İlham Əliyev Azərbaycanın İslamiada zəfərinin baş müəllifidir

 

Atletlərimiz parlaq qələbələrinin əldə olunmasında Prezidentin böyük dəstəyini birmənalı vurğulayırlar

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının hər keçən günü tarixə qızıl hərflərlə yazılır. Azərbaycan idmançıları parlaq qələbələri ilə öz imzalarını bu şanlı tarixə həkk edirlər.

Onlar qazandıqları hər bir qələbə, əldə etdikləri medallar, üçrəngli bayrağımızın ən yüksəkdə dalğalandırılması ilə hər bir azərbaycanlının qəlbində fəxarət, qürur hissi yaşadırlar.

Atletlərimiz “Zəfər Günləri”ndə bir daha yaşadıqları sevinc hisslərini idman ictimaiyyəti və media nümayəndələri ilə paylaşırlar. Mayın 14-dən idmançıların doğma ocağına çevrilən Milli Olimpiya Komitəsində təşkil olunan bayram tədbirində hər gün rəngarənglik olur. Möhtəşəm nailiyyətlərə imza atan atletlərimiz xüsusi hazırlanmış lövhəyə imzalarını atır, MOK rəhbərliyi tərəfindən mükafatlandırılırlar.

Dünən, yarışların 3-cü günü fəxri kürsüyə çıxan 18 idmançımız (9 qızıl, 6 gümüş, 3 bürünc medal) “Zəfər Günləri”nin qonağı oldu. MOK-un, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov və İntiqam Babayevin, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyevin, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin iştirak etdiyi tədbirdə maraqlı anlar yaşandı.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, Azərbaycan idmançılarının uğurları davam edir. Yarışların 3-cü günü atletlərimizin sahib çıxdıqları 18 medalın əksəriyyəti bizim üçün o qədər də ənənəvi olmayan idman növlərində qazanılıb: “Azərbaycan idmançıları tarix yazmaqda davam edirlər. Artıq bizim üçün o qədər də ənənəvi olmayan üzgüçülük və digər idman növlərində böyük nailiyyətlər əldə edirik. Azərbaycan Gimnastika Federasiyasının zəhməti, əziyyəti də hədər getmədi. Həm bədii, həm də idman gimnastikası İslamiadada yeni rekordlara imza atdı. Milli komandamızın aktivinə ən çox medalı idman gimnastlarımız yazdırdılar. Onlar 5 qızıl, 5 gümüş və 2 bürünc medala sahib oldular. Cüdo yığmamız komanda yarışlarında çempion oldu. Ümumiyyətlə, Oyunlar yüksək bayram əhvali-ruhiyyəsi yaradıb və bu, idmançılarımızı daha da ruhlandırır. Hələ çox medalçılarımız olacaq və İslam Həmrəyliyi Oyunları Azərbaycanın idman tarixində şanlı səhifə açacaq”.

Medalçılarımız zəfər lövhəsinə imza atdıqdan sonra onlara xüsusi hədiyyələr təqdim edildi. İdmançılarımız öz sevinc hisslərini media nümayəndələri ilə paylaşdılar.

 

Prezident İlham Əliyevin yarışları izləməsi bizə böyük ruh verdi

 

Elxan Məmmədov,

IV İslam Həmrəyliyi Oyunlarının qalibi

- Həqiqətən də, bu bir ay mənim üçün çox uğurlu oldu. İslamiadadan öncə Avropa çempionatında birinci yeri tutdum. İndi isə İslam Həmrəyliyi Oyunlarında həm fərdi, həm də komanda yarışında qızıl medal qazandım. Ancaq bu, bir ayın uğuru deyil, neçə illərin zəhmətidir. Komandamız çox güclüdür. Mübarizə göz qabağında idi. Çox şükürlər olsun ki, komanda yarışlarında da birinci olduq. Düzdür, komanda yarışlarında bir qədər çətinlik çəkdik. Gərgin mübarizələr gedirdi. Prezident İlham Əliyevin yarışları izləməsi idmançılara böyük ruh verdi. Ölkəmizə qızıl medalları qazandıra bildik.

Finalda öz həmkarım Elmar Qasımovla qarşılaşdım. Elmar hazırda dünya reytinqində birinci yerdə qərarlaşıb. Avropa çempionatının yarımfinalında da onunla üz-üzə gəlmişdik, onda da qalib oldum. İslamiadanın finalında bir-birimizdən ehtiyatlanırdıq. Sadəcə, Elmarın bir texniki səhvini tutdum və bunun hesabına qələbə qazandım. Ölkəmizin bu çəkidə 2 idmançı ilə təmsil olunmasının səbəbi o idi ki, yığma komandanın məşqçiləri Azərbaycanın ən güclü heyətini İslamiadaya buraxmışdılar. Buna görə də kişilərdən ibarət cüdo millimiz maksimum nəticə verdi - 5 qızıl, 2 gümüş medal əldə etdik. Bu nəticə onu göstərdi ki, Azərbaycan cüdo yığması nəinki İslam dünyasının, planetin ən güclülərindən biridir.

 

Ən böyük arzum Azərbaycan himninin mənim qələbəmə görə səslənməsi idi

 

Murad Ağarzayev,

IV İslam Həmrəyliyi Oyunlarının çempionu

- Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yaza bildim. Ən böyük arzum Azərbaycan himninin mənim qələbəmə görə səslənməsi idi. Çox şadam ki, buna nail oldum. Bu qələbəmdə mənə böyük dəstək olan anama borcluyam. Özümdən balacalara isə demək istəyirəm ki, yarışlarda inamla iştirak edib nailiyyətlər qazansınlar.

İlk dəfədir qələbə sevinci yaşayıram. Artıq neçənci dəfədir ki, finala qədər gəlirdim, lakin heç bir medal qazanmırdım. Bu gün ilk dəfə medal sevincini yaşadım. Düzdür, turnikdə ən çətin hərəkətləri etdikdən sonra ən sadəsində çaşdım. Bununla da özümə nəticə çıxardım ki, idmançı son anadək arxayınlaşmamalıdır. Çıxışı bitirənədək yarışma məsuliyyətini hiss etməlisən.

İndi sentyabrda keçiriləcək dünya çempionatına hazırlıq gedir. Ümidvaram ki, hər şey yaxşı olacaqdır. Yığmanın baş məşqçisi Rza Əliyev bizi çox dəstəkləyir. Əminəm ki, Azərbaycan gimnastları müxtəlif yarışlarda ölkəmizin bayrağını daim yüksəklərə qaldıracaqlar.

 

İki qızıl medalın sevinci ayrı bir hissdir

 

Talas Bence,

IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu

- İslam Həmrəyliyi Oyunlarının tarixində ilk dəfədir ki, gimnastika yarışları keçirilir. Bu da IV İslamiadaya təsadüf etdi. Yəni Azərbaycanda keçirilən möhtəşəm yarışmada yenilik oldu. Hər kəs şahiddir ki, yarışlar necə möhtəşəm keçir.

İdman gimnastikası yarışlarında iki qızıl və iki gümüş medal qazanaraq tarixi uğura imza atdım. Zəhmət, əziyyət çəkmişdik, hədər getmədi. Bizə olan etimadı doğrultduğumuz üçün çox sevinirəm. Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Bizə böyük dəstək oldular. Onu da deyim ki, Milli Gimnastika Arenasına toplaşan azarkeşlər də fəal idi. Hər uğurlu çıxışımızda bizə inanılmaz dəstək nümayiş etdirirdilər. İnanıram ki, Azərbaycanın idman gimnastikası 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında da öz sözünü deyəcək.

 

Yeni İslamiada rekorduna imza atdığım üçün çox xoşbəxtəm

 

Anastasiya İbrahimli,

IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı

- İslamiadaya çox ciddi hazırlaşmışdım. Rəqiblərimi də əvvəlki yarışlardan tanıyırdım. Ancaq körpücüyə çıxanda çox həyəcanlı idim. Çünki hamı məndən qələbə gözləyirdi. Mən yalnız qələbə gözləyirdim. Medal qazanacağıma əmin idim.

Çox sevinirəm ki, ən yaxşı nəticəni göstərərək qızıl medal qazandım. Ən mühümü isə odur ki, yeni İslamiada rekorduna imza atdım. Ancaq rekord haqqında yox, yalnız qızıl medal barədə düşünürdüm. Mən bu qələbəmə görə məşqçilərimə və Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Çünki məşq prosesini ən yüksək səviyyədə keçirməyimiz üçün hər cür şərait yaradılmışdı. Qazandığım qızıl medal mənim və məşqçimin zəhmətidir. Qarşıdakı hədəfim isə Olimpiya Oyunlarına qatılmaq və Azərbaycana medal qazandırmaqdır.

Oyunların təşkilinə gəlincə isə deyə bilərəm ki, Azərbaycan evsahibliyi etdiyi idman yarışlarını ən yüksək səviyyədə keçirir. İslam Həmrəyliyi Oyunları da çox yaxşı təşkil olunub. Ölkəmizə gələn digər idmançılar da bunu təsdiqləyirlər.

 

Ölkəmizdə belə idman yarışlarının keçirilməsi bizim üçün böyük motivasiyadır

 

Məmmədəli Mehdiyev,

IV İslam Həmrəyliyi Oyunlarının qalibi

- Çox gərgin yarışlarım keçdi və sonda sevindim. Fərdi yarışda 3 görüş keçirdim. Birinci rəqibim Birləşmiş Ərəb Əmirliklərindən idi. Ona 2 vazari xalı ilə qalib gəldim. Bu qələbə sayəsində yarımfinala yüksəldim və türkiyəli cüdoçu ilə qarşılaşdım. Məsuliyyət çox olduğu üçün özümü istədiyim qədər yaxşı tərəfdən göstərə bilmədim. Çox şükür ki, buna baxmayaraq, qələbə qazana bildim. Finalda isə daha güclü rəqiblə, əlcəzairli idmançı ilə üz-üzə gəldim. Hesab 2:2 idi. Axıra 3 saniyə qalanda vazari aldım və çempion oldum.

Komanda yarışı çox məsuliyyətlidir. Fərdi yarışda ancaq özünə görə həyəcanlanırsan, burada isə bütün komandaya görə. 3 nəfər uduzsa, deməli, bütün komanda məğlub olur. Bunun məsuliyyəti daha böyükdür. Çalışdıq, ardıcıl qələbələr qazandıq, finala yüksəldik. Həlledici döyüşdə rəqibimiz Əlcəzair idi. Sözün düzü, bir az yorğunluq var idi, bu səbəbdən finalda uduzdum. Son olaraq tatamiyə Uşanqi Kokauri çıxdı. Yaxşı ki, o, qalib gələrək komandanı çətin durumdan çıxarda bildi. Nəticədə çempion olduq.

Qazandığım uğurda federasiyamızın böyük payı var. Federasiya cüdoçulara daim dəstək verib, komandanın üzvlərinin yanında olub. Bu yarışdakı nəticə mənim üçün böyük önəm kəsb edir. Amma davam etmək lazımdır, dayanmaq olmaz. Ölkəmizdə bu cür idman yarışlarının keçirilməsi bizim üçün böyük motivasiyadır. Çox həvəslə məşqimizi davam etdiririk. Çalışacağıq ki, növbəti yarışlarda da Azərbaycanı layiqincə təmsil edək.

Qazandıqları zəfərlərin sevinc hisslərini bölüşən idmançılarımız qətiyyətlə vurğulayırlar ki, Azərbaycanın İslamiada zəfərinin baş müəllifi dövlət başçısı İlham Əliyevdir. Hər zaman idmançılara diqqət və qayğı göstərən Prezidentin İslam Həmrəyliyi Oyunlarında da atletlərimizin parlaq qələbələrinin əldə olunmasında böyük dəstəyi var. Dövlət başçısının yarışları izləməsi, idmançılarımıza şəxsən medalları təqdim etməsi atletlərimizi daha qürurlandırır.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 17 may.- S. 1; 4..