İdman tariximizin ən yaddaqalan zəfər günləri yazılır

 

Əyarından asılı olmayaraq qazanılan hər bir medal uğur göstəricisidir

 

İslam dünyasının idman tarixində yeni səhifə açan Azərbaycan 6 gündür ki, bayram libasına bürünüb. İdmançılarımızın şanlı qələbələri bu idman bayramını daha rəngarəng edir.

Bütün idman arenalarında bir-birindən maraqlı və gərgin yarışlar keçir. Atletlərimiz hər keçən gün yarışlarda uğurlu nəticələr göstərərək bayrağımızı ən yüksəklikdə dalğalandırırlar, himnimizi səsləndirirlər. Həm İslamiadanın möhtəşəm açılış mərasimi, həm yüksək səviyyəli təşkilati işlər, həm də idmançılarımızın uğurlu çıxışları bir-birini gözəl tamamlayır. Atletlərimizin qazandıqları medallar və İslamiadanın simvolik naxışlı lövhəsinə atdıqları imzalar “Zəfər Günləri”nin bəzəyi olur.

Mayın 14-dən idman ictimaiyyətinin doğma məkanına çevrilən Milli Olimpiya Komitəsində hər gün atletlərimizin şərəfinə təntənəli mərasim təşkil edilir. Oyunlarda medal qazanan idmançılarımız xüsusi hədiyyələrlə təltif olunur, ictimaiyyət nümayəndələri ilə görüşərək xoş təəssüratlarını bölüşürlər. Dünən isə “Bakı-2017”nin dördüncü günündə medal qazanan 13 idmançı “Zəfər Günləri”nin qonağı oldu.

MOK-un, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və digər qonaqların iştirak etdiyi tədbirdə maraqlı anlar yaşandı.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, yarışların dördüncü günü Azərbaycan idmançıları 8 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Mayın 16-da milli komandamızın aktivinə ən çox medalı atletikaparaatletika yarışlarında mübarizə aparan idmançılarımız yazdırıblar - 4 qızıl, 1 bürünc. Ç.Hüseynzadə vurğulayıb ki, əgər əvvəllər ölkəmiz beynəlxalq yarışlarda idmanın güləş, cüdo, boks növlərində qazanılan uğurlara görə fərqlənirdisə, İslamiada göstərdi ki, ölkəmizdə artıq gimnastika, atletika, üzgüçülük və atıcılıq idman növləri yüksəliş mərhələsindədir: “Milli komandamız yarışın dördüncü günündə 81 medalla (41 qızıl, 24 gümüş və 16 bürünc) ikinci pillədəki yerini qoruyub. Dünən idmançılarımız taekvondo, üzgüçülük, atıcılıq növlərində qızıl medallar qazanıblar. O cümlədən gümüşbürünc medallar əldə etdik. Hələ yarışlar irəlidədir. İdmançılarımızın daha yüksək nailiyyətlər qazanmasına əminik”.

Onun sözlərinə görə, ümumilikdə dörd gün ərzində 28 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər. Hər kəs inanır ki, qazandıqları medallarla “Zəfər Günləri”nə bəzək vuran idmançılarımız İslamiada tarixində hələ çox rekordlar müəyyənləşdirəcəklər.

Sonra zəfər lövhəsinə imza atan idmançılara xüsusi hədiyyələr təqdim edildi və atletlərimiz sevinc hisslərini jurnalistlərlə bölüşdülər.

 

Çempionluq mənim üçün gözlənilməz olmadı

 

Eriş Yaprak,

IV İslam Həmrəyliyi Oyunlarının qalibi:

- İslamiadada hədəfim yalnız qızıl medal idi. Odur ki, çempionluq mənim üçün gözlənilməz olmadı. Məhz bu niyyətlə məşqlər etmişdim. İstəyimə çatdım. Vacib nəticəyə imza atdım. İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandım. Azarkeşlər mənə əla dəstək oldu. Bunun üçün hər kəsə minnətdaram.

Final döyüşündə həmyerlim Dürdanə Altunellə qarşılaşdım. Gərgin keçən görüşün yekununda 5:4 hesablı qələbə qazandım. Mən də türkəm və final döyüşümdə digər türk idmançısı ilə üz-üzə gəldim. Buna görə də həlledici görüşdə həyəcanım daha çox idi. Deyərdim ki, ikiqat həyəcanlı idim. Amma qələbə qazanaraq özümü təsdiqlədim.

Qarşıda bizi dünya çempionatı gözləyir. Koreya Respublikasında baş tutacaq dünya çempionatına da iddialı qatılacağam. Məqsədim dünya çempionu olmaqdır. 2020-ci ilə kimi keçiriləcək digər yarışlarda özümü göstərməliyəm. Çünki Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına çempion kimi qatılmaq istəyirəm.

 

Gümüş medal qazanmaq da uğurdur

 

Qaşım Maqomedov,

IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı:

- İslamiadada gümüş medal qazanmaq mənim üçün böyük uğurdur. İlk növbədə ona görə ki, yarış Azərbaycanda keçirilir. Mükafatçılar sırasına düşmək mənim üçün vacib idi. Qazandığım nəticəyə görə Allaha şükür edirəm.

Finalda məğlub olduğum iranlı rəqibim çox güclü idi. Bacardığım qədər döyüşdüm. Hətta hesabda önə də keçməyi bacarmışdım. Bu üstünlüyü saxlamaq lazım idi. Niyə belə alındığını bilmirəm. Həmin andabaş verdiyini özümtam anlamadım. Bunun bəxtsizlik və yaolduğunu bilmirəm. Başa düşməkdə çətinlik çəkirəm. Əlavə edilmiş vaxta da mübarizəyə ciddiyyətlə çıxmışdım. Sadəcə, bəxtim gətirmədi.

Azarkeşlər mənə yaxınlaşıb şəkil çəkdirirdilər. Belədə elə təəssürat yarandı ki, sanki Olimpiya çempionuyam. Bu, çox xoş hisslərdir. Açığı, hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Zaldakı atmosfer möhtəşəm idi. Hər dəfə döyüşə çıxanda insanların dəstəyini hiss edirdim.

Qarşıda bizi böyük turnir gözləyir. Cənubi Koreyada keçiriləcək dünya çempionatı hər birimiz üçün önəmlidir. Amma indi dincəlməliyik. Bir həftəlik istirahətdən sonra məşqlərə başlayacağıq.

 

Hər bir idmançı zəhmətinin bəhrəsini görəndə daha da qürurlanır

 

Yekaterina Sarıyeva,

IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı:

- Çox sevincliyəm. İslamiadanın atletika yarışlarına uğurla start verdik. İdmançılarımız ilk yarış günündə 4 qızıl, 1 bürünc medal qazandılar.

Hər bir idmançı zəhmətinin bəhrəsini görəndə daha da qürurlanır və bundan motivasiya alır. Düzdür, qızıl medalın yeri başqadır. Amma əsas odur ki, apardığın mübarizədə medalsız qalmırsan. Ölkənə medal qazandırıb fərqlənənlər sırasına düşürsən. İslam Həmrəyliyi Oyunlarında qaliblər sırasında olduğum üçün şükür edirəm. İki il öncə Azərbaycanda keçirilən “Bakı-2015” I Avropa Oyunlarında da bürünc medal qazanmışdım. Bu dəfə isə məqsədim qızıl medal uğrunda mübarizə aparmaq idi. Lakin yenə də istəyimə nail ola bilmədim. Qazandığım bürünc medal məni heç də həvəsdən salmadı. Əgər belə olsaydı, Avropa Oyunlarından sonra fikrimi dəyişərdim. İnanıram ki, növbəti yarışlarda daha böyük uğurlar qazana biləcəyəm. Qarşıda məni Avropa birinciliyi gözləyir. Bir qədər dincəlib hazırlıqlara başlayacağam.

 

İslamiadanın ağır atletika yarışlarında ən güclü idmançılar mübarizə aparır

 

Rövşən Fətullayev,

IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı:

- İslamiadanın ağır atletika yarışları həqiqətən gərgin keçir. Çünki əksər ölkələr bu yarışa ən güclü, seçmə idmançılarını göndəriblər.

Yarış günü 5 idmançı bir-birini “izləyirdi”. Arada çox az fərq var idi. Birdənqaldırma hərəkətində 164 kiloqram çəkini sifariş verdim. Bu çəkinin öhdəsindən gəldim, amma çiynim zədələndi. Çünki bir il öncə çiynimdən əməliyyat olunmuşdum. Ağrılarım artdı. Buna baxmayaraq, ağrıkəsicilərlə bir qədər qarşısını ala bildik. 165 kiloqram çəki sifariş verdim çox şükür ki, öhdəsindən gəldim. Təkanla qaldırma hərəkətində isə hər kəsdən çox çəki sifariş verdim - 211 kiloqram. Bu çəkini başım üzərinə qaldırdım. Bunu bacarmasaydım bu gün medalsız qalmışdım.

Çox sevinirəm ki, İslamiadada ağır atletlərimiz uğur qazanırlar. İnanıram ki, yüksəlişdə olan ağır atletikamız Avropa dünya çempionatlarında ölkəmizə daha çox medallar qazandıracaq.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 18 may.- S. 1; 8.