Azərbaycanın 738 tarixi abidəsini və 28 muzeyini Ermənistan məhv edib

 

18 may beynəlxalq Muzeylər Günüdür

 

Xalqımıza məxsus 83 500 ədəddən çox eksponat, 14 xatirə kompleksi və 1891 maddi-mədəniyyət resursu da düşmənin işğalçılıq siyasəti nəticəsində  talan olunub

Hər xalqın mənəvi sərvəti ilk növbədə onun tarixi və mədəniyyətini, daha dəqiq desək, varlığını, mövcudluğunu təsdiqləyir və yaşadır. Ona görə də  min illəri  yola salan belə sərvətlərin qorunması vətənə sədaqətli xidmətin başlıca şərtlərindən biridir.

Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə 18 may tarixinin Beynəlxalq Muzeylər Günü kimi təsis edilməsində də məqsəd məhz bu tarixi məkanların cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərmək olub. Hazırda Beynəlxalq Muzeylər Günü dünyanın 100-dən çox ölkəsində qeyd edilir.

1920-ci ildən Azərbaycan Dövlət Muzeyi fəaliyyət göstərməyə başlayıb. Bu, ilk milli muzey hesab edilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə, daha dəqiq desək, 1980-ci ilin yanvar ayında “Azərbaycanda muzey işinin yaxşılaşdırılması tədbirləri haqqında” imzaladığı qərardan sonra  ölkəmizdə bu sahənin inkişafına geniş yol açılıb.

Prezident İlham Əliyev 18 noyabr 2015-ci ildə UNESCO-nun Baş Konfransının 38-ci sessiyasında Ermənistanın işğal  etdiyi tarixi torpaqlarımızda xalqımızın maddi-mədəni və dini irsinə qarşı törətdiyi vandalizm əməllərini əsaslı faktlarla bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq bildirmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu,  eləcə də Qazaxın yeddi yaşayış məntəqəsi və Naxçıvanın Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83 500-dən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan və vandalizm obyektinə çevrilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın təşəbbüsləri    dəstəyi ilə Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğunun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi də təbii ki, bu sahədə həyata keçirilən layihələrin ümummilli prinsip daşıdığını göstərir.

Tarix yalnız xalqın yaddaşında və dumanlı xatirələrdə deyil, daşlaşmış abidə kitablarda da yaşayır. Bu daş kitabələrin muzey eksponatlarına çevrilənləri daha uzunömürlü olurlar.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 18 may.- S.12.