Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə verilmiş qərarın yanlış olduğunu hər kəs bilir

 

Mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında qeydiyyatının ləğv edilməsi təəccüb doğurur. Bu təşkilat bütün fəaliyyəti boyunca Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edib. Azərbaycan-Rusiya münasibətlərinin, eləcə də regionlararası əməkdaşlığın inkişaf etdirilməsində məqsədyönlü işlər həyata keçirib.

Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspora təşkilatıdır. 2001-ci ildə ümummilli lider Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. Onun Rusiyanın 80-dən çox bölgəsində şöbəsi var.  Ümumrusiya Azərbaycanlıları Konqresi qaydalar əsasında, Rusiya qanunlarına müvafiq fəaliyyət göstərib. Həmin ölkədə müxtəlif millətlər və etnik qruplar yaşayır. Onların da qeyri-hökumət təşkilatları var. Məhz çoxmilyonlu azərbaycanlıları öz ətrafında birləşdirən bir təşkilata qarşı bu cür münasibətin göstərilməsi təəssüf hissi oyatmaqla bərabər, bir sıra mətləblərdən xəbər verir.

Hər zaman dost olan, siyasi, iqtisadi, mədəni sahələrdə qarşılıqlı əməkdaşlığı gündən-günə genişləndirərək inkişaf etdirən Rusiya-Azərbaycan münasibətləri gözü götürməyənləri qorxuya salıb. Ümumrusiya Azərbaycanlıları Konqresi kimi böyük bir təşkilatın ləğv olunmasını arzulayan kimlərdir? Bu sualın cavabı hər kəsə məlumdur - Rusiyadakı antiazərbaycan dairələr və erməni lobbisi. Onlar bu iki ölkə arasında mövcud olan mehriban qonşuluq, bütün sahələri əhatə edən əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətlərindən narahatdırlar. Bunun əksini görmək istəyirlər və bu istiqamətdə həm özləri çalışırlar, həm də Rusiyada olan ermənipərəst qüvvələrə təsir göstərirlər.

Rusiya Ədliyyə Nazirliyinin vəsatətilə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi səhv qərardır. Bir təşkilatın fəaliyyətinə son qoymaq üçün tutarlı səbəblər olmalıdır. Rusiya Federasiyasında səmərəli işlər görən, böyük bir xalqın diaspora təşkilatını sənədləşmədəki xırda səhvlərə, düzəldilməsi çətin olmayan yanlışlıqlara görə ləğv etmək olmaz. Hətta hansısa bir təşkilat öz fəaliyyətində həqiqətən də belə qüsurlara yol vermiş olsa da, bunu yoluna qoymaq mümkündür. Ona görə də haqlı olaraq bütün soydaşlarımız bu qərardan narazıdırlar.

Azərbaycan və rus xalqları arasında çox sıx münasibətlər mövcuddur. Özü də bunun böyük bir tarixi var. Bizim ölkəmizdə bütün xalqlar, millətlər dövlətimizin himayəsi altında rahat yaşayır. Rus millətinin nümayəndələri də onlara yaradılan şəraitdən həmişə razılıqlarını bildirirlər. Burada uzun illərdir ki, orta və ali məktəblərdə rus şöbələri, eləcə də Bakı Slavyan Universiteti kimi böyük təhsil müəssisəsi fəaliyyət göstərir.

Bizim rus ədəbiyyatına, rus mədəniyyətinə çox gözəl münasibətimiz var. Bunları universitetimizin tələbələrinə də sevə-sevə öyrədirik. Çalışırıq ki, iki millət arasında əlaqələr möhkəmlənsin. Bizim mövqeyimiz belədir. Ona görə də Rusiya hökumətinin daxilində özlərinə yer etmiş ermənipərəstlərin bizim əleyhimizə bu cür qeyri-qanuni qərarların çıxarılmasına müvəffəq olmalarından çox narahatıq. Bu, düzgün siyasi addım deyil.

Lakin əminik ki, bu cür yanaşma Rusiya Federasiyasının mövqeyi deyil. İnanırıq ki, tezliklə həmin sağlam qüvvələr öz rəylərini bildirəcək, yaxın günlərdə bu məsələ öz müsbət həllini tapacaq.

 

Aslan MƏMMƏDLİ,

Bakı Slavyan Universitetinin professor

 

Azərbaycan.- 2017.- 18 may.- S.11.