ÜAK-ın ləğvi Rusiyanın dövlət orqanlarındakı ermənipərəst şəxslərin təxribatçı fəaliyyətinin nəticəsidir

 

Məlum olduğu kimi, bir neçə gün öncə Rusiya Federasiyasının Ali Məhkəməsi həmin ölkənin Ədliyyə Nazirliyinin iddiasını təmin edərək Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi barədə qərar qəbul etmişdir. Rusiya kimi nəhəng dövlətin informasiya məkanında elə də ciddi reaksiya doğurmayan bu xəbər Azərbaycanda böyük rezonansa səbəb olmuş və iki ölkənin yüksələn xətlə inkişaf edən münasibətlərinin ümumi mənzərəsində bir anlaşılmazlıq, gözlənilməsi ehtimal edilməyən sərt dönüş kimi qəbul olunmuşdur.

Siyasi ekspertlər belə hesab edirlər ki, qəbul olunan qərar Rusiyanın hüquq sisteminin Şərq və Qafqaz siyasətinə, bütünlükdə çoxmillətli ölkənin daxili siyasətinə vurulan gözlənilməz zərbədir. Bu qərar Azərbaycan ictimaiyyəti üçün anlaşılmaz olduğu kimi, Rusiyanın Qafqaz siyasətində erməni diasporasının təsir dairəsindən asılı olmayan siyasi dairələr və bir sıra ekspertlər üçün də birmənalı şəkildə gözlənilməz olmuşdur. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev təsirli apelyasiya şikayəti hazırlamaq və hüquqi çərçivədə qərarın dəyişdirilməsinə nail olmağın vacibliyini belə vurğulayıb: “İki ölkə və vətəndaşlar arasında çox yüksək səviyyədə əlaqələr mövcuddur. İllərlə, onilliklərlə, əsrlərlə qurulan, qorunan bu münasibətlərə lokal bir hadisə xələl gətirməməlidir. Məsələni həll etmək mümkün olmayacaqsa, yeni təşkilat yaratmaq, onun formalaşmasında qanunu bütün dəqiqliyi ilə əsas götürmək və tam həcmdə Rusiyada yaşayan azərbaycanlıların ictimai birliyini bərpa etmək lazımdır. Əminəm ki, nizamlı və keyfiyyətli işi bütün Rusiya və Azərbaycan vətəndaşları istəyər. Çünki xalqlarımız arasında dostluq hamımız üçün baza dəyəri olaraq qalır”.

Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Fazil Qurbanov isə təşkilatın ləğvi ilə bağlı bəyanatında Rusiyanın bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən təşkilatın 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradıldığını, 16 illik fəaliyyəti ərzində ÜAK-ın Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin inkişafında əvəzsiz rol oynadığını bildirib. F.Qurbanov Ədliyyə Nazirliyi tərəfindən irəli sürülən ittihamların bir qisminin əsassız olduğunu və hətta haqlı nöqsanların təşkilatın mərkəzi orqanına aid edilməsini yolverilməz sayıb: “Bütün bunlar onu sübut edir ki, nazirliyin əsas məqsədi təşkilata səhvlərini düzəltməkdə, sənədləşmənin düzgün aparılmasında kömək etmək yox, Rusiya xalqının ayrılmaz hissəsi olan diaspora təşkilatını ləğv etmək olub. Bu isə yolverilməzdir”.

F.Qurbanov bu gün iki ölkə prezidenti arasında dostluq münasibətlərinin və əlaqələrinin səviyyəsinin bütün problemləri həll etməyə imkan verəcəyini bildirsə də, narahatlığını da gizlətməyib: “Ali Məhkəmənin qərarı uzağagedən nəticələrə səbəb ola bilər. Mən regional və yerli təşkilatların rəhbərlərinə müraciət edərək sakitliyi qorumağa və ekstremist qüvvələrin təxribatlarına uymamağa çağırıram. Biz Ali Məhkəmənin qərarını qəbul etmirik və ümid edirik ki, Rusiyanın ali məhkəmə instansiyaları bizim əsaslandırma və narahatlıqlarımızı anlayışla qarşılayacaq. Mən ölkənin siyasi rəhbərliyindən və şəxsən Vladimir Putindən xahiş edirəm ki, baş vermiş hadisəyə diqqətlə yanaşsın”.

Məsələyə ölkə daxilindən də münasibət bildirənlərin sayı artmaqdadır. Həmin münasibətlərdə aydın görünəni odur ki, heç kim Rusiya Ali Məhkəməsinin qərarını bu dövlətin Azərbaycan diasporasına münasibəti kimi qarşılamır. Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib: “Azərbaycanda yaşayan ruslar bu ölkədə rus mədəniyyətinə, dəyərlərinə və dilinə göstərilən hörməti yüksək qiymətləndirirlər. ÜAK-ın ləğvi ilə bağlı qərar bizi də narahat edir”.

Milli Məclisin plenar iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məsələyə münasibət bildirən Milli Məclis Sədrinin müavini Bahar Muradova isə Rusiyada Azərbaycanı sevməyən dairələrin mövcud olduğunu bildirib. Sədr müavini belə hesab edir ki, bu vəziyyət ciddi narahatlıq doğursa da, ilk növbədə Rusiyanın daxili işi olsa da, Rusiyanın ali siyasi elitasının qərarı deyil və bu dövlətin rəsmi mövqeyini əks etdirmir. Azərbaycan tolerant ölkədir və burada yaşayan bütün xalqlara münasibət eynidir: “Bu baxımdan ölkəmizdə rus dili və mədəniyyəti inkişaf etdirilir. Təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara belə münasibət göstərilsin”.

ÜAK-ın ləğv edilməsi ilə bağlı məhkəmə qərarının fonunda başqa bir fakt da diqqəti cəlb edir. Bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 illik yubileyi keçirildi və tədbirdə Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak etdilər. Hətta Rusiya Prezidentinin Abramyana təbrik məktubu da oldu. Bunların hamısını başa düşmək olar. Başa düşülməyən isə bunun fonunda elə həmin Rusiyadakı Azərbaycan diasporasının təşkilatının ləğvi ilə bağlı qərarın qəbul edilməsidir. Bütün hallarda iki diaspora təşkilatına qütblü, əks münasibətlərin sərgilənməsi sağlam məntiqə, düşüncəyə sığan addım deyil.

Bu təzadlı yanaşmanın kökündə doğrudanmı Rusiya kimi nəhəng dövlətin ayrı-ayrı xalqlara fərqli yanaşması dayanır? Bu sualın cavabını biz yox, rus dövlətçiliyini və bu dövlətin milli münasibətlərdə ədalətli mövqeyini qorumağa çalışan beyin mərkəzləri axtarmalıdır. Çünki bu bizdən daha çox Rusiya dövlətçiliyinin özü üçün önəmlidir.

Niyə Rusiya dövlətçiliyi tarixində erməni millətçilərinin, erməni diasporasının və erməni lobbisinin fəaliyyəti geniş araşdırılmır? Necə olur ki, Lenin Sankt-Peterburqa gələn kimi Şaumyan da Qafqaza cumur və Bakıda qırğınlar törədilməsinə, azərbaycanlıların qətlinə rəhbərlik edir? Necə olur ki, Stalinin rəqqası kimi ad qazanan Mikoyan bütün Ermənistandan azərbaycanlıların köçürülməsinə nail olur? Necə olur ki, o, 1950-ci illərdə 30 mindən artıq ermənini Moskvada müxtəlif vəzifələrə yerləşdirə bilir? Necə olur ki, Boris Yeltsin Qorbaçova gileylənir ki, Raisa Maksimovnanın erməni dostları ilə bağlı şəxsi xahişlərini yerinə yetirməkdən artıq bezib? Necə olur ki, Qorbaçovu erməni diasporası ilə sıx bağlılıqları olan erməni əsilli məsləhətçiləri üzük qaşı kimi mühasirəyə alanda iki proses birdən baş verir? Birincisi, Qarabağda alovlanan qaynar nöqtələrin sayı sürətlə artır, ikincisi, nəhəng bir dövlətin süqutuna start verilir. Bütün bu müəmmalara, əslində Rusiyanın beyin mərkəzləri cavab tapmalı deyilmi?

Rusiya siyasi elitası Türkiyə ilə münasibətlərin qızışmasına istiqamət götürəndə Azərbaycan Prezidenti İlham Əliyev öz barışdırıcı missiyasını ortaya qoydu. Amma Moskvada erməni diasporası bütün KİV-də, telekanallarda adi əxlaqa sığmayan tərzdə, sanki boğuşurmuş kimi çığırtılarla, söyüşlə müşayiət olunan ölüm-dirim savaşına çıxdılar ki, Rusiya üçün Türkiyə ilə dostluqdan düşmənçilik daha önəmlidir. Onlar erməni millətçilərinin adından danışdıqlarını gizlədir, yalnız guya Rusiyanın taleyini düşündüklərini qabardırdılar. Niyə vacib siyasi məqamlarda erməni diasporasına belə sərbəstlik verilir?

Bu sualı cavabsız qoyaraq onu deyə bilərik ki, Rusiyanın Qafqaz siyasətində, Azərbaycanla münasibətlərində pozitiv dəyişikliklər baş verib və bu proses inkişaf etməkdədir. Əgər əvvəllər ermənilər Qafqaz siyasətində söz sahibi kimi aparıcı qüvvəyə malik idilərsə, tədricən azərbaycanlıların da mövqeləri güclənməyə və Rusiya politoloqları sırasında ölkəmizin haqq işini müdafiə edən siyasətçilər yetişməyə başladı. Faktiki Rusiya-Azərbaycan münasibətlərinə erməni müdaxiləsi zəiflədildi. Bu sırada erməni diasporasına dağıdıcı zərbələr vuran politoloq Oleq Kuznetsovun adını çəkmək olar. Ona edilən təzyiqlər, hədələr, məhkəmə süründürmələri isə ayrı bir yazının mövzusudur.

Günün reallığı ondan ibarətdir ki, erməni diasporası Rusiya mediasındakı mövqelərini itirməkdədir, çünki artıq bu ölkənin KİV-ində Azərbaycanın çəkisi artmaqdadır. Bu səbəbdən erməni diasporası Ümumrusiya Azərbaycanlıları Konqresini ciddi rəqibi kimi aradan götürmək istəyir. Lakin unutmaq lazım deyil ki, 2 milyondan artıq azərbaycanlının Rusiyadakı ictimai-siyasi fəaliyyətini heçə endirmək, onu neytrallaşdırmaq mümkün deyil. Olsa-olsa bu, erməni diasporasının sonuncu uğursuz həmləsidir.

Erməni millətçiləri bilməlidirlər ki, indi artıq nə ötən əsrin 30-cu illəridir, nə də yenidənqurma dövrü. İndi həmyerlilərimiz Rusiyada böyük nüfuz sahibidirlər, onların sırasında on minlərlə sahibkar, alim və dövlət qulluqçuları var və onların təşkilatını adi bir sənədlə ləğv etmək mümkün olmayacaq.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2017.- 18 may.- S.11.