa Oyunlarından toplanan zəngin təcrübə, könüllülərin fədakar və səmərəli işi də yarışların ruhuna yeni çalarlar qatır.

***

Azərbaycan İslam ənənələrinə daim sadiq qalıb. Hətta ateist cəmiyyət sayılan sosializm dövründə belə insanlarımız Allahı unutmamış, onu ürəklərinin dərinliyində qoruyub saxlamışlar. Müstəqillik qazanıldıqdan sonra isə ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən dini azadlıqlar təmin edilmişdir. Əgər sovet hakimiyyəti illərində ölkə üzrə cəmi 27 məscid fəaliyyət göstərirdisə, indi onların sayı iki mini keçmişdir. Dünyanın ən qədim dini məbədlərindən sayılan Şamaxı məscidi yenidən bərpa edilərək dindarların istifadəsinə verilmişdir. Digər dinlərə məxsus məbədlər, habelə baxımsız qalmış məscidlər də təmir edilərək yenidən həyata qaytarılmışdır.

Ötən il ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdi. Bu, xalqımızın dünyagörüşünə və dinimizin sülhsevər mahiyyətinə uyğun haldır. Multikultural dəyərləri ilə dünyaya nümunə olan Azərbaycan özünün bu sahədəki təcrübəsini hamı ilə səxavətlə bölüşür. Bu il isə “İslam həmrəyliyi ili”dir. İndi İslam dünyasının birliyə, əməkdaşlığa ehtiyacı daha çoxdur. Dövlət başçısı cənab İlham Əliyev bu birliyi təkcə sözdə müdafiə etmir. Atdığı orijinal addımlar, irəli sürdüyü təşəbbüslər və gerçəkləşdirdiyi işlərlə İslam həmrəyliyinə sanballı töhfələr verir.

İlham Əliyev həm də İslam dünyasının nüfuzlu siyasi və dövlət xadimlərindəndir. Onu sevir, eşidir, təklif və təşəbbüslərinə böyük sayğı ilə qoşulurlar.

 İslam dövlətlərinin bir platformadan çıxış etməsində, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq və ticarət əlaqələri qurmasında, yeni çağırışlara operativ və düzgün cavablar verməsində, beynəlxalq qurum və təşkilatlarda bir-birinin maraq və mənafelərini müdafiə etməsində Azərbaycan Prezidentinin əməyi çoxdur.

Dünya yalnız sülh şəraitində, həmrəylik və əməkdaşlıq əsasında inkişaf edə bilir!

“Ərəb bahar”ları, ziddiyyət və qarşıdurmalar, habelə hər cür fikir ayrılıqlarının silah gücünə  həlli isə yalnız ölüm, dağıntı və yeni qaçqınlar ordusunun yaranmasına səbəb olur.

Bu gün terror və dağıntılardan ən çox əziyyət və ziyan çəkən islam dövlətləridir!

Bəs deyilmi?!

İndiyədək yeridilən siyasət və atılan addımlar bu yolun səhv olduğunu göstərmirmi?!

Fəlakətlər qoynunda çabalayan İslam dünyasını xilas etməyin zamanı çatmayıbmı?!

Bütün bu suallara İslam həmrəyliyinin və əməkdaşlığının tarixində yeni mərhələ açan cənab İlham Əliyev konkret və aydın cavab verir!

Həm də sözlə yox, əməllə!

İnanırıq ki, IV İslam Həmrəyliyi Oyunlarının və Azərbaycanda “İslam həmrəyliyi ili”nin keçirilməsi bu sahədəki dönüşə güclü dəstək olacaqdır!

Azərbaycan öz əməli və işi ilə yenə də nümunə göstərir!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2017.- 17 may.- S. 1; 3.