Azərbaycan İslam həmrəyliyinə töhfəsini verir

 

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi çox möhtəşəm və bənzərsiz oldu. Biz dünyaya bir daha göstərə bildik ki, milli, dini və bəşəri dəyərləri yüksək səviyyədə yaşadan  ölkəmiz var.  Növbəti əlamətdar və tarixi hadisənin baş verdiyi günləri yaşayırıq. Bəlkə də belə  tədbirlərin keçirilməsində təcrübəmiz olmasaydı, yəni ilk dəfə böyük və məsuliyyətli işi  üzərimizə götürsəydik, həyəcanımız çox ola bilərdi. Lakin bu istiqamətdə Azərbaycan xeyli təcrübəyə malikdir.

Deməli, rahatsızlığa heç bir əsas yoxdur. “Bakı-2015” I Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən sonra  dünyanın nəzərləri Azərbaycana daha çox yönəldi. Qədim tarixə və zəngin mədəniyyətə malik xalqımızın  qonaqpərvərliyini görən əcnəbi qonaqlar müstəqil dövlətimizin  qısa dövr ərzində necə inkişaf yolu keçməsinin şahidi olduqdan sonra bir daha yəqin etdilər ki, Azərbaycan  həm də sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkandır.

Təbii sərvətlərlə zəngin, inkişaf sürətinə görə bir sıra Avropa ölkələrini arxada qoyan Azərbaycan son illər Qərblə Şərqin ortaq məxrəcə gətirilməsinə  də öz töhfəsini verə biləcək diyara çevrilib. Burada  artıq Avropa standartları deyil, Azərbaycan meyarlarına uyğun beynəlxalq tədbirlərin keçirilməsi vacib faktor sayılır. Yəni bu gün inkişaf etmiş Avropa özü Azərbaycan standartlarını qəbul etmək marağındadır. Əlbəttə, bunun  səbəbləri çoxdur.

Ölkəmizdə son illər keçirilən beynəlxalq idman yarışları, eləcə də Mədəniyyətlərarası Dialoq forumları, elm konfransları və s. sübut edir ki, Azərbaycan dövləti sülhün, sabitliyin, birgəyaşayışın təmin olunduğu bir ölkədir. IV İslam Həmrəyliyi Oyunlarının da məhz respublikamızda keçirilməsi üçün qəbul edilən qərar bununla bağlıdır. Ona görə də Azərbaycan dövləti İslam aləmində həmrəyliyi günün ən aktual məsələsi hesab edərək, növbəti beynəlxalq tədbirə evsahibliyinə layiq olduğunu təsdiqləyir. Tədbir xalqımızın milli dəyərlərindən olan özünəməxsus qonaqpərvərliyi xatırladır. Bu mənəvi dəyərlərin təbliğatı baxımından da  növbəti  beynəlxalq idman oyunlarının ölkəmizdə keçirilməsi təqdirəlayiqdir.

Təbii ki, beynəlxalq tədbirin ölkəmizdə layiqincə keçirilməsi ilk növbədə dövlət başçısının və Azərbaycanın  Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bildirdiyi kimi, bu dəfə də üzərimizə götürdüyümüz vəzifənin öhdəsindən layiqincə gələcəyimizin ifadəsidir. Çünki xalqımız bu Oyunların da yüksək səviyyədə keçməsinə  öz dəstəyini verir. Bu, ilk növbədə dövlətimizin nəinki Avropa miqyasında, əslində dünya arenasında özünə layiqli yer tutması, mövqeyinin bir daha və hərtərəfli möhkəmləndirilməsi deməkdir. Azərbaycan dövləti bu Oyunlara evsahibliyi etməklə bir daha təsdiqləmiş olur ki, o, Cənubi Qafqazda təkcə söz sahibi kimi deyil, həm də mədəniyyətlərin qovuşduğu, sabitliyin və əmin-amanlığın qorunduğu, xalqların tolerantlıq mühitində birgəyaşayışının təmin edildiyi məkandır.

Məlumdur ki, mədəniyyət və idman  xalqları bir-birinə yaxınlaşdıran əsas amillərdəndir. Bu mənada da xalqımız beynəlxalq idman tədbirində  özünü layiqincə təmsil edir. Təbii ki, Avropanın bir hissəsi olan Azərbaycan qonaqlarını özünün inkişaf göstəriciləri ilə   qarşılayır, uğurlarımız qardaş, dost xalqları sevindirir, bədxahlarımızı isə, əlbəttə, məyus edir. Mədəniyyət və incəsənət  sahəsində çalışan həmkarlarımız da bu möhtəşəm tədbirə ciddi hazırlaşıblar. Biz bütün sahələrdə özümüzü layiqincə təqdim edəcəyik. Buna həm yaradılmış münbit şərait, həm də mənəvi sərvətlərimizin zənginliyi əsas verir.

 

Ağakişi KAZIMOV,

xalq artisti, professor

 

Azərbaycan.- 2017.- 18 may.- S.3.