Ordumuzun artan döyüş qüdrəti gözlədiyimiz qələbə gününü yaxınlaşdırır

 

Laçının işğalından 25 il ötür

 

Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə 25 il əvvəl Laçını işğal etmişlər. 18 may 1992-ci ilə təsadüf edən bu hadisəni hər zaman böyük kədərlə, ürək ağrısı ilə xatırlasaq da, qələbəyə, azğın düşməndən layiqli qisas alıb torpaqlarımızı son qarışınadək işğaldan azad edib doğma yerlərə qayıdacağımıza olan inam qətiyyən sarsılmayıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qarabağ məsələsindəki qətiyyətli və prinsipial mövqeyi, bir qarış torpağın da güzəşt edilməyəcəyi barədə səsləndirdiyi  bəyanat vətən oğullarının qələbə inamını daha da artırıb. Ötən ilin aprel döyüşlərində bunun şahidi olduq.

Respublikamızın cənub-qərbində, Kiçik Qafqazda yerləşən Laçın qədim yaşayış məskənlərindən biri olmaqla bərabər, həm də Azərbaycanın dilbər guşəsidir. Bu yerlərin təbiəti füsunkar, övladları mərd və əməksevərdirlər. Laçın inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən 120 kilometr məsafədə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 km2 olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan rayon ərazisində narzan, istisu, turşsu mineral bulaqları, həmçinin qızıl, civə, kükürd, qranit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. faydalı qazıntılar, eləcə də palıd, cökə, ağcaqayın, şam, göyrüş, qaraağac, akasiya, nadir və qiymətli ağac növü hesab edilən qırmızı palıd (qızıl palıd) və başqa ağac növlərindən ibarət meşə örtüyünə malikdir. Rayonun ərazisində cüyür, qaya keçisi, çöl donuzu, qonur ayı, bəbir, canavar, porsuq və s. vəhşi heyvanlar, müxtəlif quşlar yaşayır. Belə zəngin flora və faunanın mühafizəsi üçün 1961-ci ildə ərazidə Dövlət Təbiət Yasaqlığı və 1987-ci ildə Qaragöl Dövlət Təbiət Qoruğu təşkil olunmuşdur. Əsrarəngiz təbiətli Laçın həm də qiymətli tarixi mədəniyyət abidələri ilə zəngindir. Ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmirovlu Pir-Məbəd (IX əsr) Məlik-Əjdər türbəsi (XII əsr), Uşaq qalası (XV), Kar gümbəz (XVII əsr) və bir çox başqa tarixi abidələr hələ qədim dövrlərdən bu ərazilərdə türk tayfalarının məskunlaşdığını təsdiqləyir.

XX əsrin əvvəllərində Laçınlı Xosrov və Sultan bəy qardaşlarının rəhbərliyi altında Laçının igid övladları tərəfindən ermənilərə layiqli cavab verilməsi, rayonun Zabux və Tat dərəsində onlara ağır zərbələr endirilməsi uzun illər erməniləri Azərbaycan torpaqlarına hücum etmək niyyətindən çəkindirmiş, nəinki Laçını, eyni zamanda, bütöv Qarabağı erməni təcavüzündən qorumuşdur.

Laçın rayonu 1988-ci ildən 18 may 1992-ci ilə qədər dörd il ərzində iki istiqamətdən - həmsərhəd olduğu Ermənistan və Dağlıq Qarabağ ərazilərindən edilən şiddətli hücumlara mətanətlə sinə gərib qəhrəmanlıqla döyüşsə də, dövlət səviyyəsində rəhbərliyin yarıtmazlığı  ucbatından məğlubiyyətdən qurtula bilmədi. O zaman zirehli döyüş texnikası və canlı qüvvə, “kömək” deyib haray çəkən Laçından çıxarılıb Bakıya gətirilmiş, hakimiyyət çevrilişinə cəlb edilmişdi. Düşmən üçün alınmaz qalaya çevrilən Laçının süqutunun səbəbləri bu olayla da bağlıdır. İşğala qədər Laçın bir şəhər, bir qəsəbə, 125 kənddən ibarət olmuşdur. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə erməni vandalizminə məruz qalmışdır. Ermənilər 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat müəssisəsini, müxtəlif təyinatlı başqa obyektləri dağıdıb viran qoymuşlar. Ümumiyyətlə, Ermənistanın işğalı nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58,736 nəfər laçınlı doğma diyarından, isti ev-eşiyindən didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonuna səpələnmişdir. Qarabağ müharibəsində Laçının igid övladlarından 267 nəfəri şəhid olmuş, 68 nəfər girov götürülmüş, 120 nəfər əlil olmuş, döyüşlərdə şücaət göstərən 5 nəfər  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

İtki böyük, dərd ağır olsa da, laçınlılar heç zaman ümidsiz olmayıblar. Dövlətin davamlı qayğısı hesabına onların mənzil-məişət şəraitləri getdikcə yaxşılaşır, sosial problemləri uğurla həll olunur. Qədirbilən Laçın camaatı ümummilli lider Heydər Əliyevin ideallarına hər zaman sədaqətli olublar. Bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşən laçınlılar çox nikbindirlər. Onlar inanırlar ki, doğma yurda dönəcəkləri gün, Qələbə yaylım atəşlərinin açılacağı an uzaqda deyil. Ordumuzun artan döyüş qüdrəti həsrətlə gözlədiyimiz o anı hər gün daha da yaxınlaşdırır.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2017.- 18 may.- S.12.