Güləşçilərimiz İlham Əliyevin etimadını növbəti dəfə doğrultdular

 

 

Yığmamız yunan-Roma yarışlarını 4 qızıl, 1 gümüş  3 bürünc medalla başa vurdu

 

Güləşçilərimiz IV İslam Həmrəyliyi Oyunlarında zəfər estafetini davam etdirdilər. Mötəbər idman yarışında yunan-Roma güləşçilərimiz 8 medal  (4 qızıl, 1 gümüş, 3 bürünc) əldə edərək  tarixi qələbəyə imza atdılar.

Bu, bir daha göstərir ki, Azərbaycanın adını dünyanın aparıcı güləş ölkələri sırasında çəkilməsi təsadüfi deyil. Dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya Oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür. Şübhəsiz, qələbəni labüd edən ən başlıca amil idmançıların onlara göstərilən yüksək qayğı və etimad müqabilində dövlət və xalq qarşısında məsuliyyətini dərk etməsi, yüksək iradə göstərərək sonadək mübarizə aparmasıdır. Prezident İlham Əliyevin güləşçilərimizin çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük etimaddır.

 

1 dəqiqədə 9:0 hesablı çempionluq

 

Sevindirici haldır ki, pəhləvanlarımız da qazandıqları nəticələrlə dövlət başçısının etimadını doğrultmaqda davam edirlər. Dünən yunan-Roma güləşinin son günündə 66 kq, 75 kq, 85 kq və 130 kq çəki dərəcələrində pəhləvanlar xalça üzərinə çıxıblar. Heydər Əliyev adına İdman Sarayındakı güləşçilərimizin final qarşılaşmalarını Prezident İlham Əliyev və ailə üzvləri də izləyiblər.

66 kq çəki dərəcəsində güləşən   Kamran Məmmədov İslamiadaya 1/4 finaldan başlayıb. Təmsilçimiz  iranlı Mehdi Zeydivanda 6:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda özbəkistanlı rəqib Mirzobek Raxmatova 6:0 hesabı ilə qələbə qazanan Kamran finala vəsiqə qazanıb. Həlledici mərhələdə rəqib Qırğızıstan təmsilçisi Janat Kyilbayev olub. Rəqibi bir dəqiqə ərzində 9:0 hesabı ilə məğlub edən Kamran İslamiadanın qızıl medalını qazanıb.

Azərbaycan Prezidenti İlham Əliyev medalları ilk üç yerin sahiblərinə təqdim etdi. Dövlət himnimiz səsləndi, bayrağımız yüksəkdə dalğalandı.

Kamran Məmmədov qeyd etdi ki, İslamiadada iştirak etməkdə məqsədi yalnız qızıl medal əldə etmək olub: “Belə yarışlarda zəif rəqib olmur. Əgər rəqibinə ciddi yanaşmasan, o, gözləmədiyin anda sənə qalib gələ bilər. Məşqçilərim və azarkeşlər də məndən qələbə gözləyirdilər. Bundan sonra növbəti yarışlara hazırlaşacağam. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirində və dünya çempionatında iştirak edərək yüksək nəticə göstərmək əzmindəyəm”.

 

Gərgin, çətin, amma şərəfli...

 

75 kq çəki dərəcəsində yarışan təmsilçimiz Elvin Mürsəliyev də mübarizəyə dörddəbir finaldan qoşulub. İran idmançısı Rəsul Qarmsiri 6:1 hesabı ilə məğlub edən Elvin yarımfinala yüksəlib. Bu mərhələdə rəqib Qırğızıstan güləşçisi Kayratbek Tuqolbayev olub. Gərgin və çətin güləşin yekununda  Elvin 3:2 hesablı qələbə sayəsində adını finala yazdırıb. Qızıl medal uğrunda görüşdə türkiyəli Furkan Bayrakla güləşən pəhləvanımız 1:0 hesabı ilə qalib gələrək “Bakı-2017”nin çempionu olub.

Elvin doğma divarlar arasında çempion olduğuna görə çox sevindiyini deyib: “Finalda qarşılaşdığım Türkiyə idmançısı taktikama bələd idi. Buna görə o, aktiv mübarizədən yayınırdı. Ancaq sonda onu da məğlub etməyi bacardım. Bundan sonra digər yarışlara - ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinə və dünya çempionatına hazırlaşacam. İnşaallah, həmin yarışlarda da yüksək nəticə göstərəcəm”.

 

İslamiadanın qalib İslamı

 

85 kq çəki dərəcəsində yarışan İslam Abbasov da mübarizəyə dörddəbir finaldan qoşulub. İlk güləşində iranlı Mehdi Fallah Hamidabadi ilə qüvvəsini sınayıb və rəqibini 2:1 hesabı ilə üstələyib. Güləşçimiz yarımfinalda Qırğızıstan təmsilçisi Azat Beişebekovla güləşib. Təmsilçimiz bu dəfə də inamlı təsir bağışlayaraq finala vəsiqə qazanıb - 3:1. Həlledici mərhələdə  türkiyəli Ali Cengizlə güləşən İslam 3:1 hesablı qələbə sayəsində İslamiadanın qızıl medalına sahib olub. 

130 kq çəkidə mübarizə aparan Sabah Şəriəti 1/4 finalda pakistanlı  Əkrəm Musab Xanla güləşib. Rəqibini xalça üzərinə çıxmağa peşman  edən (9:0) Sabah yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda  özbəkistanlı Muminjon Abdullayevə 0:8 hesabı ilə uduzan təmsilçimiz bürünc medal uğrunda görüşdə suriyalı Raja Alkradla  güləşib.   9:0 hesabı ilə qələbə qazanan pəhləvanımız bürünc medala sahib olub.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 19 may.- S. 1; 3.